«Telekanallar yüksək nəticə göstərən gənclərimizi təbliğ etsin!»
«Abituriyent-11»də ən yaxşı nəticə göstərən abituriyentlər barədə danışan TQDK sədri dedi ki, hər il bu gənclərin səmimi fikirlərini oxumaq, məntiqi təfəkkürləri ilə tanış olmaq onda qürur hissi yaradır: «Jurnalda 600-dən yuxarı nəticə göstərənlərin müsahibələri dərc olunub. Qloballaşan dünyada əksəriyyət imic haqqında düşünür, səmimi hisslər təəssüf ki, çox hallarda imicə qurban verilir. Amma bu gənclərin düşüncələri, çox səmimidir. Belə bir deyim var, hər bir xalqın 5 faiz istedadlı nümayəndələri varsa, 5 faiz 95 faizi öz ardınca apara bilər. Bizdə isə təkcə Bakı şəhərində yüksək nəticə göstərənlərin bu əmsalı 7 faizdir. Elə bölgələr var ki, məsələn, Qaxda bu rəqəm 10 faizdir. Ümumrespublika üzrə isə orta göstərici 6 faiz təşkil edir. Yetər ki, biz bu gənclərimizin istedadından yararlana bilək».
TQDK sədri dedi ki, telekanallarımızda bizi cəhalətə sürükləyən proqramların əvəzinə bu cür gənclərin təbliğinə yer verməsi çox yaxşı olardı: «Bu yüksək nəticələrin bünövrəsində çox ciddi zəhmət, intizam, iradə, ağıl, məntiq, dayanır. Biz bunu dəyərləndirməli, onlara diqqət göstərməli və bu gözəl nümunəni təbliğ etməliyik. Telekanallar belə gənclərə önəm verməlidir, nəinki şou proqramlara».
M.Abbaszadə bildirdi ki, hər il qəbul kampaniyası bitəndən sonra qəbul imtahanının məzmunu ilə əlaqədar 1994-cü ildən başlayaraq Ekspertlər Şurasının üzvləri ilə birgə analizlər, müzakirələr aparılır: «Bu yaxınlarda BMT UNESCO-nun Statistika institutu və Brukinq institutunun Ümumi Təhsil Mərkəzi Təhsil göstəriciləri üzrə «Ümumi təhsilə doğru təhsil göstəriciləri üzrə hədəf qrupunun tövsiyələri» adlı sənəd dərc edib. Bu sənəddə də dünyada təhsilin keyfiyyətinin qaldırılmasında qiymətləndirmə göstəricilərinə önəm verilib. Məhz «Abituriyent 11» jurnalında da təhsildə aparılan qiymətləndirmənin göstəriciləri əks olunub».
Qəbul imtahanında açıq tipli test tapşırıqları artacaq
Sonra TQDK sədri dedi ki, 4 qrup üzrə aparılan qəbul imtahanlarında çəki əmsalları və fənlərə görə heç bir dəyişiklik olmayacaq. Amma 2010-cu ildən başlayaraq hər qrup üzrə aparıcı fənlərdə açıq tipli test tapşırıqları tətbiq olunur ki, 2015-ci ildən başqa fənlərə də bu tip test tapşırıqları əlavə olunacaq: «Açıq tipli test tapşırıqları bizə imkan verir ki, yüksək biliyə malik uşaqları bir-birlərindən fərqləndirək. Gələn il I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq».
Komissiya sədrinin sözlərinə görə, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək: «Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək. Bu yeniliklə bağlı yanvar ayında «Abituriyent» jurnalının 1-ci sayında model testlər dərc olunacaq».
Olimpiya oyunlarına görə buraxılış imtahanları ertələnəcək
Sonra M.Abbaszadə jurnalistlərin suallarını cavablandırdı. Bildirdi ki, 2015-ci ildə Bakıda keçirilən Avropa olimpiya oyunları ilə əlaqədar buraxılış imtahanalarının vaxtı ertələnəcək: «Mayın 30-u son dərs günüdür Biz isə imtahanları bazar günü keçiririk ki, tıxac və başqa maneələr olmasın Amma son zəng gününün səhəri imtahan keçirmək münasib deyil. Ona görə də, respublika üzrə bütün orta məktəblərdə buraxılış imtahanlarının vaxtı müzakirə olunur».
