O, partiyadan çıxarılmasına dair qərar qəbul edən Müsavat Partiyasının MNTK sədri Sevinc Hüseynovaya və onu satqın adlandıran digər müsavatçı dostlarına özü haqqında bunları çatdırıb:
«Yasamal Rayon Təşkilatının sədri olmuş, sədr olduğu müddətdə təşkilatı iflic vəziyyətə qoyaraq bütün müavinlərinin istefa verməsinə səbəb olan, növbəti dönəmdə bütün cəhdlərinə rəğmən təkrar Yasamal Rayon Təşkilatına sədr seçilə bilməyən, bu «nüfuzu» ilə də hazırda Müsavat Partiyasının MNTK-sədri olaraq partiyanın qaydalarına əməl etmədən partiya üzvərini obyektiv araşdırma aparmadan fədakar müsavatçıların partiyadan çıxarılmasına dair qərar qəbul edən, hər zaman sıravi müsavatçı olduğum üçün məni yaxından tanımayan Sevinc Hüseynovaya və məni satqın adlandıran digər müsavatçı dostlarıma özüm haqqımda:
«Sıravi müsavatçı olaraq Müsavatdan getdim...
Dəyərli müsavatçı dostlarım, düşündüm ki, Müsavat Partiyasında olduğum müddətdə çoxlarınız məni yaxından tanımadınız. Bəzi müsavatçıların məni satqın adlandırması üzündən özüm haqqımda bəzi məqamları sizlərlə paylaşmağı önəmli bildim. Mən Milli Azadlıq Hərəkatına universitet illərində başladım. Hər kəs yaxşı bilir ki, sovet rejimində bizim bir millət olaraq milli tariximiz haqqında məlumatımız yox idi. AMEA-nın millətçi alimləri vasitəsilə tələbələrə ötürdükləri tarixi faktlar əsasında o zaman Universitetin müxtəlif fakültələrindən olan millətçi və mübariz tələbə gənclər arasında ilk təşkilatlanma işləri başlandı. O zaman universitetdə bu hərəkata qoşulan üç nəfər qızdan biri də mən idim. Milli Azadlıq Hərəkatına qızların kütləvi qaydada cəlb olunmasında mənim də xidmətlərim var.
O zamankı SSRİ hökumətinin Güney Azərbaycanla bizi bağlayan tarixi körpü olan Xudafərin Körpüsünün köçürülməsinə dair siyasətinə qarşı çıxan və bu layihələrinin icra olunmasının qarşısını alan tələbə hərəkatının təşkilatçılarından və iştirakçılarından biri də mən idim.
Elə həmin dövrdə ölkəmizdəki baxımsız tarixi abidələrin təmizlənməsi və bu abidələrin araşdırılmasının zərurətini müvafiq qurumlara çatdırılması istiqamətində aparılan işlərin tələbə iştirakçılarından biri də mən idim.
Ölkəmizin hələ müstəqil olmadığı zaman tarixi yer adlarının dəyişdirilməsi ilə bağlı aparılan mübarizənin iştirakçılarından biri də mən idim. 17 Noyabr Meydan hərəkatının Universitetdən başlayan hərəkatda tələbələrin təşkil olunmasında birbaşa iştirak edənlərdən biri də mən idim. AXC-nin Universitetdə yaranan dayaq dəstəsinin təsisçilərindən biri də mən idim.
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin adının dəyişdirilib Bakı Dövlət Universiteti kimi adının qazanılmasında tələbələr arasında aparılan mübarizənin iştirakçılarından biri də mən idim.
Hələ SSRİ dağılmadan öncə bütün Ali Təhsil ocaqlarında əsas ideloji və siyasi fənn olan «Elmi Kommunizm»in nəticələrinin imtahanla qiymətləndirilən fənnlərin sırasından çıxarılıb dinlənilmiş fənn kimi Universitetin Elmi Şurası tərəfindən qərar qəbul olunmasına nail olan qrupun nümayəndəsi mən idim.
