Yeni qaydalarda yaşayış sahələri üçün ayrıca vergitutma mexanimzləri nəzərdə tutulub. Belə ki, mənzilin sahəsi 30 kv.m-dən aşağı olan əmlak sahibləri əmlak vergisi ödəməyəcəklər. Əmlak vergisi mənzilin 30 kvadratmetrdən artıq olan hissəsinə görə hesablanacaq. Amma verginin məbləği regionlardan asılı olaraq dəyişəcək. Belə ki, 30 kvadratmetrdən artıq hər kv.m. üçün vergi Bakıda 40 qəpik, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 30 qəpik, digər şəhər və rayon mərkəzlərində 20 qəpik olacaq. Kənd və qəsəbələrdə, o cümlədən kiçik yaşayış məntəqələrində isə evin hər kvadratmetrindən 10 qəpik tutulacaq (30 kvadratmetrdən artıq).
Məcəlləyə edilən dəyişikliklər nəticəsində əmlak vergisinin məbləği nəinki əmlakın hansı regionlarda yerləşməsini, hətta paytaxtın mərkəzində və ya kənarında yerləşməsini də nəzərə alacaq. Belə ki, Bakının ayrı-ayrı ərazilərində əmlak vergisinin dərəcəsi fərqli olacaq. Paytaxtdakı əmlakdan vergilərin hesablanması üçün 0,7-dən 1,5-ə qədər dəyişə bilən əlavə əmsal tətbiq edilə bilər. Başqa sözlə, Bakıdakı əmlak sahibləri üçün verginin məbləği hər kv.m. üçün 28 qəpikdən 60 qəpiyə qədər dəyişəcək. Yəni əmlak vergisinin məbləği indiyə qədər mənzil-istismar idarələrinə ödənilən məbləğ qədər olacaq. Sadəcə gələn ilin əvvəlində verginin ödənilməsi səlahiyyəti daşınmaz əmlakın yerləşdiyi ərazinin yerli özünü idarəetmə oqranlarına (bələdiyyələrə) veriləcək.