Vaxt.Az

«Olmaz deyirlərsə, olmayacam»


 

Ali məktəb rəhbərləri mandatdan məhrum olmaq ehtimalından danışdılar

«Olmaz deyirlərsə, olmayacam» Azərbaycanın ictimai-siyasi həyatında baş verəcək əlamətdar hadisəyə təxminən iki aydan bir qədər çox qalıb. Milli Məclisə keçiriləcək növbəti seçkilərdə dövlət strukturlarında vəzifədə olanların deputat mandatı qazanmaq xülyası sona yetəcək. Rektor deputatlar da bu siyahıda olacaqlar.

Milli Məclisdə indi təmsil olunan 125 deputat arasında müxtəlif dövlət və özəl ali təhsil ocaqlarının rektorları var. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev mandat daşıyanlar sırasındadırlar.

Modern.az saytı parlamentdə təmsil olunan bir neçə deputatın eyni zamanda universitet rektoru olmasını nəzərə alaraq məsələyə onlardan münasibət öyrənib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gülçöhrə Məmmədova deyib ki, təmsil olunduğu partiya hansı qərar verəcəksə, onunla razılaşacaq: «Mənim mövqeyim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyidir. Partiya necə məsləhət bilsə, elə də edəcəyik». Gülçöhrə Məmmədovanıın «Seçim qarşısında qalsanız: rektorluq yoxsa deputatlıq» sualına cavabı belə olub: «Bunu deyə bilmərəm. Seçim qarşısında qalacağamsa, o zaman düşünüb şərtlərə görə qərar verəcəyəm».

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Aqiyə Naxçıvanlının fikrincə, parlamentə kimin seçilib, kimin seçilməyəcəyi ilə bağlı qərar dövlətə məxsusdur: «Mən dövlətin verdiyi qanuna müvafiq olaraq hərəkət edəcəyəm. Bəziləri deyir ki, rektor deputat ola bilməz. Mən qanuna riayət edən insanam. Olmaz deyirlərsə, olmayacam.

Aqiyə Naxçıvanlı «Seçim qarşısında qalsanız rektorluğu, yoxsa deputatlığı seçərdiniz» sualına cavabı təxminən həmkarı kimi olub: «Mən bu haqda düşünməmişəm. Bilmirəm dövlətim üçün deputat, yoxsa rektor kimi xeyir verə bilərəm. Bunun üçün düşünmək, götür-qoy etmək lazımdır.

Mən heç vaxt o işimlə bu işimi fərqləndirməmişəm. Dövlət qarşısında hər bir vətəndaşın borcu kimi hər ikisini öz borcum hesab etmişəm, hər ikisini planlı həyata keçirmişəm. Məqamı gələndə qərar verəcəyəm. Amma indi dəqiq bir söz deyə bilmərəm».

 





25.08.2015    çap et  çap et