Onun sözlərinə görə, şirkətdə ciddi ixtisarlar baş verib: «Şirkətin 40-a yaxın əməkdaşı var idisə, hazırda 10-12 nəfər qalıb. Şirkətin (nümayəndəliyin - red.) Bakı ofisi tamamilə bağlanıb, lap kiçik işçi qrupu qalıb. İctimaiyyətlə əlaqələr və digər bu kimi şöbələr bağlanıb. İşdə qalanlar rəhbər şəxslər və mühasibatlıq bölməsinə aid olanlardır».
Xatırladaq ki, «Statoil» Azərbaycan bazarına 1992-ci ildə daxil olub və bir sıra iri enerji layihələrində iştirakçısı olub.
Onu da xatırladaq ki, hazırda «Statoil» Trans-Adriatik qaz kəməri layihəsində 20 faizlik səhm paketinə sahibdir. Lakin bu səhm paketinin Malayziyanın «Petronas» şirkətinə satılması ilə bağlı danışıqlar aparılır.
Bu haqda məlumatı sövdələşməyə yaxın iki mənbəyə istinad edən Bloomberg verib. (virtualaz.org)
Məlumata əsasən «Petronas» Norveç şirkətinin layihədəki 20 faizlik payını almaq üçün danışıqlar aparır, ancaq proses konfidensial xarakter daşıdığı üçün detallar açıqlanmayıb.
Bununla belə mənbələr yekun qərarın hələ qəbul edilmədiyini, «Petronas»ın TAP-dan pay almaq təklifini geri götürə biləcəyini də deyiblər.
«Statoil»un TAP layihəsindən çıxmaq qərarına gəldiyini bu ilin iyul ayında SOCAR prezidenti Rövnəq Abdullayev açıqlayıb. Lakin Norveç şirkəti həmin vaxt məlumatı şərh etməmişdi.
TAP Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcək Cənub Qaz Dəhlizinin bir hissəsidir. «Statoil» bundan əvvəl TANAP qaz kəməri və «Şahdəniz-2» layihəsindəki payını sataraq Azərbaycanın neft-qaz layihələrindəki iştirakını kəskin məhdudlaşdırıb.