ANS PRESS-in məlumatına görə, bu barədə proqnoz verən Rusiyanın «RBK» agentliyinin istismar edilən neft yataqları barədə əldə etdiyi təhlil materialları ölkədə hasil edilən 525 milyon ton neftin 70%-ni əhatə edir. 2035-ci ilə qədər olan proqnozlar həmin yataqların hazırda 362 milyon tona bərabər olan illik neft hasilatının 125 milyon ton azalaraq 237 milyon tona qədər düşəcəyindən xəbər verir.
Bu məlumatlar Rusiya prezidenti Vladimir Putinin rəhbərlik etdiyi xüsusi komissiyanın 2015-2035-ci illər üzrə hazırladığı proqnozlarda da yer alır. Buna görə də RBK yaxın zamanlarda Rusiya prezidentinin müvafiq bəyanatla çıxış edəcəyini düşünür. Bu, Rusiyanın dünya bazarlarına çıxaracağı neftin gündə 3 milyon barreldən çox azalacağı deməkdir. 2014-cü ildə Rusiyanın günlük neft hasilatı 10,667 milyon barrel olub. Rusiyanın hasilatı 1987-ci ildə qeydə alınmış rekord göstəriciyə (11,4 milyon barrel) çox yaxındır.
Rusiyanın göstəricisinin dünya üzrə 88 milyon barrelə bərabər olan günlük hasilata təsiri böyükdür. 2014-cü ildə Rusiyanın hasilatı yalnız Səudiyyə Ərəbistanının 11,5 milyon barrelə bərabər göstəricisindən kiçik olub. Beləliklə, Vladimir Putin tezliklə dünyanı şoka salacaq bəyanatla çıxış edə bilər. Hər halda, Rusiyanın bazarda önəmli payı var və bu ölkənin atacağı istənilən addım bazarda həyacana səbəb ola bilər.
İqtisadçı ekspert Oqtay Haqverdiyevin fikrincə, Rusiya prezidentinin rəhbərlik etdiyi bu komissiyanın açıqladığı rəqəmlər təxribat xarakterli ola bilər: «Rusiya nədənsə qarşısına məqsəd qoyub ki, dünya bazarında neftin barrelinin qiymətini daima 70-80 dollar ətrafında saxlasın. Buna görə Rusiya bazarda təklifi azaldacaq ki, qiyməti qaldırsın. Amma əksər ekspertlər bu fikirdədir ki, neftin qiymətinin 45-60 dollar ətrafında dəyişməsi daha rentabellidir «,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.
İqtisadçı ekspertin fikrincə, Rusiyanın bu niyyəti baş tutmaya da bilər: «Mən uzun illərdir bu məsələni izləyirəm. Neftin qiymətinin kəskin dəyişmələrinin şahidi olmuşam. 70-ci illərdə neftin barrelinin qiyməti 6-8 dollar ətrafında dəyişdirdi. 1987-ci ildə 8 dollara qədər düşmüşdü. Adətən verilən proqnozların heç biri özünü doğrultmur, bazarı mürəkkəb tələb-təklif qanunu idarə edir».
Oqtay Haqverdiyev düşünür ki, Rusiya yaxın zamanlarda İranın bazarda mövqelərini bərpa etməyi nəticəsində qiymətlərin daha da düşəcəyindən qorxur: «Amma İranın bazara girməsi üzün müddət və investisiyalar tələb edir. Altı ölkənin və İranın parlamentləri Tehranın nüvə siyasəti barədə razılaşmanı təsdiq etməlidir. Bu uzun çəkəcək». Ekspertin fikrincə, neftin qiymətinin azalması İranla deyil, Çin iqtisadiyyatında müşahidə edilən geriləmə ilə bağlıdır.
Onun fikrincə, dünya bazarında neftin qiymətinin dəyişməsindən asılı olmayaraq, Azərbaycan böhrandan rahatlıqla çıxa bilər: «Biz qeyri-neft sektorunun inkişafı üzrə əsaslı proqram qəbul etmişik. Bu sahədə işlər sürətləndirilməlidir. Qeyri-neft sektorunun inkişafına mane olan inhisarçılığın və neqativ halların kökünü kəsməliyik. Həmçinin Neft Fondunda olan vəsaitləri qənaətlə və rentabelli layihələrə sərf eləməliyik ki, büdcə problemi yaranmasın».