Vaxt.Az

Müslümovdan müjdə


 

5700-dən çox əlil və şəhid ailəsi mənzil və ya fərdi evlə təmin ediləcək

Müslümovdan müjdə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov «Yap.org.az» saytına müsahibə verib.

O deyib ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil verib: «Dövlət başçısının 2014-cü il 20 iyun sərəncamına əsasən, bu sahədə yaxın bir neçə ildə ciddi irəliləyişlərə nail olunacaq. Sərəncamla 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək. Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, İmişli, Beyləqan rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, Bakı şəhərinin Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binaları inşa olunur. Eyni zamanda əlil və şəhid ailələri üçün artıq bölgələrdə fərdi evlər tikilir, ilkin mərhələdə ümumilikdə 52 rayonda 353 ədəd fərdi ev inşa edilərək əlil və şəhid ailələrinə təqdim olunacaq.

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində isə hazır mənzillərin bu kateqoriyadan olan şəxslərə alınıb verilməsi nəzərdə tutulur. Hər bir Azərbaycan ailəsində orta hesabla 5 nəfər ailə üzvünün olduğunu nəzərə alsaq, cənab prezidentin qeyd olunan sərəncamı 5731 nəfər əlil və şəhid ailəsi üzrə 30 min nəfərə qədər insanın həyatına rahatlıq gətirəcək».

Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərə sərəncam verilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2014-cü il dövlət büdcəsindən, prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat vəsait ayrılır. Vəsait əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün nəzərdə tutulur.

 





23.12.2014    çap et  çap et