…2013-cü ildə ABŞ səhiyyə sisteminin inkişafına xidmət edəcək
saytın ətrafında skandal yaşandı. Veb səhifənin qurulması və işləməsi üçün
müsabiqə elan olunan zaman həmin layihəyə 93.7 milyon dollar ayrıldığı
bildirilmişdi. Lakin nədənsə müsabiqə keçirilmədi və Prezident Barak Obamanın
xanımı Mişel Obamanın tələbə yoldaşı Toni Tauns-Uitlinin vitse-prezidenti
olduğu «CGL Group» layihəni uddu
(http://dailycaller.com/2013/10/25/michelle-obamas-princeton-classmate-is-executive-at-company-that-built-obamacare-website/).
Eyni zamanda, nəyə görəsə layihənin büdcəsi, heç bir izahat verilmədən
artırılaraq 700 000 000 dollara çatdırıldı. Niyə? Bu suala hələ də cavab
verilməyib. Sadəcə ötən ilin sonunda Prezident Obama veb-səhifənin yarıtmaz fəaliyyətinə
görə üzr istəyib. Bütün dünyada korrupsiyanın səviyyəsini ölçmək kimi müstəsna
hüquqa yiyələnmiş beynəlxalq qurumlar (əksəriyyətinin mərkəzi ofisləri
ABŞ-dadır) isə nədənsə bu korrupsiya faktına göz yumdular.
Ümumiyyətlə, ABŞ-ın səhiyyə və təhsil sahəsində maliyyə fırıldaqlarının illik həcmi 60 milyard dollar civarında qiymətləndirilir (http://www.washingtonpost.com/wp-dyn/content/article/2008/06/12/AR2008061203915.html).
Sözügedən məsələ zaman-zaman Birləşmiş Ştatlar cəmiyyətin media qurumları tərəfindən müzakirə mövzusu olur. Təkcə «Vaşinqton Post» qəzetində axtarış versəniz, sözügedən məsələ ilə bağlı çoxlu araşdırmalara rast gələrsiniz.
Belə faktlar Amerika cəmiyyəti üçün yenilik deyil. Hərbi və kəşfiyyat sahəsində isə milyard dollarlarla ölçülən yeyintilərin hesabatı verilmir. Faktları gözdən keçirdikdə, belə qənaətə gəlmək olur ki, bu sahədə əsl özbaşınalıq hökm sürür. Hərbçilər üçün qolf meydançasının tikintisindən tutmuş, reallaşdırılmayan, kağız üzərində qalan layihələrə qədər müxtəlif adlar altında milyard dollarlarla vəsait «yeyilir» (http://inosmi.ru/overview/20121217/203453775.html; http://expert.ru/expert/2013/07/optimalnyij-podhod/).
Bütün bunlara baxmayaraq, vətəndaşın nə fikirləşdiyi veclərinə belə deyil. Büdcə saymazyana şişirdilir və talan edilir. Məsələn, keçən il Əfqanıstanda ABŞ hərbi hospitalı üçün bir qallon (təxminən 4 litr) dizel yağı 500 dollara sənədləşdirilmişdi.
Hələ 1999-cu ildə, ABŞ-ın müdafiə naziri Ramsfeld deyirdi ki, Pentaqonun büdcəsinin dörddə birinin hara xərcləndiyi bəlli deyil. Təsəvvür edin, bunu hərbi sahəyə başçılıq edən rəsmi şəxs deyir. Ötən ilin göstəricisi də «pis» deyil: ortada 8,5 milyonun hara və necə getdiyi barədə düz-əməlli sənəd yoxdur (http://www.washingtonsblog.com/2013/11/8-5-trillion-taxpayer-money-doled-congress-pentagon-since-1996-never-accounted.html).
Belə nəticəyə gəlmək olur ki, «yuxarılar»ın korrupsiyaya bulaşması «aşağılar» üçün adi haldır. ABŞ vətəndaşı da korrupsiyanın ildən-ilə çiçəklənməsinin fərqindədir. Nüfuzlu Gallup İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, amerikalıların 80 faizindən çoxu belə hesab edir ki, ölkələrində korrupsiyanın səviyyəsi yüksələn xətlə artır. ABŞ Departamenti isə başqa ölkələrdə korrupsiyanın səviyyəsi ilə bağlı hesabat aparır.