...Gördüm yorğundu, danışdıqca həyəcanlanır, söhbətlə yormaq istəmədim:
– Gəl belə eləyək, sən suallarını ver, cavabını evdə yazıb gətirərəm.
– Üz-gözümdə tərəddüd ifadəsini oxuyub söz verdi:
– Narahat olma, uzaqbaşı bir həftəyə çatdıraram.
Razılaşmaqdan başqa bir əlacım qalmadı.
Dediyinə əməl elədi: dörd-beş gündən sonra cavabları Dilarə xanımdan aldım.
Müsahibəmiz beləcə baş tutdu.
1991-ci ilin baharının əvvəli idi...
– Dilarə xanım, Azərbaycan-gürcü ədəbi əlaqələri sahəsinə gəlişiniz necə olub? Bu gəlişdə dil faktoru, yəni gürcü dilini bilməyiniz rol oynayıbmı?
– Bəlkə də. Mən axı Tiflisdə, Şeytanbazar tərəfdə anadan olmuşam. Ağlım kəsəndən görməmişəm ki, ortada millət söhbəti olsun. Qonşularımız arasında gürcülərlə yanaşı, yəhudi də vardı, erməni də, rus da, kürd də. Bir-birimizin dilini başa düşürdük, az-çox danışırdıq. Sonralar ailəmiz Bakıya köçəndə gördüm, gürcü dilini unutmamışam. Orta məktəbi bitirib universitetin şərqşünaslıq fakültəsinə daxil oldum, sonra Akademiyanın aspiranturasına girdim. Gördülər gürcü dilini bilirəm, təklif elədilər ki, Azərbaycan-gürcü ədəbi əlaqələri sahəsində çalışım. Onda bu sahə təzə-təzə formalaşırdı. Bir il sonra Gürcüstan EA-nın Ş.Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutuna uzunmüddətli ezamiyyətə göndərildim. Azərbaycan-gürcü xalqlarının dostluğunun XIX əsr ədəbi əlaqələrində əksi ilə bağlı tədqiqat işi aparmağa başladım, bu sahədə addım atanlardan biri, daha doğrusu, birincisi oldum. Beləliklə, bəlkə də sənət taleyimdə dil faktoru başlıca rol oynayıb, ağlıma gətirə bilmirəm ki, başqa cür ola bilərdi...
– Ədəbi əlaqələr sizin üçün hansı mahiyyət daşıyır? Bu təkcə sənət, yaradıcılıq əlaqələridi, yoxsa bu münasibətlərə siyasət də nüfuz edir? Leninin təbirincə desək, ədəbi əlaqələr xalqlar dostluğunun təkərciyi və vintciyidimi?
– Əlbəttə, yox. Amma nəyə işarə etdiyin aydındı. Əsası Leninlə qoyulmuş 70 illik totalitar rejim dövründə ədəbi əlaqələrin taleyi də ümumilikdə ədəbiyyatın taleyinə oxşayıb, yəni kommunist ideologiyası xalqlar dostluğu kimi ədəbi əlaqələri də istiqamətləndirib, nəyi, necə tədqiq etmək haqqında göstərişlər verib. Məsələn, böyük gürcü yazıçısı İlya Çavçavadzenin «Daşların fəryadı» adlı gözəl bir əsəri var. O, həmin əsərdə başabəla erməni millətçilərinin gürcü tarixi və mədəni abidələrinin başına nələr gətirdiyindən söhbət açır. Əsəri jurnalist-tərcüməçi Süleyman Süleymanov dilimizə çevirmişdi. Qarabağ hadisələrinə xeyli qalmış mənə verdi ki, hazırladığım kitaba daxil edim. Nə qədər əlləşdimsə, o əsəri 1987-ci ildə nəşr olunan «Dilənçinin hekayəti» kitabına sala bilmədim. Bəhanə gətirdilər ki, ermənilərlə dostluğumuza xələl gətirər. Axırı nə oldu? Yaxşı ki, gec də olsa, Abbas Abdulla həmin əsəri «Ulduz» jurnalında çap elədi. Həmşə olduğu kimi yenə gecikdik. Bax beləcə, həmin ideologiya sənəti siyasi məqsədlərə xidmətə yönəldir. Ədəbi əlaqələr sadəcə olaraq, ayrı-ayrı şəxslərin arzusu, istəyi, sənin dediyin kimi, «xalqlar dostluğunun təkərciyi və vintciyi» deyil, tarixi inkişafın qanunauyğunluğudu. Qədim mədəniyyətə malik Azərbaycan xalqı da əsrlər boyu başqa xalqlarla təmasda, ünsiyyətdə olub, müxtəlif millətlərin, xüsusilə, yaxın qonşularının mədəniyyəti ilə qarşılıqlı əlaqədə inkişaf edib. Oktyabr çevrilişinə qədər bu əlaqələr əsasən siyasətdən kənarda baş verib.
