Vaxt.Az
«Pozğun kimi baxdığımız qadınlar»
Keçən səfər Facebookda belə bir status yazmışdım: “Azərbaycan qadınının ərə getməkdən başqa çıxış yolu yoxdu!”İstifadəçilər statusa müxtəlif rəylər yazmışdılar. Biri yazmışdı, əsl Azərbaycan qadını belə olmalıdı, abır-həya ilə özünə həyat yolu seçməli, ərə getməli, dünyaya çoxlu uşaq gətirməlidi. Biri yazmışdı, yazıq azərbaycanlı xanım neyləsin, onları kişilər rahat buraxmır, ona görə mütləq birinə sığınmalıdı. Başqa biri yazmışdı, sən ey, status sahibi, yığışdır bu söhbəti, camaatı pozğunluğa səsləmə! Bir xanım da yazmışdı ki, doğrudan bizim ərə getməkdən başqa çıxış yolumuz yoxdu.
Həqiqətən, bir azərbaycanlı xanım ərə getmək istəməsə, məsələn, kiminləsə vətəndaş nikahında yaşasa, getdikcə aqressivləşən cəmiyyətimiz ona necə baxar? Düzdü, müəyyən səbəblər üzündən ailə qura bilməyən, evdə qarıyan xanımlarımız da az deyil. Ancaq bizim cəmiyyət evdə qalıb qarıyan qadınlara heç vaxt pis baxmır, hətta onlara xüsusi hörmət də bəsləyir. Həm də kişilər evdə qarımış xanımlara çox az hallarda hücum eləyirlər. Ancaq ərdən boşanıb tənha yaşayan qadının vay halına! Telefonu susmayacaq, gecə taqqıltılarından qapısı dincəlməyəcək, küçədə sataşanları gündən-günə artıb çoxalacaq.
Tənha qadının işə düzəlmək məsələsi lap məşəqqətli olur. Hansı idarəyə üz tutacaqsa, müdir onu eninə-uzununa süzüb, özünə məşuqə eləmək arzusunda bulunacaq. Nə başını ağrıdım, o yazıq qadın vəhşiləşmiş cəmiyyətin qorxusundan tezcə qaçıb istəmədiyi bir kişinin qucağına sığınmayana qədər ona hər yeri cəhənnəmə döndərəcəklər. Ondan tədricən əl çəkənə qədər sığındığı kişiyə də sataşacaqlar. “Ayə, sən danışma, dul alandan kişi çıxmaz!” “Onun-bunun artığını alıb özünü kişi sayırsan?” “Sən nə kişisən, əə?!”
Ərə gedən o qadına da göz verib, işıq verməyəcəklər. Hər yanda pıç-pıçı başlayacaq. Yazıq qadın cəmiyyət içinə çıxa bilməyəcək. Çıxa bildiyi yerlərdə də dili gödək olacaq. Məcburən bir neçə uşaq doğaraq ətrafa başa salmağa çalışacaq ki, ərimlə münasibətimiz ciddidi, yəni, artıq ortada uşaq var. Ondan sonra qaxılıb evdə uşaq saxlamaq, ərinin kirli corablarını yumaqla məşğul olacaq. Neyləsin? Qulağı dinc yaşamağın yeganə yolu budu. Yoxsa cəmiyyət onu əsəbiləşdirib ruhi xəstəxanaya göndərməmiş, yaxud sataşa-sataşa ərinin əlini qana bulaşdırmamış əl çəkməyəcək.
Ona görə bizim qadınlar ömrü sevgi ilə yaşamaq üçün yox, cəmiyyətin basqısından qaçmaq üçün ərə gedirlər. Kişilərin xoşuna gələn qadını sevməyə külli-ixtiyarı var, lakin bir qadının kimisə sevməyi çox pis qarşılanır. Qadının belə şeylərə ixtiyarı yoxdu. Öz ürəyini kişidən qabaq açan xanıma pozğun, üzü üzlər görmüş yüngül əxlaqlı kimi baxırlar. Sevən qəlbə sahib olan belə qadınları, adətən, ürək açdığı kişilər aldadıb, “mən də səni sevirəm!” deyə, acımadan yoldan çıxarmağa həvəslənirlər. Ona görə qadınlar özlərini hissiyyatsızın birinə yem etməmək üçün sevdikləri adamın adını belə dillərinə gətirməkdən qorxurlar. Öz içinə çəkilib sevgi əzablarını gizlicə yaşayan bu qadınların gözü qarşısında sevdiyi oğlanlar başqasıyla evlənir. Sevdiyinin başqasıyla yaşadığını görən xanım həyatdan küsüb özünə qapanır. Sonradan valideynlər fərqinə varmırlar ki, onları kimə ərə verəcəklər.
Şərif Ağayar danışır ki, Milli Elmlər Akademiyasının binası tərəfdə bir oğlanın yanındakı qızla aqressiv davrandığını gördüm. O, qızı divara dirəyib kobud sözlərlə təhqir eləyirdi. Mən yaxınlaşana qədər göz yaşı tökən qıza bir şillə də vurdu. Hirslənib dedim, cavan oğlan, bu nə nadanlıqdı, utanmırsanmı? Bu zaman yanındakı qız özünü irəli verib mənə belə dedi: “Kişi, çıx get, öz yolunla, bu, bizim öz işimizdi!”
Bəli, indidən divar küncündə döyülsə də həmin xanım o oğlana ərə getmək istəyir.
07.07.2013 çap et