Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya da iştirak ediblər.
«Xəzər Dəniz gəmiçiliyi» QSC-nin sədri Rauf Vəliyev dövlət başçısını məlumatlandırıb ki, «Müslüm Maqomayev» sürətli sərnişin katamaranının uzunluğu 70 metr, eni 16 metr, hündürlüyü 6 metrdir.
Gəmi dənizdə işləyən neftçilərin sərəncamına veriləcək və Xəzərin neft-qaz platformalarına 150-ə qədər neftçi aparacaq. Hava şəraitindən asılı olaraq (küləyin sürəti 17m/s, dalğanın hündürlüyü dörd metrə qədər) gəmi 38 dəniz mili sürəti ilə hərəkət edəcək. Müqayisə üçün qeyd edək ki, neftçiləri «Neft daşları»na aparan hazırkı gəmilər sürətini 18 dəniz milinə qədər artırır. Bu da o deməkdir ki, növbənin dəyişilməsi vaxtı xeyli azalır.
«Müslüm Maqomayev» gəmisinin tikintisi Avstraliyanın «Incat-Tasmania» gəmiqayırma zavodunda 1 il ərzində həyata keçirilib.
2014-cü ilin sentyabrın 15-də Incat Tasmania tərsanəsində tikinti nömrəsi 074 olan, Fast Crew Boat tipli heyətin çatdırılması üçün olan katamaranın xaç suyuna salınması mərasimi keçirilib. Mərasimdə sifarişçi olan Caspian Marine Services şirkətinin nümayəndələri, Azərbaycan vətəndaşı olan 12 heyət üzvü, tərsanə nümayəndələri iştirak edib.
Xaç anası INCAT Robert Klifford şirkətinin sədrinin (Robert Clifford) 10 yaşlı nəvəsi Hillary Klifford olub, o lenti kəsib və şampan şüşəsini sındırıb.
2014-cü ilin oktyabrın 4-də «Müslüm Maqomayev» bütün dəniz testlərini keçəndən sonra Bakıya yol alıb.
Gəminin Xəzərdə istismarı ilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» ilə uzunmüddətli alyans əsasında özəl Caspian Marine Services özəl şirkət məşğul olacaq.
Caspian Marine Services Ltd. Bakıda qeydiyyata alınıb və Xəzər dənizi regionunda işinə 2011-ci ilin yanvar ayından başlayıb. Şirkət Xəzər regionunda gəmilərin təmiri və texniki baxışı ilə məşğuldur.