– Dilarə xanım, 30 ildən çoxdu ki, Azərbaycan-gürcü əlaqələrinin tarixini araşdırırsınız. Sizcə, bu iki xalqı bir-birinə hansı tellər bağlayır? Təkcə coğrafi yaxınlıq, qonşuluq, yoxsa?..
– Namizədlik dissertasiyam üzərində işləyəndə bu sualı özümə çox vermişəm. Bu səbəbdən də, araşdırmalarımın kökü gedib qədim dövrə, xalq yaradıcılığına çıxdı. Əldə etdiyim materiallarda, xüsusilə, hər iki xalqın XI-XII əsr ədəbiyyatında xeyli uyar cəhətlər, səsləşən mövzular, ideya yaxınlığı olduğunu görmüşəm. Sonrakı tədqiqatımın – «Nizami və gürcü ədəbiyyatı» mövzusunda doktorluq dissertasiyamın təməli də elə həmin illərdə qoyuldu. N.Çanaşia adına Tarix Muzeyinin fondundan tapdığım Tiflis xalq müğənnilərinin repertuar dəftərləri bu qənaətimi daha da möhkəmləndirdi. Buradakı gürcü əlifbası ilə Azərbaycan dilində şeirlər, dastanlarımızdan götürdükləri qoşmalar göstərir ki, dilimiz Zaqafqaziya xalqları arasında ünsiyyət vasitəsi olub. Doktorluq dissertasiyamda söz sənətinin iki nəhəngi – Nizami və Rustaveli yaradıcılığının ortaq köklərini araşdırmışam. Bəlkə də bütün bunlar məhz elə coğrafi yaxınlığın, daimi ünsiyyətin nəticəsidi. Hər halda, Azərbaycan və gürcü xalqlarını bir-birinə bağlayan mənəvi tellər çoxdur və bu əlaqələrin köklü tədqiqata ehtiyacı var.
– Bayaq ədəbi əlaqələrin xalqlar dostluğundakı yeri haqqında fikrimiz təxminən üst-üstə düşdü. Ancaq mənim qənaətimcə, ədəbi əlaqələrdə şəxsi münasibətlərin rolunu da danmaq olmaz. Bu mənada, gürcü elmi və ədəbi ictimaiyyəti ilə əlaqələriniz haqda nə deyə bilərsiniz?
– Şəxsi münasibətlər ədəbi əlaqələrin inkişafına da xidmət edirsə, bunu ancaq alqışlamaq lazımdı. Mən gürcü dilini və ədəbiyyatını K.Kakelidze, A.Baramidze, A.Asatiani kimi adlı-sanlı akademiklərdən öyrənmişəm. Sonra sənət dostlarım meydana çıxıb. Onlardan hamıdan öncə Leyla xanım Eradzenin adını çəkə bilərəm. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Gürcüstanda yayılmasında onun zəhməti əvəzsizdi. Son vaxtlar Zezva Medulaşvili də bir sıra dəyərli işlər görüb. Xüsusən, «Kitabi-Dədə Qorqud»un gürcü dilində nəşri nəinki Azərbaycan-gürcü ədəbi əlaqələr tarixində, hətta gürcü-türk xalqları mədəni ilişkiləri miqyasında mühüm hadisədi. Onlarla yanaşı, İmir Məmmədovun tərcüməsində Abbas Abdullanın İlya Çavçavadze haqqında poeması inanıram ki, gürcü oxucularının da qəlbinə yol tapacaq. Bizimlə müqayisədə gürcü dostlarımız çox iş görüblər. «Koroğlu» eposunun çevirməsi başa çatıb, Nizaminin, Füzulinin, İsa İsmayılzadənin, Məmməd Arazın, Nəbi Xəzrinin, İsmayıl Şıxlının, Anarın, İsi Məlikzadənin əsərləri gürcü oxucusuna çatdırılıb. Deməli, təkcə şəxsi münasibət yox, sənət ölçüləri də ədəbi əlaqələrə təkan verir.
– Dilarə xanım, həmişə söhbətlərimizdə etiraf etmisiniz ki, gürcü ədəbiyyatı dilimizə sistemsiz, pis çevrilir, özü də bu «tərcümələrin» əksəriyyəti orijinaldan deyil, imperiya siyasəti sayəsində, demək olar ki, hamının yaxşı-pis bildiyi rus dilindən edilir. Sizcə bu, çoxmu davam edəcək?
