Vaxt.Az

«Bu qaşınmayan yerdən qan çıxarmaqdır»


 

«Zahid Oruc da uşaq deyil, bildiyi çox şeylər var...»

«Bu qaşınmayan yerdən qan çıxarmaqdır» Bəri başdan deyim ki, siyasi şəxsiyyətləri üz-üzə qoymaq, tarixdə kiminsə rolunu artırıb-əskiltmək, milli yaddaşa hücum çəkmək və tarixin fayllarını dəyişməyə cəhd etmək qədər mənasız bir işdir.

Tarix olub-keçmiş, yaşanmış, artıq bizim iradəmizdən asılı olmayaraq daşlaşmış həqiqətləri yaşadır. Bu daşın üzərinə nə qədər saxtakarlıq suvağı çəkirsənsə-çək, yenə ovulub töküləcək və gerçəyi gizlətmək mümkün olmayacaq.

Bu baxımdan professor Şirməmməd Hüseynov 20-ci əsr tariximizin ən mürəkkəb dövrünü vərəq-vərəq araşdırdığı üçün həqiqətə çox yaxındır. Normal düşünən adam onun dediklərində heç bir qərəz görmür.

Zahid Oruc da uşaq deyil, bildiyi çox şeylər var. İndi biz durub desək ki, gənc deputat orta məktəb dərsliyində izah edilmiş dövlət-hakimiyyət anlayışlarının fərqini bilmir, düzgün olmaz. Bilir, qəşəng bilir, amma azad düşüncə sahibi olan Şirməmməd müəllim demişkən, onun öz ağlı, öz yanaşması və öz siyasi mövqeyi var. Bax, bu siyasi mövqe Z.Oruca həqiqəti görməyə mane olur. Həqiqət isə çox dərində deyil, onu heç bir bəlağətli söz yığnağı altında gizlətmək mümkün deyil, hətta, deputat leksikonundakı ən munis sözlərə qol-qanad versək belə.

Tarixin yaddaşında qlobal ideyaların daşıyıcıları qalır. Bu baxımdan kimin ona hansı təsir altında və necə münasibət bəsləməsindən asılı olmayaraq, Məmməd Əmin Rəsulzadə milli tariximizin nəhəng simasıdır. İndi varisi olduğumuz Azərbaycan Cümhuriyyətinin yaradıcısıdır. Bunu dansalar da belədir, Cümhuriyyət qurucularından danışanda adını 4-5-ci sırada çəksələr də. Amma hiss olunur ki, Rəsulzadənin daşı çox ağırdır, neçə illərdir ona qısqanc, hətta düşmən münasibət var, hakimiyyətdə olanlar, ondan danışanda gözləri gülmür. Əvvəllər xidmətlərini görməzliyə vurur, sıradan biri kimi qələmə verir, onu süni şəkildə silahdaşlarına qarşı qoyurdular. Arxivlər açıldıqca, onun millət qarşısındakı misilsiz xidmətləri üzə çıxdıqca, şəxsiyyətinin parıltısı gözləri qamaşdırınca taktika da dəyişdi, ünvanına kiməsə torpaq vermək, xaricə qaçmaq, qızıl aparmaqda və s. gülünc ittihamlar yağdırmağa girişdilər.

İndi də Heydər Əliyevlə üz-üzə qoymağa başlayıblar Rəsulzadəni… Onu sevib-sevməməyindən asılı olmayaraq, heç kim Heydər Əliyevin tarixi xidmətlərini dana bilməz, 1993-cü ildə ölkədə vətəndaş müharibəsi qorxusu yarandığı vaxtda siyasi hakimiyyəti ələ alaraq bir çox təhlükələri sovuşduran, antimilli qüvvələri zərərsizləşdirən, getdikcə hakimiyyəti möhkəmlədən və sabitlik yaradan bir liderin bacarığına kim şübhə edə bilər ki?

Heç hörmətli Şirməmməd müəllim də bunlara şübhə etmir, amma sadə bir məntiqlə deyir ki, dövlət qurmaq başqa şeydir, hakimiyyət yaratmaq başqa. Məsələn, biz necə deyə bilərik ki, C.Buşdan sonra prezident seçilmiş B.Obama ABŞ dövlətini qurur. Belə desək, Konqres bizi topa tutar. Yəni hakimiyyətə gələnlər hökuməti pis, yaxud yaxşı yönəldər, dövləti gücləndirə və ya zəiflədə bilərlər, amma dövlət qurmaq bir az fərqli anlayışdır.

Deməyim odur ki, dövlətlə onun əsas atributlarından biri sayılan hakimiyyət arasında bərabərlik işarəsi qoymaq olmaz. Heç Cümhuriyyət dövrü ilə bu gün arasında da bərabərlik işarəsi qoymaq olmaz, ona görə ki, fərqli hərbi-siyasi şərait, fərqli beynəlxalq vəziyyət, bölgədəki fərqli geosiyasi durum fərqli davranışlar tələb edirdi. Ona görə Zahid bəy deyəndə ki «Şirməmməd Hüseynovun Məmməd Əmin sevgisində bir acıma və tarixi yanğı var: onlar Heydər Əliyevin edə bildiklərini bacarmayıblar» - kökündən yanlışlıq yapır. Həm də bir az həqarətə və ən azı iki ciddi qəbahətə yol verir.

Əvvəla, bələd olduğum üçün deyirəm ki, Şirməmməd müəllimin Rəsulzadəyə səmimi sevgisində heç bir acıma, yanğı, təəssüf və ya kiməsə qarşı qərəz yoxdur. Bilənlər bilir ki, bu kişi sözünü həmişə birbaşa deyir. Tədqiqatlarında da belədir, olanı deyir və təbii ki, millətin siyasi tarixinin möhtəşəm epizodundan qürurlanır və xalqın Məmməd Əmin miqyasda düşüncə sahibi olmasından fəxarət duyur. Məncə, bunun heç kimə ziyanı yoxdur. Professorun sözünün təsirini artıran əsas məqam budur ki, Cümhuriyyət tarixini heç kimdən mükafat ummadan, deputat və ya akademik olmaq fikrinə düşmədən, heç bir maraq güdmədən, bu millətin sabahını düşünərək təmənnasız və obyektiv araşdırır.

Z.Orucun ikinci və daha ciddi yanlışlığı H.Əliyevi demokratik respublikanı quranlara qarşı qoymasıdır. Onun cümhuriyyət xadimlərinə münasibətdə «Heydər Əliyevin elədiyini bacarmadılar» deməsi absurddur. Bunu hansısa savadsız futbol azarkeşi desəydi, anlamaq olardı, amma bu cəfəngiyat Zahid bəyin dilindən səslənir. Əslində bu, siyasi mənsubiyyəti olan bir adamın özünü korluğa qoyub tarixə təpik atması deyil, həm də çox səfeh müqayisə və nihilizmdir. Nəzərə almaq lazımdır ki, «şəxsiyyətləri üz-üzə qoymazlar» deyən deputatın tarixə belə yanaşması H.Əliyev kimi böyük siyasi xadimə əlavə hörmət gətirmir, amma Cümhuriyyət quran babalarımızın ruhunu incidir. Bu isə qaşınmayan yerdən qan çıxarmaqdır.

 





02.09.2015    çap et  çap et