Festival çərçivəsində Avropa İttifaqına üzv olan 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq) və Azərbaycandan komediya, dramatik, sənədli, animasiya kimi müxtəlif janrlarda çəkilmiş 17 film kinosevərlərin ixtiyarına veriləcək.
Festival proqramına salınmış ekran əsərləri arasında dörd nominasiyada «Oskar»a namizəd olan «Filomena» (rejissor Stiven Frirz), «Karlovı Varı» Beynəlxalq Film Festivalında fərqlənən «Dirçəlmə» (rejissor Alitse Nelis), «Kann»dan əliboş qayıtsa da, maraqla qarşılanan «Çaxnaşma dövrü» (rejissor Castin Triet) və «Berlin» festivalının qran-prisini qazanmış «Ana, mən səni sevirəm» (rejissor Yanis Nords) kimi məşhur filmlər də var.
Festivalın təşkilatçısı Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləridir.
Filmlər paytaxtın Neftçilər prospektindəki «Park Bulvar» alış-veriş mərkəzində yerləşən «Park Cinema»da nümayiş olunacaq. Giriş pulsuzdur.
Festivalın sonuncu günü azərbaycanlı tamaşaçılar üçün daha əlamətdardır. Noyabrın 9-da festival çərçivəsində Elçin Musaoğlunun «Nabat» filmi nümayiş olunacaq. Ölkəmizi «Venesiya» və «Tokio» kimi nüfuzlu kinofestivallarda təmsil edən «Nabat» bu il «ən yaxşı xarici film» nominasiyasında «Oskar»a da namizəd göstərilib.