– Yəqin ki, hələ uzun müddət bu «xaltura»lardan yaxamızı qurtara bilməyəcəyik. Amma ümid də az deyil. Artıq Azərbaycan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzi fəaliyyət göstərir. Mərkəzin sədri Aydın Məmmədovla çoxdan tanışıq, onun savadına, zövqünə, tərcümə sənətinə münasibətinə bələdəm. İnanıram ki, tədricən hər şey qaydaya düşəcək, gürcü ədəbiyyatı Azərbaycan oxucusuna ancaq orijinaldan yüksək səviyyədə çevirmədə çatdırılacaq. Ancaq ayrı-ayrı nəşriyyatların «özfəaliyyətinin» qabağını almaq müşkül işdi. Dərd burasındadı ki, həmin dediyin «tərcümələrin» əksəriyyəti təsadüfi əsərlərdi, əsl gürcü nəsrilə heç bir əlaqəsi yoxdu. İstərdim ki, Vaja Pşavelanın, Aleksandr Kazbeqinin, İlya Çavzavadzenin, Konstantine Qamsaxurdiyanın... yüksək səviyyədə əsərləri Azərbaycan oxucusuna çatdırılsın. Mixail Çavaxşvilinin «Marabdalı Arsen», Qamsaxurdiyanın «Qurucu David», «Böyük ustadın sağ əli», Qriqol Abaşidzenin trilogiyası indiyədək oxucularımıza tanış deyil. Halbuki həmin əsərlər hər iki xalqın tarixinin təmas nöqtələrini işıqlandırır. Eləcə də Otar Çiladzenin «Ugruma çıxan adam» romanı... Həmişə bir sahə zəif olanda kadrın azlığından şikayətlənirik. Halbuki kadrlar var, bircə qalır əlaqələndirmə və peşəkar rəhbərlik...
Ayaqüstü söhbətimizdən
Son sualın cavabını yazmamışdı. Sorğulu-sorğulu üzünə baxanda gülümsünüb başını buladı:
– Yamanca fəndgirsən ha, sən yenə məsələni hərlədib-fırladıb mənim üstümdə qoyursan.
– Ona görə ki, mən Dilarə xanım Əliyevanı Azərbaycan-gürcü ədəbi əlaqələri sahəsində ən böyük nüfuz sahibi kimi qəbul eləyirəm.
– (Gülümsəyir) Çox sağ ol. Sözün düzü, bütün bu siyasi çəkişmələrdən, qarşıdurmalardan, kürsülərdən canımı qurtarmaq istəyirəm, oturub yarımçıq işlərimlə məşğul olmağı arzulayıram. Ancaq mümkün olmur. Qadınların sözünü, dərdini, tələbini demək lazımdı. Borçalıda yaman narahatlıqdı, dərəbəylik havası bir para adamların beyninə vurub, camaatı yerindən-yurdundan eləyirlər. Mən getməsəm, kim gedəcək. Yenə Aydını (Məmmədov), Abbası (Abdulla), Sabiri (Rüstəmxanlı) gərək tapam, gedək, Borçalıya baş çəkək. Şəxsi münasibətlər indi mənə yaman kömək eləyir. Dost-tanış vasitəsilə hakimiyyət orqanlarına yol tapıram, siyasi partiyaların nümayəndələrilə görüşürəm. İndi məsuliyyətim daha böyükdü. Əvvəllər bir ədəbi əlaqələr idisə, indi millət vəkili kimi iki xalqın taleyilə bağlı məsələləri yoluna qoymağa çalışıram. Bir sirr də açım sənə. Qonağın ev sahibinin dilində danışması gürcülərin ürəyinə yaman yol tapır, - sonra yorğun-yorğun köksünü ötürür. - Görək, bu səfərimizdə çox şey aydınlaşacaq...
P.S. Söhbətimizin mətnini hazırlayıb xahişinə əməl elədim, iki-üç gündən sonra çətinliklə də olsa, Dilarə xanımı tapdım. Yenə başı qarışığıydı, tələsirdi. Əlyazmanı götürdü ki, vaxt tapıb baxaram, düzəlişlərini eləyərəm...
...Sonra vaxt tapa bilmədi...
...Mitinqlər, səfərlər, görüşlər...
...Sorağı Tbilisidən, Borçalıdan gəlirdi...
...Sonra da sirli, faciəli Qax səfəri...
…Dilarə xanımın öz dəsti-xəttilə yazdığı vərəqləri uzun müddət gizlətməyə çalışdım. Ancaq bu onun yoxluğunu, özündən sonra qoyub getdiyi boşluğu mənə unutdura bilmədi.
Sonra qət elədim ki, bir az əl gəzdirib işığa çıxarmaq lazımdı...
1993-2014