Elə ona görə də yaxşı edib Türkiyə filmlərini bizim doğma, yerli ləhcəmizə çevirirlər. Bəzi isimlərin isə qardaş ölkədə nəyə görə elə qoyulduğunu anlamaq olmur. Məsələn, düşünürəm ki, görən, niyə türkiyəli qardaşlarımız dövlətə «baba» (ata), aparıcı müxalifətə «ana» deyirlər, amma iqtidara heç bir ad qoymurlar.
Yəqin, iqtidar dövlət işlərini yönəltdiyindəndir ki, onu da baba bilirlər. Yəni o da bir növ «baba», evin kişisi sayıla bilər. Başqa düşündürücü sual da odur ki, nə üçün müxalifətə «ana» deyirlər? Bizdə heç bir müxalif partiyası özünə «ana» söylətmir. O cür müraciət etsən, məhkəməyə verərlər. Hətta aralarında qadın siyasi lider (məsələn, Lalə Şövkət Hacıyeva) olsa da, bəzi siyasi rəhbərlərini qadına bənzətsələr də, «ana müxalifət» yarlığını qəbul etmirlər. Özlərinə «ana» əvəzinə «aparıcı» deyir və yazdırırlar ki, bildiyiniz kimi, bu sözün kökü «aparmaq» felindəndir və həmin feil də Türkiyədə çox biədəb anlamda işlənir.
Amma məncə, «aparıcı»dansa, «ana» daha uyğun gəlir. Anaların, yəni zənən tayfasının davranışlarına fikir versəniz, görərsiniz, başlamış olduğum siyasi semiotik araşdırma yolunda düzgün istiqamətdəyəm. «Ana» müxalifət, yəni ana, qadın kimi ailənin hər işinə qarışan müxalifət. Eynən ailədə olduğu kimi: sonuc yaxşı olanda, deyirlər ki, mənim məsləhətimin nəticəsində alındı. Yox, pisə gələndə, məsuliyyəti sənin üstünə atıb başçı (siyasi müstəvidə iqtidar) olduğunu xatırlad(y)ırlar.
Bəzi müxaliflər isə ərin üstündə yad qadının tükünü axtaran qısqanc qadınlar kimidirlər. Bir neçəsində bu, xəstəlik fazasına keçib. Məşhur lətifədəki kimi, heç nə tapmayanda, «utanmır, keçəl qadınlarla gəzməyə başlayıb» deyə söylənirlər. Hətta eləsi də var ki, psixiatra aparmaq lazımdır ki, az qalır, «baba»nın (oxu: kişinin) üstünü lupa ilə yoxlaya. Amma bu cür də olmaz. Qısqanclığı şizofreniya səviyyəsinə çatan arvad hansı kişiyə sərf edir ki? Belə arvadı boşamasalar da, analığı naminə yola verirlər. Yəni çörəyini, suyunu verir, əyin-başını alıb qohuma-qardaşa da deyirlər ki, fikir verməyin bizimki də belə gətirib. Taleyimizlə barışmalıyıq.