O zaman Universitet rəhbərliyi tərəfindən təkbətək danışıqlar aparılan, «hərəkatdan çəkilməsəniz Universitetdən qovulacaqsanız» kimi təpkilərdən qorxmadan tələbə hərəkatında mübarizəni davam etdirən tələbələrdən biri də mən idim.
Universiteti 1990-cı ildə bitirdiyim zaman ölkəmizin hələ SSRİ tərkibində olduğu üçün Dağlıq Qarabağa ayrılan iki təyinat yerini imzalayaraq, Universitetdə müdafiə etdiyim diplom işinə uyğun elmi tədqiqatlarımın davam etdirməklə bağlı olan təkliflərdən imtina edərək Dağlıq Qarabağa olan təyinatı imzalayan mən idim. (Dağlıq Qarabağa gələn təyinatın boş qalmasını kağız üzərindən Qarabağın imtinası kimi dəyərləndirdiyim üçün bu addımı atdım).
Məlum hadisələrdən sonra Bakıya dönərək ictimai, siyasi fəaliyyətimi davam etdirərək əvvəlcə AXC-də, Bütöv Azərbaycan Birliyində, 2003-cü ildən isə Müsavat Partiyasında siyasi fəaliyyət göstərən mən idi. 90-illərin sonlarından başlayaraq ardıcıl olaraq insan haqlarının müdafiəsi və demokratik dəyərin aşılanması istiqamətində fəaliyyət göstərən mən idim.
İnsan haqları və demokratik dəyərlərin aşılanması istiqamətində 1000-dən çox qadınların arasında maarifləndirmə seminarı keçirən, bu istiqamətdə çoxsaylı seminar və konfransların iştirakçısı mən idim. İnsan haqlarının müdafiəsində bir çox vəkillərin nəticəsiz hesab edərək geri çəkildiyi 10-dan çox məhkəmə prosesinin ədalətli qərar qəbul olunmasına ( məhkəmə tərəfindən vətəndaşın hüquqlarının tanınmasına) nail olan hüquq müdafiəçisi mən idim. Bundan əlavə, yüzlərlə qadınların məhkəmədə hüquqlarını müdafiə etməklə onların pozulmuş haqlarının bərpa olunmasına nail olan hüquq müdafiəçisi mən idim.
Dəyərli müsavatçı dostlarım, bu mənim detallarına varmadığım ictimai - siyasi fəaliyyətimin xəritəsidir. Bu fəaliyyətimi bir vətəndaş olaraq, ölkəmdə layiqlı cəmiyyətin formalaşmasına «yanğını söndürməyə dimdiyində su gətirən bir quş misalı» bilərək, bacardığım və qabiliyyətim çərçivəsində gerçəkləşdirdim. Fəaliyyətim dövründə demokratiya və vətəndaş cəmiyyətinə dair beynəlxalq təcrübəni öyrəndikcə bu siyasətin elə müsavatçılıq dəyəri və müsavatçılıq prinsi olduğunu dərk etdiyim üçün Müsavat Partiyasının sıravi üzvü olmağımla da hər zaman qürur duymuşam. Bütün bunlara baxmayaraq Qurultaydan sonrakı dövrdə Müsavat Partiyasında baş verən ədalətsizlik və qanunsuzluğa dözmədiyim, bu qanunsuzluqların aradan qaldırılmasına dair partiyada hər hansı siyasətin formalaşdığını görmədiyim üçün partiya sıralarından çıxdım. Bir daha bu qərarımı müsavatçılıq prinsiplərinə xəyanət kimi dəyərləndirməyin. Onu da bilməyinizi istədim ki, keçdiyim həyat yolu, haqq və ədalət uğrunda apardığım mübarizə müsavatçılığın təməl prinsipidir, bununla qürur duyuram.
Dəyərli müsavatçı dostlarım, bir daha hər birinizi əmin edirəm ki, mən satqın deyiləm və heç bir zaman satqın ola bilmərəm!»