Hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.
Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obyektlərin uçotu aparılmayıb.
Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş «Reklam yayımına icazə (razılıq) qaydaları»nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən «Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması» məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eskizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib.
2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rüsumunun tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib.