- «Dədə Qorqud» baleti haqda bir qədər geniş məlumat verərsinizmi? Bildiyimizə görə, baletin librettosunu mərhum rejissor Vaqif İbrahimoğlu yazırmış. İndi bu işi kimə həvalə etmisiniz?
- Bu balet ömrüm boyu ən çox arzuladığım, ən çox hazırlaşdığım və ən çox yazmaq istədiyim əsər olub. Uzun illər bu proyektə yaxınlaşmağa ehtiyat edirdim, sanki qədim və gözəl bir kuzənin əllərimdə çiliklənəcəyindən qorxurdum. Anlamaq istədiyim bu idi – bir miskin musiqi yazarı xalqının ən böyük sənət abidəsini ən azı korlamamaq qabiliyyətinə sahibdirmi?
Beləcə, şübhələr içində illər ötürdü. Nəhayət, yolumun üstünə Vaqif İbrahimoğlu çıxdı, zurna ilə simfonik orkestr üçün üvertüramı dinləyəndən sonra dedi ki, sən bu işi bacararsan, qorxma. Üstəlik, bir yazı da yazdı ki, «Dədəmiz Qorqudu... Dirsə Xanı... Burla Xatunu... Banuçiçəyi... Dəli Domrulu... dastan qəhrəmanını janr cildindən çıxıban canlı İnsan sayağı gülüb-danışan, sevinib-qəmlənən, coşub-daşan gördüm!..»
Ürəkləndirdi, həvəsləndirdi məni! Və balet haqda daha ciddi düşünməyə başladım. Librettonu özünün yazmasını xahiş etdim, məni qırmadı, bir neçə boyu yazdı. Təəssüf ki, əcəl ona baletin librettosunu bitirməyə imkan vermədi. Mən isə işə başladım.
«Dədə Qorqud» 12 axşam səhnələnən 12 baletdən ibarət nəhəng bir səhnə əsəri olmalıdır. Məlumdur ki, əsərdə 12 dastan var, bunlara boy da deyirlər. Hər dastan mükəmməl bir balet olacaq. Dədə Qorqud obrazı isə bütün dastanları bir növ «tikərək» əsəri bütövləşdirəcək. Əsərdəki bəzi kiçik boylar librettoda kamil əsər səviyyəsinə qədər böyüyəcək. Məsələn, Vaqif İbrahimoğlu «Qanturalı» boyunu dastanın içində daha da aktivləşdirərək tam əsər halına gətirmişdi.
Hazırda 3 baletin – «Dirsə xan», «Qazan xan» və «Qanturalı» boylarının əsas musiqi eskizləri hazırdır. Bütün eskizlər hazır olandan sonra partituraya başlayacam. Bilmirəm, ömrüm yetəcəkmi bu nəhəng işi bitirməyə, amma gücüm tükənənə qədər işləyəcəm. Librettonun davamını kimin yazacağı hələ məlum deyil, axtarıram, çünki librettist mənim bəzi ideyalarıma uyğun yazmalıdır. Vaqiflə anlaşırdıq...
- Kipr cəmiyyətinin elitar musiqiyə münasibəti necədir? Səviyyə sizi qane edirmi? Bəstələriniz necə qarşılanır?
- Elitar musiqi, məncə, nisbi anlayışdır, bu musiqinin meyarı coğrafiyadan, toplumun dünyagörüşündən asılı olaraq dəyişir. Əgər siz çağdaş akademik musiqini nəzərdə tutursunuzsa, Kiprdə bu tip musiqi dinləyicisi, Azərbaycan da daxil bir çox yerlərdə olduğu kimi, çox deyil. Avanqard musiqi burdaki dinləyici üçün qavrayış problemləri yaradır. Amma klassik musiqini böyük həvəslə dinləyirlər. Düzdür, öz ifaçıları o qədər güclü, sayları isə yetərincə deyil, amma müxtəlif festivallara gələn musiqiçilərin konsertlərinə fəal gedirlər. Musiqi anlayışları da kifayət qədər yüksəkdir.
Əsərlərim Kiprdə konsert şəklində təqdim olunmayıb, çünki bu bəstələr burdakı musiqiçilər üçün texniki cəhətdən mürəkkəbdir, kənardan orkestr, ya ifaçılar gətirməksə mənim üçün mümkünsüzdür. Amma internet çağında bir insan haqqında məlumat əldə etmək çox asan və rahat olduğundan, hələ özüm gəlməmişdən yazılarımın, türklər demiş, «ilgili makamları»nı dinləmişdilər. Bunu mənə göstərdikləri özəl qayğıdan anladım. Burda da zaman-zaman yazılarım işıq üzü görür – fakültəmizin məzuniyyət tamaşalarında, Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycanla bağlı bayram konsertlərində. Bundan başqa, Türkiyədə müxtəlif teatr tamaşalarında, konsert səhnələrində mütəmadi olaraq əsərlərim səslənir.
- Nə vaxt yeni mahnı yazacaqsınız? Beyninizdə doğulub-ölən mahnılar olurmu?
- Yaralı yerimə toxundunuz. Doğulmamış ölən, doğulub ölü kimi qalan, içimi dağıda-dağıda doğulmaq istəyən mahnılarım var. Məsələn, Hüseyn Cavidin «Xəyyam» pyesindəki məşhur «Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?» rədifli şeiri neçə ildir içimdə qovrulur. Mahnı hazırdır, onu işıq üzünə çıxarmaq lazımdır, amma kimsəyə gərək olmadığını düşünəndə həvəsdən düşürəm. Çünki Azərbaycanda artıq dərin məzmunlu ciddi mahnılar populyar deyil, hətta yaxşı müğənnilər də ciddi və keyfiyyətli mahnı oxumaq istəmirlər – bazar onları yüngül və bayağı mahnılar oxumağa vadar edir. Niyə? Çünki təbliğatçı və dinləyici bunu istəyir. Pul burdadır. İndi Azərbaycanda mənim bəstələrimin dinləyicisi xeyli azalıb.
