- 23 noyabrda Müsavat Partiyası ümumrespublika müşavirəsi keçirəcək. Bu müşavirənin məqsədi nədir? Hansı məsələlərin müzakirəsi gözlənilir?
- Bu müşavirə sadəcə olaraq, Müsavat Partiyasının gördüyü iş qrafikinə uyğun olaraq təşkil edilmiş bir tədbirdir. Bundan əvvəl bir çox rayon və bölgələrdə zona müşavirələri keçirilib. Amma Bakı şəhər təşkilatları ilə belə bir müşavirə hələ ki, baş tutmayıb. Əvvəlcədən də qərara alınmışdı ki, ümumrespublika müşavirəsi keçirilsin. Burada müsavatçıların təklif və rəyləri dinləniləcək. 2015-ci ilin konkret planında bu təklif, rəy və istəklər nəzərə alınacaq.
- Yaranmış vəziyyətə əsasən həmin müşavirədə istefalara münasibət gündəmə gətirilərək, ümumi müzakirə ediləcəkmi?
- Ümumrespublika müşavirəsi açıq olan bir tədbirdir. Orada Müsavat Partiyası üzvlərinin hər birinin iştirakı arzuolunandır. Həmin tədbirdə Müsavat Partiyası və rayon partiyası üzvlərini narahat edən bütün məsələlər ətrafında danışmaq olar.
- «Müsavat»dan istefa vermiş bir sıra müsavatçı ideoloqların - hansı ki, onlar partiyanın sütunları sayılırdılar – partiyadan istefa verərək, getməsinə münasibətiniz necədir? Nəsib Nəsibli, Hikmət Hacızadə... Onların saxtakarlıq və partiyadaxili söz azadlığının pozulması ittihamlarına münasibətiniz bilmək maraqlıdır...
- Müsavat Partiyasına qəbul və azad olma hər bir şəxsin öz hüququdur. Hər kəs də MP-yə sərbəst şəkildə daxil olub, partiyadan maneəsiz getmək hüququna malikdir. Mən hamının qərarına hörmətlə yanaşıram. Hər kəs öz qərarını verir. Həmin qərara da şərh vermək də onların özlərinin səlahiyyətindədir. Onların «saxtakarlıq və partiyadaxili söz azadlığının pozulması» ittihamları ilə isə razı deyiləm. Bu Müsavat Partiyasının keçirdiyi və bütün dünyaya nümayiş etdirdiyi partiyadaxili seçkilərə kölgə salmaq cəhdidir. Bunu təqdir etmirəm. Amma «Müsavat»da azad söz hər zaman olub. Heç kim dediyi sözə görə Müsavat Partiyasından xaric edilməyib. Cəzalandırılanlar partiyaya atdığı şər və böhtanlara görə partiyadan qovulublar.