Vaxt.Az

««Sevimli şou»da qonşuya yandıq verənlər»


 

««Sevimli şou»da qonşuya yandıq verənlər» Keçən gün iki-üç kitab oxumuş qohumumla televizorun qarşısında oturub gap edirdik. Qəflətən ekrana “Sevimli şou” (Space) çıxdı. Mən ötüb keçmək istəyəndə qohumum “dayan” deyib yerindən qalxdı. Sən demə o, “Sevimli şou”nun daimi tamaşaçısı imiş. İstər-istəməz əlimdəki pultu qohumuma ötürdüm və çar-naçar verilişi izləməyə başladım. Aparıcıdan danışmayacam... Çünki onu heç qohumum da bəyənmirdi. Gitaranı şit-şit uladan, sazla striptiz göstərən və oxumaq əvəzinə zarıyan ifaçılar da mənlik deyil. Nə danışıqları, nə rəftarları, nə geyim kecimləri... Mənə maraqlı gələn studiyanın qonaqları idi. Onların sifətində elə bir heyranlıq, elə bir sevinc, elə bir xoşbəxtlik vardı ki, sözlə ifadə etməkdə acizəm.
Açığı əl çalıb şənlənən, gah da yerlərində dingildəyən bu adamlara həsəd apardım arada! Bunlar necə edirlər də belə şənlənə bilirlər? Necə edirlər də belə adidən-adi ifalara səmimi heyranlıq duyurlar? Bəlkə ekranda diqqət çəkmək, qonum-qonşuya yandıq vermək üçün belə edirlər? Yox, inanmıram! Onlar səmimidirlər. Hətta arada musiqinin təsirindən özlərini unudub səfil dünyalarını miskin mimikalarında ifadə edirlər. Bax bu zaman yazığım gəlir onlara...
Qohumum sifətimə baxıb əminliklə “Necədir?” - deyir.
Başımı bulayıram.
“Əh, sən də heç nəyi bəyənmirsən!” – əsəbiləşir.
Qohumuma qalsa burda bəyənməməli nə ola bilər? Gitarası gitara, sazı saz, müğənnisi müğənni! Musiqi də canlı! Nəyə istəyirsən qulaq as. Day özünü niyə dartıb dağın başına qoyursan?!
Doğrudan da studiyadakı azarkeşlərlə bahəm qohumum kimi milyonlarla tamaşaçını ağuşuna almış bu şən dünyada yeganə zəhlətökən mən idim...
 





11.09.2013    çap et  çap et