Vaxt.Az

Deputatlar hovuzda üzür,...


 

... Seçicilər borc içində

Deputatlar hovuzda üzür,... Toy sahibi çoxillik dostum olduğu üçün mənə deputatlarla eyni masada yer ayırmışdı. Məclis çoxdan başlasa da, qonaqların çoxu gəlib çıxmamışdı. Buna görə də iki saat tək-tənha əyləşib, toyun gedişini izləməli oldum.

Axşam saat 8-də hamının yaxşı tanıdığı eynəkli deputat masaya təşrif buyurdu. Biz köhnə tanışlar kimi görüşüb, hal-əhval tutsaq da, masanın arxasında iki saat tək oturmağımı ona bağışlamadım: «Müəllim, bir az da geciksəydiniz, siz gələndə bəylə gəlin getmiş olacaqdı. Toy da iclas deyil ki, zəhləniz getsin...»

Əvvəl duruxdu, amma dilinin ucuna qədər gətirdiyi sözləri geri qaytara bildi. Qısa pauzadan sonra belə dedi: «Hovuzdan gəlirəm. Həftədə üç dəfə üzməsəm, özümü rahat hiss edə bilmirəm».

Heç nə demədim. Görünür, o, bir az əvvəl dediyim sözləri cavabsız buraxmaq niyyətində deyildi. Məni diqqətlə süzəndən sonra söhbətinə davam etdi: «Çox kökəlmisən. Sənə də üzməyi məsləhət görürəm. Yoxsa, həmkarların sənin də adını müftəyeyənlərin siyahısına yazarlar».

Son vaxtlar bu iradı tez-tez eşitdiyim üçün cavab qaytarmadım. Eynəkli deputat qalib adamlar kimi ofisianta səsləndi: «Ay uşaq, niyə gözlərini döyürsən? Bizə viski süz».

Təxminən 15 dəqiqə sonra qonaqların biri də gəlib çıxdı. Amma bu dəfə mənim irad bildirməyimə ehtiyac qalmadı. Eynəkli deputat özü həmkarını qınadı: «Bəy, ayrı vaxt xalq-millət deyib özünüzü öldürürsünüz. Xalqın uşağının toyuna niyə vaxtında gəlmirsiniz?»

Müxalifətçi olduğunu hər fürsətdə nümayiş etdirməyə çalışan həmin deputat həmkarının iradına sakit cavab verdi: «Məşqdən gəlirəm. Hamı bilir ki, mən bircə gün də idmansız keçinə bilmərəm».

Eynəkli deputat bir az əvvəl mənə verdiyi məsləhəti yenə təkrarladı: «Tez-tez hovuza get. Üzgüçülük ən yaxşı idman növüdür».

Müxalifətçi deputat həmkarının sözlərini başı ilə təsdiqlədi və əlavə etdi ki, o da həftədə üç dəfə hovuzda üzür.

Axşam saat 9-un yarısında daha iki deputat məclisə təşrif buyurdu. Ofisiant əl-ayağa düşsə də, onlar süfrədəki təamların heç birinə əl uzatmadılar. Jurnalist marağı güc gəldiyi üçün bunun səbəbini soruşdum. Xarici görünüşü ilə tanınmış şoumen Murad Dadaşovun gənclik illərini xatırladan deputat belə dedi: «Axşam 6-dan sonra ağzıma bir tikə də qoymuram. Sənə də bunu məsləhət görürəm».

Məsləhətinə görə ona təşəkkür edib, idmanla məşğul olub-olmadığını soruşdum. Dedi ki, həftədə ən azı üç-dörd dəfə üzgüçülük salonuna gedir. Beləliklə, özüm də istəmədən hovuz söhbətini yenidən gündəmə gətirdim. Deputatlar bir-bir hovuzda necə üzdüklərindən danışıb, bunun faydasını anlatmağa girişdilər. Və mənə agah oldu ki, təkcə masa arxasında əyləşmiş 4 deputat deyil, Milli Məclisdə təmsil olunan parlamentarilərin əksəriyyəti tez-tez üzgüçülük salonlarına gedir. Onlar məni inandırdılar ki, deputatlar arasında üzgüçülük yarışı keçirilsə, Azərbaycan dünya çempionu olar.

Deputatlarımız işlərinin çoxluğunu bəhanə edib, bir saat sonra ayağa qalxdılar. Mən də onlarla bir yerdə məclisi tərk etdim. Amma neçə gündür bir fikir mənə rahatlıq vermir. Taleyin ironiyasına baxın: deputatlar hovuzda üzür, seçicilər borc içində... (qafqazinfo.az)

 





05.01.2015    çap et  çap et