Bunu APA-ya açıqlamasında bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən İradə Gülməmmədova bildirib. O, qeyd edib ki, bu məsuliyyətli vəzifəyə təyin edilməsi ölkə başçısının qadınlara verdiyi diqqət və qayğının təcəssümüdür: «Ölkə başçısı bu məsuliyyətli vəzifəyə məni təyin etdiyi üçün bütün qadınlar adından ona təşəkkürümü bildirirəm. Çalışacağam ki, prezidentimizin mənə göstərmiş olduğu etimadı bacarığımla, var-qüvvəmlə doğruldum».
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamı ilə İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O buna qədər Abşeron Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsində çalışıb. O, həmçinin Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının üzvüdür.