Nəşrin yazdığına görə, rusiyalıları gözləyən çətinliklərin səbəbi odur ki, xarici təchizatçılar və ixracatçılar valyutanın kursunun tez-tez dəyişməsindən qorxaraq Rusiyaya göndərəcəkləri məhsulların pulunun hamısının qabaqcadan ödənməsini tələb edirlər.
Bildirilir ki, bu qaydalar ən çox pal-paltar satışında ciddi problemlərə səbəb olacaq. Paltar və ayaqqabı satışı dükanları yaz-yay mövsümü üçün indiyədək idxal etdikləri məhsulun indi uzaqbaşı 15 faizini idxal edə biləcəklər. Bu isə mağazaların faktiki olaraq boş qalacağı deməkdir. Onların əlində nağd pul kütləsi olmadığı üçün mal almaqda çətinlik çəkəcəklər.
Ekspertlər bildirir ki, əvvəlki «satıb ödəmək» qaydasının «nağd alıb satmaq» qaydası ilə əvəzlənməsi Rusiyanı boş piştaxtaların adi hal sayıldığı 1990-cı illərin əvvəllərinə qaytarır. Rusiyada heç bir idxalatçı 90-cı illərin ortalarından bəri nağd pula mal alıb satmayıb.
Hətta Rusiyaya 2014-cü ilin martında birləşdirilən Krım da qabaqcadan nağd ödəniş olmadan məhsul göndərməkdən imtina edib. Krımın yerli istehsalçıları Rusiya şəhərlərinə meyvə ixracı zamanı şərt qoyurlar: məhsulun dəyərinin azı 70-90 faizi əvvəlcədən ödənilməlidir.
«Hamı qorxur. Səbəbini izah edən də yoxdur. Nə baş verir? Rusiyanın başına nə gələcək?» - deyə nəşr sual edir.
«Sankt-Peterburqun ərzaq məhsulları idxalatçıları hər ötən gün iflasa məruz qalırlar. Şəhərin Sofiya küçəsində yerləşən ən böyük ərzaq bazasında sadəcə olaraq məhsul yoxdur. Hər şey qıtlaşıb, böyük defisit yaranıb. Buna görədir ki, mağazalarda da qiymət çox yüksəkdir» - deyə Piterdəki «NovFrut» meyvə-tərəvəz satışı şəbəkəsi ilə iş üzrə layihənin rəhbəri Andrey Krasnyanski bildirib.
Nəşr qeyd edir ki, bütün bunlar Rusiyada kəskin ərzaq və məhsul qıtlığına gətirib çıxaracaq. Bu qıtlıq isə öz növbəsində dükanların qarşısında Qorbaçov və Yeltsin vaxtlarında olduğu kimi, uzun növbələrin yaranmasına səbəb olacaq.