Vaxt.Az

1,4 milyardlıq ziyan


 

Azərbaycanlı oliqarx Rusiya dövlətindən pulunu tələb edir

1,4 milyardlıq ziyan Rusiyada yaşayan nüfuzlu azərbaycanlı iş adamı Araz Ağalarov bu ölkənin Regional İnkişaf Nazirliyindən 1,4 milyard rubl tələb edir. Virtualaz.org saytı xəbər verir ki, Ağalarovların sahibi olduğu «Crocus Group» şirkəti nazirliyin qismində Rusiya dövlətinə qarşı məhkəmə iddiası qaldırıb.

İddiaya əsasən şirkət Rusiya hökumətinin sifarişi ilə Uzaq Şərq Universiteti kompleksini inşa edərkən ayrılan vəsait işləri başa çatdırmağa kifayət etməyib və «Crocus Group» ziyana düşüb. İşə Moskvanın Arbitraj Məhkəməsi baxır. Proses aprelin 16-na təyin edilib.

Vladivostok yaxınlığındakı Rus adasında inşa edilən nəhəng universitet kompleksi prezident Vladimir Putinin şəxsi nəzarətində olan layihə idi və bu kompleksin inşası Ağalarovun şirkətinə həvalə edilmişdi. Ümumi sahəsi 4 milyon kvadratmetr olan obyekt 2012-ci ildə istifadəyə verilib. Tikintiyə büdcədən 2 milyard dollara yaxın vəsait sərf edilib. Buna baxmayaraq podratçı şirkət əlavə xərclərin meydana çıxması üzündən ziyana düşüb.

Ağalarov müsahibələrində dəfələrlə deyib ki, bu layihə onun şirkətinə heç bir mənfəət gətirmədi, əksinə, ziyanla başa gəldi. Rusiya hökuməti ziyanı kompensasiya etmək üçün «Crocus Group»a Rus adasında ərazi təklif etsə də iş adamı orada daşınmaz əmlak biznesinin kommersiya perspektivlərinin olmadığını görərək təklifi qəbul etməyib.

 





15.04.2015    çap et  çap et