Vaxt.Az

Arif Hacılıya daha bir etiraz


 

«Faktiki olaraq parçalanmaya yönəlmiş hadisədir»

Arif Hacılıya daha bir etiraz «Müsavatda baş verənlər narahat situasiyadır. Hesab edirəm ki, bu, xeyli əvvəllər konturu cızılmış proseslərin məntiqi sonluğudur».

Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının üzvü Adil Qeybulla Hikmət Hacızadə və Əlövsət Talışxanlının partiyadan istefasını şərh edərkən deyib. 

Fikir plüralizminə görə insanların cəzalandırılmasını Müsavata yaraşdırmadığını deyən Adil Qeybulla bunun yanlış addım kimi qiymətləndirib: 

«Bizim dostların da etiraz əlaməti olaraq partiyanı tərk etməsini anlayıram və hesab edirəm ki, bu, vətəndaş mövqeyi kimi dəyərləndirilməlidir. Hər bir istefa, gənclərin, ayrı-ayrı müsavatçıların, uzun müddət partiyada xidmət göstərmiş adamların uzaqlaşması Müsavat Partiyası üçün çox ciddi itki sayılmalıdır. Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindən biri olan Hikmət Hacızadənin və Müsavat Partiyasının yaradıcılarından biri, ilk rəhbəri olan Nəsib Nəsiblinin partiyadan getməsi Müsavat üçün çox ciddi itkidir və ciddi siqnaldır. Bir tərəfin digər tərəfə avtoritar qaydada cəza mexanizmindən istifadə etməsi Müsavat Partiyasında faktiki olaraq parçalanmaya yönəlmiş hadisədir».

A.Qeybulla hesab edir ki, əgər partiyada gələcəkdə parçalanma olarsa, bunun məsuliyyət yükü hazırkı rəhbərliyin boynuna düşür: 

«Konsensus, barışıq tapmaq əvəzinə bunlar vəziyyəti daha da qızışdırmaq, ultimatum dili ilə danışmaq, 20 illik mübarizə yoldaşlarını aşağılamaq yolunu tutublar. Əslində bunu daxili düşüncələrin təzahür forması kimi dəyərləndirmək olar. Vaxtilə bu düşüncələr olub, indi də şərait yetişib və belə ittihamlar səslənir». 

Partiyanın parçalanacağı ilə bağlı proqnozları da şərh edən Adil Qeybulla bunları deyib: 

«Biri var bir şey öz axarı ilə baş verə, buna obyektiv proses deyirlər. Biri də var ki, subyektiv müdaxilə olur. Prosesi sanki itələyib ora yönəldirlər. Mərdi qova-qova namərd etmək məsələsi var. Proses belə davam edirsə, bu, parçalanmaya doğru aparır, bunu görməmək mümkün deyil. Burada da məsuliyyət yükü birbaşa indiki rəhbərliyin üzərinə düşür və bu, tarixi məsuliyyətdir».

Adil Qeybulla onu da vurğulayıb ki, Rəsulzadə partiyasının adından qətiyyən spekulyasiya etmək olmaz:

«Bir şeyi nəzərə almaq lazımdır ki, Müsavat Partiyası Rəsulzadənin davamçısı sayılır. Əgər addan söhbət gedirsə, partiyadakı bu proseslər, partiyadan qopmaların artması Müsavatın nüfuzuna ciddi zərbə vurur. Rəsulzadənin partiyası olmaq kimi mənəvi haqqını itirmiş olur. Bunu heç kim nəzərdən qaçırmasın».

Qeyd edək ki, sentyabrın 27-də Müsavat Partiyasının qurultayında Arif Hacılı başqan seçilsə də qurultay günündən etibarən partiyadaxili narazılıqlar davam edir. Bu müddət ərzində bir çox müsavat fəalları istefa verərək partiyadan uzaqlaşıblar.

Son olaraq isə Müsavatın Divanında başqanlığa keçmiş namizəd Səxavət Əlisoy partiyadan uzaqlaşdırılıb. Əlövsət Talışxanlı və Hikmət Hacızadə isə partiyadan istefa verdiklərini bəyan ediblər.

 





18.11.2014    çap et  çap et