Bütün bunlara baxmayaraq, çalışıram mahnı da yazam. Kiprə gələndən sonra bir neçə mahnı yazıb səsləndirmişəm, yaxın dostlar onları dinləyiblər. Əvvəlki kimi fəal mahnı yaradıcılığı isə yalnız Azərbaycanda yaşaya-yaşaya mümkündür.
- Azərbaycanda son vaxtlar yetişən bəstəkarlar haqda nə deyə bilərsiniz?
- Bizim bəstəkarlıq məktəbimiz, şükür olsun, maşın kimidir – davamlı məhsul verir, durmadan yeni bəstəkarlar yetişir. Mən mahnı qoşanları yox, peşəkar bəstəkarları nəzərdə tuturam. Hələlik onların adı geniş dinləyici kütləsinə məlum deyil, ancaq bir müddətdən sonra bir-bir parlamağa başlayacaqlar.
Bu proses son yüz ildə belə olub, indi də davam edir. Həmin bəstəkarların istedadı və ustalığı, təbii ki, eyni səviyyədə deyil, hələlik peşə prioritetlərini təyin etməyiblər, bəziləri öz üslublarını tapmayıblar, ancaq bütün bunlar hələ irəlidədir və düzələn şeylərdir. Əsas odur ki, savadlıdırlar, keyfiyyətli təlim görüblər, bəziləri hətta xaricdə ixtisaslaşma kursu keçiblər. Əminəm ki, əksəriyyəti öz yolunu tapacaq, musiqimizə gözəl əsərlər verəcək. Bəzilərinin adını da çəkə bilərəm: Elmir Mirzəyev, Zaur Fərhadov, Rüfət Xəlilov, Firudin Allahverdi, Türkər Qasımzadə...
- Yeni yazılan mahnılardan xoşunuza gələni, ürəyinizə yatanı olubmu?
- Əslində, uzun tətilləri Azərbaycanda keçirsəm də, efiri dinləmək imkanım çox olmur, ona görə mahnı palitrasıyla tam tanış olduğumu deyə bilmərəm. Hərdən qulağıma xoş musiqilər gəlir – yolda, avtobusda, taksidə... Kimin əsəri olduğunu bilmirəm. Sözsüz ki, yaxşı mahnılar da yazılır, amma dediyim kimi, üzdə olanların çoxu bacarıqsız və naşı adamların qondardığı yarımfabrikatlardır.
Fikir vermisinizsə, heç bir ölkədə Azərbaycandakı qədər köhnə mahnıları yenidən oxumurlar. Bəs niyə bizim qulaqlarımız keçmişi dinşəyir? Cavabı çox bəsitdir: köhnə mahnılar yenilərdən keyfiyyətlidir.
- Əvvəlcə «Sənsizlik» adlı mahnınızla ürəkləri fəth elədiniz. Sonra yazdığınız mahnılarsa elə bil həmin mahnıdan doğur. Sanki eyni ab-havada, eyni notlar üstündə yazılıb...
- Təşəkkür edirəm, çünki bu, mənim mahnı yaradıcılığıma verilən ən böyük qiymətdir, yəni mahnı yaradıcılığında öz üslubumun olduğunu təsdiqləyir. Yaradıcılar həmişə üslub axtarışında olurlar, bəzisi ömrünün sonuna qədər yaşayıb-yaradır, ancaq üslubunu tapa bilmir. Bu, sənətdə ən çətin əldə edilən keyfiyyətdir.
- «Bütün sözlər deyilib, bütün mahnılar yazılıb, yeni yazılanlar əslində keçmişdəkilərin bir az fərqli təkrarıdır». Bu fikirlə razısınızmı?
- Xeyr, razı deyiləm. İnsan var olduqca bədii axtarışlar davam edəcək və mütləq yeni səslər, yeni sözlər, yeni ideyalar tapılacaq.
- Şəkili olduğunuzu ilk dəfə eşidəndə təəccüblənmişdim. Qaraqabaq adam təsiri bağışlayırsınız, elə bil heç vaxt ürəkdən gülmürsünüz...
- Bunu dəfələrlə eşitmişəm, görünür, doğrudan da kənardan baxanda qaraqabaq adama bənzəyirəm. Bu, özünümüdafiə maskası da ola bilər... Düzdür, xasiyyətcə çılğınam, hərdən əsəbi oluram, hərdən kimisə rahatsız eləyə də bilərəm. Bütün bunlar mənim kənardan görünüşümdür...
- «Facebook»da sizə səhifə yaradıb mahnılarınızı paylaşırlar. «Sənsizlik» adlı mahnınızı «Qulaq asın, kef eliün» replikası ilə yerləşdiriblər. Səhifədən xəbəriniz varmı?
- İndi eşitdim. Vaxtilə «Feysbuk»da səhifəm vardı. Çoxlu suallar gəlməyə başladı, hamısını da cavablandırmaq məcburiyyətindəydim. Vaxtımı alırdı deyə qapatdım səhifəni. Dediyiniz saxta səhifəni yazılarımı təbliğ etmək üçün açıblarsa, onlara təşəkkür borcum var. Yox, başqa niyyətləri varsa, o zaman sizin qəzet vasitəsilə bəyan edirəm ki, mənim «Facebook»da səhifəm yoxdur.