O, qanun layihəsinin tam hazır vəziyyətdə olduğunu da sözlərinə əlavə edib.
«Keçən müddət ərzində qanun layihəsi ilə bağlı millət vəkillərinin təklifləri, iradları tam nəzərə alınıb. Qanun layihəsi tam təkmilləşdirilib. Mən hesab edirəm ki, ikinci oxunuş üçün tam hazır vəziyyətə gətirilib.
Elə də ciddi dəyişikliklər yoxdur. Bir neçə mübahisəli maddələr var idi ki, onlarla da bağlı ümumi bir məxrəcə gəlinib. Demək olar ki, bütün konstruktiv təkliflər nəzərə alınıb. Qanun layihəsi tam hazır vəziyyətdədir.
Gözlənilir ki, oktyabr ayında Milli Məclisin iclaslarının birində «Elm haqqında qanun» layihəsi yenidən müzakirə edilsin. Ən azından komitədə bir dəfə baxıla bilər», - deyə Şəmsəddin Hacıyev bildirib.
Qeyd edək ki, «Elm haqqında» qanun layihəsi birinci oxunuşda qəbul olunub.
Qanun layihəsində Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi, özəl elmi müəssisələrin yaradılması, Azərbaycan Milli Elmlər Akademiyasına elmi fəaliyyəti maliyyələşdirmək məqsədi ilə Azərbaycanın qanunvericiliyində qadağan olunmayan digər fəaliyyət növləri, o cümlədən sahibkarlıqla məşğul olmaq hüququnun verilməsi nəzərdə tutulur.