Vaxt.Az

«Ermənicə «Arkadaşım eşşək»»


 

(«Başıma gələnlər» layihəsi)

«Ermənicə «Arkadaşım eşşək»» Verdiyimiz xəbərlərə görə, ortalıqdakı atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulur. Ermənilər atır, bizimkilər isə, necə deyərlər, onları cavab atəşi ilə susdurur, itki olmur. Bir dəfə eşitmədik ki, bizimkilər atəşkəsi pozaraq qarşı tərəfi atəşə tuta. Bizimkilər yalnız ermənilərə cavab verir, yəni sual həmişə o tərəfdən olur. Təbliğat, informasiya müharibələrində də beynəlxalq müstəvidə ermənilər həmişə bizi qabaqlayıb. Onlar musiqidən tutmuş kulinariyaya qədər hər sahədə oğurluq edir, yaxşı nəyimiz varsa öz adlarına çıxır, pisimizi də qabardıb dünyada bizi biabır edirlər. Çoxlu pulumuza, villalarımıza, şadlıq saraylarımıza, bahalı mağaza və maşınlarımıza baxmayaraq biz həmişə erməniyə uduzmuşuq. Belə baxanda, pisliyimizə danışa-danışa, bizi dünyada ermənilər xeyli məşhur elədi. Bəlkə də Qarabağ və qondarma erməni genosidi problemlərini dünyaya car çəkməsəydilər, biz dünyada sakitcə neft satan bir xalq kimi görünməz olacaqdıq. Düşmən qonşumuz sadəlövhlüyümüzə gülərək bizi “Qafqazın Türkmənistanı” adlandırır.
Bir neçə il öncə Moskvada rusca çap edilmiş rəngli bir kulinariya kitabçasında Qafqaz xalqlarının mətbəxi təsnif edilmişdi. Kitabda türk sözləri ilə adlanan xörəklərimizin əksəriyyəti erməni mətbəxi kimi verilmişdi. Bu, aydın məsələdir, buna çoxdan öyrəncəliyik. Ancaq Azərbaycan kababı! Dostlar həmin kitabı gətirib mənə göstərməsəydilər deyilənlərə inanmazdım. Hər şey aydın idi, kitabın tərtib olunmasında bir erməni familiyası da gözə çarpırdı. Orada eşşək ətindən kababın hansı üsullarla bişirməyin yolunu çox gözəl izah eləmişdilər. Bu belə...
Keçən il dostum Sakitlə bir həftə Ukraynada olduq. Kiyevdə bir mənzildə qalırdıq. Evdəki televizor çanaq antenaya qoşulmuşdu. Düzdü, orada Azərbaycan kanalı yox idi, ancaq iki dənə erməni kanalı vardı. Hərdən erməni kanalına çevirərək dostuma deyirdim, baxaq görək Ermənistanda nə var, nə yox. Bir gün yenə erməni kanalına çevirdim ki, görüm düşmənlər nə işlə məşğuldu.
Baxdım ki, aparıcı gənc erməni qız xırda bir ansamblı öz verilişinə dəvət eləyib. Nağaradı, balabandı, skripkadı, sintezatordu, bir də lap qabaqda oturub aparıcının suallarına cavab verən qarmonçalandı. Nə isə, onların nədən danışdığını başa düşməsək də gözlədik ki, görək musiqi necə gedəcək. Başladılar, nə başladılar! Qarmon solo gedirdi. Qarmonçalan 40-45 yaşlı yumrusifət, dolu oğlan idi. Üç mahnını daldala çaldı: “Qoçəli”, “Vağzalı”, axırda da “Dağlar qızı reyhan”. Dostum hirsindən otaqda var-gəl eləyirdi: “Ayə, bunlar nağayrır, ə!”
Sonra qız qarmonçalanı yenə söylətdi. O da qarmonunu qucaqlayaraq aparıcı qızla mırt vurdu. İndiki kimi yadımdadı, qarmonçalan qıpqırmızı şalvar geymişdi. Ancaq kopoyoğlunun ifasına söz ola bilməzdi. Yenə musiqiyə keçdilər. Bu adam yalnız bizim havaları çalırdı.  “Heyvagülü”, “Tərəkəmə”, hətta “Yanıq Kərəmi”. Mən belə şeyləri çox görmüşdüm, ona görə gülməkdən keçinirdim. Sakit isə dəli kimi otaqda o tərəf-bu tərəfə “tasovkalayırdı”. Aparıcı yenə söhbətə keçdi. İnsafən, erməni bir mahnıdan o birinə elə maraqlı keçid eləyirdi ki, adam mat qalırdı. Hər şey bizim Rəmiş, yaxud Aftandil səviyyəsində gedirdi. Üçüncü dəfə musiqiyə söz verildi. Bu dəfə mən dözə bilmədim. Erməni artıq Barış Mançonun mahnılarına keçmişdi. “Unutma ki, dünya fani”, “Arkadaşım eşşək”... Kanalı çevirdim.
Sakit taqətsiz halda divana sərilmişdi. Dedim, qağa, hamısı öz günahlarımızdı. Çünki söhbət ermənicə getsə də qarmonçalan Şuşa musiqi məktəbinin adını çəkmişdi. Bu adam Şuşa musiqi məktəbinin məzunu idi və  bizim toy məclislərində bişmiş qarmonçu idi.
Qayıdaq söhbətin əvvəlinə. Qarabağ problemi yaranandan ermənilər neçə-neçə dillərdə kitab, xəritə çap elətdirib və orada Dağlıq Qarabağı Ermənistanın tərkibində göstərib. Hər erməni əlindən gələni eləyir. Qocalarımızı bir yana qoyaq, bizim cavan yazarlarımız da o fikirdədir ki, qayıdıb erməni ilə dost olmaq lazımdır. A balam, erməni səninlə heç vaxt dost olmaq istəmir. Erməni özünü yalnız lazım olanda, o da müvəqqəti dost kimi göstərə bilər. Vaxt tamam olan kimi o yenə düşməndir ki, düşməndir! Gedib Qafqaz müşavirələrində erməninin harasından öpsən də xeyri yoxdu. Erməni sənə qarşı heç vaxt yorulmayacaq. Çıxış yolu yalnız onlara qarşı ayıq olmaqdı.
Gəlin yığışıb bir dəfə də atəşkəsi biz pozaq.
 





19.07.2013    çap et  çap et