Buraxılış imtahanlarına xarici dil də əlavə olunacaq
TQDK rəsmisi bu il buraxılış imtahanlarında tətbiq ediləcək bir yenilikdən də danışdı. Dedi ki, bu il buraxılış imtahanlarına yeni bir fənn əlavə ediləcək: «Üçüncü fənn xarici dil olacaq. Üçüncü qrupda xarici dil fənni var. Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn üzrə də imtahan verəcək. Nəzərinizə çatdırım ki, söhbət XI sinifdən gedir. IX sinifdən heç bir fənn əlavə olunmayacaq».
Bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanı keçirilməyəcək
TQDK rəsmisi dedi ki, III və IV qruplarda qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanları nəticəsinə uyğun aparılacaq: «III qrupda qabiliyyət tələb edən ixtisaslar var, IV qrupda da bir dənə idman ixtisasıdır. Bu ixtisaslara qəbul buraxılış imtahanları nəticəsinə uyğun aparılacaq. Bəzi ixtisaslar üzrə 20 il ərzində apardığımız araşdırmalar nəticəsində məlum olub ki, abituriyentlər bütün ixtisas fənlərinə yaxşı hazırlaşmırlar. Yaradıcılıq tələb edən aktyoruq, rejissorluq, bəstəkarlıq və sair ixtisasları seçənlərə imkan verilib ki, onlar 3 fənnə daha mükəmməl hazırlaşsınlar. Amma memara 5 fənn üzrə mükəmməl hazırlıq mütləqdir».
Komitə sədri dedi ki, yeni qərar buraxılış imtahanından «2» alan şagirdlərə aid edilməyəcək: «Buraxılış imtahanında «2» alan şagirdlər attestat alsalar da, orta ixtisas təhsili müəssisələrinə qəbul edilməyəcək. Çünki qəbul qaydalarına əsasən, abituriyent hər bir fənndən ən azı 10% nəticə göstərməlidir».
Kolleclərə də qəbul imtahanı aparılmayacaq
M.Abbaszadə onu da əlavə etdi ki, məzunlar qəbul imtahanı vermədən texnikumlara, kolleclərə sənəd verə biləcəklər: «Bu da məzunlara imkan verəcək ki, onlar ali məktəbə qəbul imtahanında da iştirak etsinlər. Bildiyiniz kimi ötən ildən 9 illik bazadan orta ixtisas məktəblərinə qəbulda bu qayda tətbiq edilib. Əvvəlki ilin məzunları isə 11 illik bazadan orta ixtisas təhsili müəssisələrinə ana dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər».
TQDK-nın binası yataqxana olub
M.Abbaszadə dedi ki, vaxtilə yataqxana kimi fəaliyyətdə olan TQDK-nın hazırkı inzibati binası qəza vəziyyətində olduğu üçün yenidən tikilməsinə ehtiyac yaranıb: «Bu bina 60-cı ilin əvvəllərində inşa olunub və bünövrəsində çatlar var. Ona görə binadan müəyyən avadanlığın çıxarılması bizə tövsiyə olundu. Ona görə keçən ildən müəyyən avadanlıqları icarəyə götüdyümüz başqa binada yerləşdirmişik. Oturduğumuz zal 5 mərtəbəli binanın 6-cı mərtəbəsidir. Bu zalda iki yüz nəfər adam seminarlarda iştirak edirdi ki, bu da təhlükə yaradırdı. Hazırda bu seminarlar icarəyə götürdüyümüz binada keçirilir. Biz yeni ofisin də icarəyə götürülməsini nəzərdə tutmuşuq. Ona görə bu bina sökülüb, yenidən tikiləcək».