ATV-dən Modern.az saytına verilən geniş açıqlamada deyilir ki, «Səni
Axtarıram» verilişinin müəlliflik hüququ Xoşqədəm Hidayətqızına aid deyil.
«Layihənin 2 müstəsna hüquqi sahibi var. Müəllif Hüquqları Agentliyi tərəfindən
bu sənəd 11.10.2013 tarixdə qeydiyyata alınıb. Və buradada açıq şəkildə göstərilib
ki, 1-ci müstəsna hüquq sahibi Azad Azərbaycan MTRK-dır. 2-ci Xoşqədəm Hidayətqızı
və digər hüquqi şəxslər (bura isə daha 3 nəfər aiddir). Bunu verilən şəhadətnamənin
ardıcıllıq nömrəsindən aydın görmək olar. (N-7722 ATV kanalında, N-7723 isə
Xoşqədəm xanımdadır). Və buradan da aydın görünür ki, əsas söz sahibi ATV
kanalıdır».
ATV bəyan edib ki, doğrudan da həmin səlahiyyətin
tam olaraq Xoşqədəm xanıma verilməsindən kanalın rəhbəri Vüqar Qaradağlı imtina
edib.
«Bu da onun müstəsna hüququdur və o da öz şəxsi maraqlarına görə yox, rəhbərlik
etdiyi ATV-nin maraqlarına uyğun olmadığına görə bu qərara gəlib.
Digər tərəfdən verliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində
çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu layihə ərsəyə gətirilib.
Yəni bu layıhə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin
beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub.
Xoşqədəm Hidayətqızının «söhbəti olduğu kimi danışacam» deməsinə gəlincə,
bu məqama vaxtı gəldikdə aydınlıq gətirilə bilər».
ATV-nin açıqlamasında daha sonra bildirilir:
«Xoşqədəm xanım bildirib ki, bu verilişin gəlirinin 50%-i mənə çatmalı idi. Hər
bir razılaşma qanuni müqaviləyə əsaslanmalıdır. 01 oktyabr 2013-cü il tarixində
ATV kanalı ilə Xoşqədəm Hidayətqızı arasında bağlanan müqavilənin «maliyyə şərtləri
və ödəniş qaydalar» hissəsində açıq göstərilib ki, «Səni axtarıram» televiziya
verilişinin hazırlanmasına və yayım formasında istifadəsinə görə verilişin
ssenari müəllifi və aparıcısı Xoşqədəm Hidayət qızı Baxşəliyevaya əməkhaqqı ödənişi
onunla «Azad Azərbaycan» MTRK arasında bağlanmış 0208.2012-ci il tarixli əmək
müqaviləsinə uyğun olaraq həyata keçirilir.
Həmin müqavilənin 3.2-ci bəndində isə açıq şəkildə yazılır ki, «Tərəflərin qarşılıqlı razılığı ilə «Səni axtarıram» televiziya verilişinin hazırlanmasına və ATV-də yayımına görə verilişin ssenari müəllifi və aparıcısına qonorar ödənilməyəcəkdir.
O ki, qaldı komanda məsələsinə, yəni birgə çalışdığı insanlarla birlikdə digər kanala keçməsinə, ATV kanalı olaraq bir daha bəyan edirik ki, adı çəkilən layihədə çalışan insanlar kanalın əməkdaşlardır, konkret olaraq hansısa şəxsin yox. Və digər tərəfdən həmin layihədə çalışanların ümumi sayı, Xoşqədəm xanım daxil 10 nəfər olub. Və onlardan 5 nəfəri hazırda da şirkətdə digər layihələrdə öz işlərini davam etdirirlər. Digər 4 nəfər isə hələ ki, öz yekun qərarını verməyib».