Vaxt.Az

Lastenin sonuncu dayanacağı


 

Norveç təyyarəsini təcili Bakıya «endirən» danimarkalı öldü

Lastenin sonuncu dayanacağı Xəbər verdiyimiz kimi, ötən gün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin məcburi eniş etməsinə səbəb bir sərnişinin halının pisləşməsi olub.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin publika.az-a verdiyi məlumata görə, Danimarka vətəndaşı - 75 yaşlı Alen Lasten ağciyər-ürək çatışmazlığı ilə 3 saylı Sabunçu şəhər xəstəxanasına yerləşdirilib: «O, xəstəxanaya çatdırılanda vəziyyəti ağır olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb».

A.Qədirli bildirib ki, o, xəstəxanaya aparılanda qızı da yanında olub. Hazırda xəstəxananın morqunda saxlanılan meyitin ölkəsinə qaytarılması istiqamətində iş aparılır.

***

11:16

Ötən gün Norveç aviaşirkətinə məxsus Banqok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

Bu barədə APA-ya «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli bildirib. M. Səfərlinin sözlərinə görə, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub.

«Təyyarədə olan bir sərnişinin vəziyyəti kəskin pisləşdiyindən təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və təcili olaraq həmin xətdə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və onunla yanaşı digər sərnişin reysdən çıxarılıb», - deyə M. Səfərli bildirib.

Xidmət rəisi əlavə edib ki, vəziyyəti pisləşən sərnişinlər 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdiriliblər.

Onun sözlərinə görə, məcburi eniş edən təyyarəyə AZAL tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhangen istiqamətinə uçuşa başlayıb.

 





20.04.2015    çap et  çap et