Vaxt.Az

Kərimli üçün hər şey q(Q)ənimətdir


 

«Qədirbilən övlad» kimə təşəkkür etməlidir?

Kərimli üçün hər şey q(Q)ənimətdir Son günlər «Azadlıq» qəzetində guya Qənimət Zahidin ailə üzvlərinə qarşı «repressiya» aparıldığına dair xəbərlər tirajlanır. Ancaq bir qədər dərin düşünəndə görürsən ki, dava heç də «ana» davası deyil...

Deməli, hadisə belə vaqe olur. Bir neçə nəfər Qənimət Zahidin Şamaxının Meysəri kəndində yaşayan anasının evinə gedir. Yəni, kimliyi bilinməyən şəxslər. Şübhəsiz ki, kənd yeri olduğundan, hər kəs bir-birini tanıyır və ora gələn kənar şəxslər kənd camaatında müəyyən şübhələr yaradır.

Bunun ardınca polis həmin adamları nəzarətə götürür. Yəni, öz vətəndaşının təhlükəsizliyini qoruyur - burada qeyri-adi bir hal yoxdur.

Hesab edirəm ki, polisi bu addımına görə təqdir etmək lazımdır. Hətta Qənimət Zahidin özü Azərbaycan polisinə minnətdarlıq etməlidir ki, Fransada ola-ola hüquq-mühafizə orqanları onun anasının təhlükəsizliyini qoruyur.

Ancaq tam əksi baş verir. Bu hadisənin ardınca dərhal adı çəkilən qəzetdə ardıcıl yazılar dərc olunmağa başlayır. Hətta bir neçə «beynəlxalq təşkilat» da bununla bağlı bəyanat verir. Bu da şübhə yeri qoymur ki, əvvəlcədən bir oyun qurulub, növbəti siyasi şou düzəldilməkdədir. Oyunun ssenari müəllifi isə Əli Kərimli və dəstəsidir.

Yaşlı qadının evinə gələn adamların nəzarətə götürülməsi hadisəsindən hakimiyyətə qarşı mənfi rəy yaratmaq «texnologiya»sı ancaq və ancaq Əli Kərimli təfəkkürünün məhsulu ola bilər.

Əlbəttə, Kərimli çox istəyərdi ki, Qənimət Zahidin anasına qarşı hansısa təxribat olsun. Çünki bu, hakimiyyətə qarşı böyük bir kampaniya başlatmaq üçün əla bəhanə verərdi. Özü də seçki ərəfəsində! Amma təxribat yoxdursa da, bu barədə xəbər ki, uydurmaq olar...

Məlumdur ki, «qədirbilən övlad» Qənimət Zahid ölkəni tərk edərək Fransada yaşayır. Orada dostları ilə kef-damaqdadır. Bu baxımdan başı içkidən ayılanda Şamaxıda tənha qoyduğu anasını xatırlayan Qənimət bəy, tənha qadını qoruduğu üçün polisə iftira atmaqdansa, təşəkkür etməlidir.

 





28.07.2015    çap et  çap et