Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Erik Rubin, ABŞ Nəqliyyat Komandanlğının müavini vitse-admiral Vilyam Braun iştirak edib.
Tədbirdə eləcə də Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze, Qazaxıstan səfiri Kairat Umarov, Türkmənistan səfiri Meret Orazov və digər ölkələrin diplomatik nümayəndəlikləri iştirak edib. Dəyirmi masada regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edən mövzular müzakirə edilib.
Virtualaz.org saytı xəbər verir ki, Dövlət Departamentinin rəsmi saytı dövlət katibinin müavininin baş köməkçisi Riçard Hoqlandın dinləmələrdəki çıxışının mətnini yayıb. Diplomat dəyirmi masanın təşkili üçün Azərbaycan səfiri Elin Süleymanova təşəkkür edərək deyib ki, bu diskussiyalar düz vaxtına təsadüf edir.
R.Hoqland ABŞ-ın regionda ticarətin və nəqliyyatın inkişafına dair siyasətindən danışaraq deyib ki, Birləşmiş Ştatlar Mərkəzi Asiya və Qafqaz respublikaları ilə Xəzər dənizindən, Türkiyədən keçməklə Avropaya uzanan ticarət marşrutlarının diversifikasiyası üzərində işləyir.
«Lakin regionun ticarət dəhlizi kimi potensialını genişləndirmək üçün region ölkələri birlikdə işləməlidir, sərhədlərdə ləngimələr aradan qaldırılmalıdır və nəqliyyat xərcləri azaldılmalıdır» - Hoqland bildirib.
Dövlət katibinin köməkçisi deyib ki, əgər Dünya Bankının Doing Business hesabatına nəzər salsaq, o zaman region ölkələrində malların idxalı və ixracı ilə bağlı günlərin sayında və xərclərin miqdarında müsbət dəyişikliyin baş verdiyinə dair nümunə görə bilmərik.
«Mən hesab edirəm ki, bu sahədə dəyişikliklər vacibdir»- deyə diplomat bildirib.
Riçard Hoqland çıxışında Qazaxıstan və Türkmənistanda Xəzər dənizi üzərindən Azərbaycana yük daşımalarının artırılması üçün liman qurğularının genişləndiyini qeyd edib. Bildirib ki, Qazaxıstan və Türkmənistanı birləşdirən yeni dəmir yollarının tikintisi Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi ilə eyni vaxta təsadüf edir.
Diplomat bildirib ki, ABŞ Özbəkistandan Əfqanıstanın Məzari-Şərif əyalətinə dəmir yolunun çəkilməsinin üstünlüklərini artıq hiss edib. R.Hoqland Asiya İnkişaf Bankının Türkmənistandan Məzari-Şərifə yeni dəmir yolunun çəkilməsi layihəsini dəstəklədiyini, gələcəkdə Tacikistan dəmir yollarının da Məzari-Şərifə birləşəcəyini deyib. Hoqland bu nəqliyyat dəhlizinin region ölkələrinin iqtisadi inkişafına təkan verəcəyini bildirib.