O da məlum oldu ki, bu AFFA düzələn deyil. U-21-ə Yaşar Vahabzadə baş məşqçi təyin edildi. Elə bu U-21-i rəzil duruma salan Bernhard Lippertin köməkçisi Yaşar Vahabzadə. Tam məntiqsiz bir qərar qəbul etdi AFFA. Yaşar Vahabzadənin qabında nəsə vardısa, elə onu Lippertə verərdi, o da U-21-ə «yedizdirərdi».
Nazim Süleymanovun Azərbaycan futbolunun iki bəlası - Elxan Məmmədovla Ramin Musayevin arasında gedən intriqanın qurbanı olduğu barədə bir dəfə Komanda.az-da yazmışıq. Yəqin ki, bir dəfə də yazmalı olacağıq. Ancaq indilikdə onu demək istəyirik ki, yeni yaradılan Məşqçilər Komitəsi də Elxan Məmmədovun intriqalarına züy tutmaqla məşğul olacaq. Bunu Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev özü deyib. Hacıyev «Futbol+» qəzetinə verdiyi açıqlamada yenə də Nazim Süleymanovun «bostanına daş atıb». Özü də çəkisindən yekə «daş». Aydın görünür ki, bu «daş»ı ona AFFA-nın baş katibi Elxan Məmmədov verib. Elxan Məmmədov Yaşar Vahabzadənin təyinatından sonra ictimai rəydə «niyə Süleymanov yox, Vahabzadə» sualının hakim olduğunu görüb, Hacıyevə «daş» verib. Hacıyev onun-bunun verdiyi «daşlar»ı atmaqda pərgardı axı. Vaxtiylə beşqat hacı Sadıq Sadıqovun da verdiyi «daşlar»ı atmışdı Nazim Süleymanova. Onda Süleymanov Sadıq Sadıqovu da, onun ətrafını da sarsıdıcı məğlubiyyətə uğradıb, istefa vermişdi «Neftçi»dən. Hacıyev heç vaxt belə ləyaqətli gedişləri qəbul etməyib. Elə ona görə indi də böyük məmnuniyyətlə baş katibin verdiyi «daş»ı Süleymanova tərəf atıb. Adam elə belə də deyib:
«Bu gün hamını bir sual düşündürür: niyə U-21 Nazim Süleymanova tapşırılmadı? Ola bilsin, kimsə yaxşı oğlandır. Ancaq yaxşı oğlan yaxşı məşqçi demək deyil axı. Məsləhət olsaydı, Süleymanovu yenidən əsas milliyə qaytarardılar».
Sonuncu cümlədən «daş»ın Elxan Məmmədova məxsus olduğu sezilir. Amma əvvəlcə Böyükağa Hacıyevin «yaxşı oğlan yaxşı məşqçi demək deyil» atmacasına cavab.
Böyükağa müəllim, Süleymanov həm sizdən yaxşı oğlandı, həm də sizdən yaxşı məşqçidi. Futbolçu kimi isə necə olduğunu qabartmayaq. Sizə sərf etməz. Nöşün ki, futbolçu Süleymanov cibində yüz yox ha, min Hacıyev gəzdirərdi.
Gələk məşqçi məsələsinə. Süleymanov AZAL-a kasad büdcəylə avrokuboklara vəsiqə qazandırdı. Siz isə eyni büdcəyə sahib «Standard»ı dağıtdız.
Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov «Publika.az»a verdiyi müsahibədə «yeni yaradılan qurumda intriqalar olacaqmı» sualına «bir müddətdən sonra hər kəsin iç üz açılacaq» cavabını vermişdi.
Vaqif müəllim, artıq iç üzlər açılır. Yerli mütəxəssislər həmişə savadı və ləyaqətiylə seçilən, öz sözü olan həmkarlarına qısqanclıqla yanaşıblar. Həmişə Qurban Qurbanovun, Nazim Süleymanovun arxasınca danışıb, paxıllığını çəkiblər. Vaqif müəllim, o da bəyan olur ki, Məşqçilər Komitəsi elə baş katibin oyuncağıdı. Komitənin əsasnaməsinin 2.10-cu bəndində göstərilib ki, komitə üzvləri mətbuatla əlaqələri AFFA vasitəsiylə həyata keçirməlidir. Bu gün komitə üzvü Böyükağa Hacıyev mətbuatda Nazim Süleymanovla bağlı hətərən-pətərən danışırsa, deməli, bu məsələ AFFA ilə razılaşdırılıb.
Sizin komitəyə bir «quş», Vaqif müəllim. Bundan sonra o komitədə ya Böyükağa Hacıyev qalmalıdır, ya da Sadıqov, Mircavadov, Diniyev. Onunla bir komitədə qalacaqsızsa, deməli, eyni fikirləri və əqidəni bölüşürsüz. Nə bu AFFA, nə də azərbaycanlı mütəxəssislər düzələn deyil. Sizə uğurlar!