Vaxt.Az

BP və ARDNŞ yeni neft sazişi imzaladı


 

Qordon Birrell bu hadisəni yeni dövrün başlanğıcı sayır

BP və ARDNŞ yeni neft sazişi imzaladı BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü sazişi (HPBS) imzalayıb.

BP-dən APA-ya verilən məlumata görə, sazişi Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib: «BP ilə tərəfdaşlığımızı daha da dərinləşdirəcək bu yeni sazişin imzalanması iştirakçı tərəflər – Azərbaycan Hökuməti, SOCAR və BP üçün əlamətdar hadisədir. Bununla əməkdaşlığımızın yeni mərhələsi başlanır. Bu mərhələ bizə imkan verəcək ki, yeni imkanlar aramaqla Azərbaycanda neft və qaz hasilatına uzunmüddətli gələcək təmin etmək üçün birgə işləyək. Bu yeni imkan Azərbaycanda neft hasilatının bundan sonra da on illərlə davam etməsinə töhfə verəcək».

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: «BP şirkəti SOCAR ilə birlikdə Xəzərdə geoloji kəşfiyyat işlərinin bu yeni mərhələsinə qədəm qoymaqdan qürur duyur. Bu, tərəfdaşlığımızda yeni bir dövrün başlanğıcıdır. Bu yeni tərəfdaşlıq BP-nin dünyanın digər yerlərində dayazsulu ərazilərdə məsuliyyətli şəkildə geoloji kəşfiyyat işlərinin aparılması və həmin ərazilərin işlənməsi üzrə geniş təcrübəsinə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyaların istifadəsi sahəsində səriştəsinə əsaslanır. Bizim təcrübə və texnologiyalarımızın tətbiqinə daha bir imkan yaratdığına görə Azərbaycan Hökumətinə və SOCAR-a təşəkkürümüzü bildiririk».

Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.

 





22.12.2014    çap et  çap et