Öncə qardaş ölkənin təhsildə göstərdiyi uğurlardan bəhs edək. Bu gün Türkiyədə 196 universitet fəaliyyət göstərir. Universiteti olmayan şəhər yoxdur. Bu universitetlərdən 123-ü dövlət, 73-ü özəldir. Qeyd edək ki, təhsil müəssisələrinin sayı və təhsildə keyfiyyət son illərdə sürətlə inkişaf edir. On il öncə Türkiyədə sadəcə 70 universitet var idi, bu gün isə tələblərə müvafiq olaraq yeni-yeni təhsil müəssisələri açılmağa davam edir. Bir zamanlar təhsil almaq fürsətindən yararlana bilməyən orta yaşlı nəsli də düşünərək qiyabi təhsil sistemi inkişaf etdirilir. Təxminən iki milyon türk qiyabi təhsil almaqdadır.
Universitetlər təkcə sayları ilə deyil, eyni zamanda keyfiyyət ölçüləri ilə də seçilirlər. 2013-2014-cü illərdə dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısını yenə də Böyük Britaniya mərkəzli Times Higher Education (THE) təqdim etmişdir. THE siyahılarında ən yaxşı 400 universitet içərisində beş Türkiyə universiteti də vardı. Bunlar Boğaziçi, İstanbul Texnik, Orta Doğu Texnik, Bilkend və Koç universitetləri idi. Adları çəkilən universitetlərdən sadəcə ikisi dövlət müəssisəsi deyil.
Təhsil müəssisələri içərisində bəzi bölümlər isə daha da önə çıxaraq inkişaf tempi ilə seçilir. Bu gün Türkiyə universitetləri dünyaya savadlı memar, inşaat mühəndisləri, həkimlər, texnoloqlar, kənd təsərrüfatı sahəsinin mütəxəssislərini və digər profilli ixtisaslı kadrlar yetişdirirlər. Yüz iyirmidən çox ölkə öz tələbələrinə elm öyrətmək üçün Türkiyəyə göndərməyə davam edir.
Bütün bu məlumatlar aydın və işıqlı bir mənzərə canlandırır, amma təəssüf ki, bu mənzərə tablosunun bir də arxa üzü var.
Oxuyub-yaza bilirsinizmi?
Belə bir sualla heç qarşılaşmısınız? Böyük ehtimalla bu günə qədər kimsə sizin hərfləri tanımayacağınıza ehtimal belə etməyib. Amma qonşu Türkiyədə yaşı on səkkizdən yuxarı olan əhalinin hər on nəfərindən biri öz adını yaza bilmir. Şagirdlərlə birlikdə hesablayanda bu rəqəm bir qədər azalır, üç milyondan az insan sayı edir. Dövlətin yayımladığı statistik rəqəmlərə görə, bu gün Türkiyədə 2 milyon 643 min 712 nəfər oxuyub yaza bilməyən insan var. Qeyri hökumət təşkilatları bu rəqəmin dörd milyon beş yüz mindən daha çox olduğunu iddia edirlər. Bunun da dörd milyondan çoxu qadınlardır. Olduqca dəhşətli vəziyyətdir. İnsanlar öz qızlarını məktəblərə verməkdən imtina edirlər. Artıq oğlan qız qarışıq təhsil sistemini inanclarına zidd hesab etdikləri üçün bisavad bir nəsil formalaşıb. Onlara nə qədər böyük bir zərbə vurduqlarını anlamayan kəsim bəzən hətta «bizim ailədə oxuyub yaza bilən qadın yoxdur» deyərək fəxr də edə bilirlər. Zərbə isə cahil qalmış qadına olur. Təsəvvür edin ki, bu insanlar yanlarında bir yardımçı olmadan xəstəxanaya, banka, hər hansı dövlət idarəsinə gedə bilmirlər. Apteklərdən aldıqları dərmanın üstündəki qeydləri (gündə neçə dəfə və necə qəbul etmək) oxuya bilmirlər.
Keçən ilə qədər Türkiyədə beş və əlli lirəlik əskisnazların ikisi də turuncu rəngli idi. Üstündəki rəqəmi və hərfləri oxuya bilməyən insanlar çox tez-tez əskisnazları qarışdırırdılar. Sonunda dövlət çarə olaraq əskisnazlardan birinin rəngini dəyişdirdi. Artıq beş lirəlik pullar bənövşəyi çalarlarla dövriyyədədir.
Daha bir acınacaqlı fakt, İstanbulda kiçik məsafələr üçün nəzərdə tutulmuş mikroavtobusların üzərində nömrə olmur, pəncərələrə gedilən səmtlər yazılır. Bu yazıları oxuya bilməyənlər sürücünü narahat etməsinlər deyə başlıq sistemi isləyir. Mikroavtobusların üzərində rəngli başlıqlar var, hər səmt üçün fərqli rəng nəzərdə tutulub və əhali bu başlıq rənglərinə görə gedəcəkləri səmtə yollanırlar.
Təhsil səviyyəsi də olduqca bərbaddır. Bu gün Türkiyədə təhsilli hesab olunan əhalinin on beş milyonu sadəcə ibtidai sinif məzunudur. On iki milyon nəfər isə səkkiz illik məzunudur. ibtidai təhsildən sonra məktəblərdən alınan uşaqların 90 faizi qız uşaqlarıdır. Valideynləri həddi buluğa çatmış qızları məktəbdən uzaqlaşdırır.
Məktəbi bitirə bilmiş insanların sayı 22 faizdir, təxminən on üç milyon nəfər. 18 yaşdan yuxarı əhalinin sadəcə on iki faizi universitet məzunudur. Bu rəqəmlərin də 83 faizi böyük şəhərlərin payına düşür. Bu səbəblə də Anadolu torpaqlarında, ələlxüsus da cənub şərqi Türkiyədə müəllim, həkim və məmur vakansiyalarında böyük boşluqlar var. Görünən də odur ki elm və cəhalətin səviyyə fərqi kəskin amplitudası ilə daha dərin boşluqlar yaratmağa davam edir. Son illərdə bu fərqi aradan qaldırmaq üçün Türkiyə dövləti və qeyri-hökumət təşkilatları birlikdə işləməyə davam edirlər.