Vaxt.Az

«Ölümə salam söylədinmi?»


 

«Ölümə salam söylədinmi?» - Sənə zərər verərlər.
- Versinlər.
- Sənə dəli deyərlər.
- Desinlər.
- Göz yaşına baxmayıb öldürərlər.
- Öldürsünlər.
- İlk fürsətdə səni şəhərdən kənara atacaqlar.
- Atsınlar, öldürsünlər, yandırsınlar. Mən vəzifəmi görəcəyəm. Dünyanın yaradıcısı Ahura Mazdadır. Həyat xeyirin yaradıcısı Ahura Mazda ilə şərin yaradıcısı Əhrimən arasında aparılan bir savaşdır və mən Zərdüşt Spitman bu savaşda Ahura Mazdanın yardımçısıyam. Mesajım “doğru düşüncə, doğru söz, doğru əməl və onlarla yanaşı barış və sevgidir”.
Fərhad Kişvərinin “Zərdüşt” romanının ən maraqlı hissələrindən biri olan bu dialoq peyğəmbərin inanc dünyasını açmaq baxımından çox maraqlıdır. Roman Əlisa Nicatın “Zərdüşt” povesti ilə müqayisəolunmaz dərəcədə zəif olsa da, dövrün tayfalarının dünyagörüşünün, inanclarının açılması baxımından maraqlıdır. Amma digər tərəfdən ibtidai dövrün məişət hadisələrinin, inanclarının izahı Yusif Vəzirin “Qızlar bulağı” qarşısında da acizdir. Romanın sonunda Zərdüşt öz yurdundakı ata-baba inancında olan kerpenlərin bir nümayəndəsi tərəfindən öldürülür. Kerpen onu öldürərkən deyir:
- Ölümə salam söylədinmi? Onu necə qarşılaya biləcəyini düşündünmü heç?
- Sevinclə!!!
Roman müəllifi haqlı idi. Zərdüştü gerçəkdə dəli də adlandırdılar, şəhərdən də qovdular, əfsanəyə görə tonqala da atdılar, amma onu qoruyan bir inanc vardı. O, inacla illərlə tənha mağarada yaşadı, ən yaxınları ona inanana qədər davam elədi, sonra isə yurdundan uzaqlaşaraq qonşu torpaqlara qədəm basdı. Bəşər tarixinə yön verən minillik bir dönəmin inancını yaratdı.
Zərdüştün həyatı əfsanələrlə zəngindir. Mifologiya ilə qədim tarixçilərin yazdıqlarını bir-birindən ayırmaq bəzən çətin olur. Təkcə doğum tarixi arasındakı fərqlər minillərlə dəyişilir. Bunlar tarixçilərin, teoloqların biləcəyi məsələlərdir. Bizi düşündürən həmin o üç anlayışdır: doğru düşüncə, doğru söz, doğru əməl.
Bu üç anlayış bizim indi ibtidai adlandırdığımız, gerçəkdə isə bəlkə də tamam fərqli insanların həyatda necə yaşamağın mümkünlüyünə dair tapdıqları ən ali düstur idi. Zərdüşt öncə fikirlərin saflığının vacibliyini bildirirdi. Söz və əməli imitasiya edib insanlar arasında ali obrazda gəzmək mümkün idi, amma bu gec-tez anlaşılacaqdı. Ona görə də öncəliklə düşüncə zənginləşməli, arılaşmalı idi. Bu isə toplumun içində birbaşa mümkün deyildi. Bunun üçün bir müddət insanlaran kənar qaçıb və ya insanlığa kənardan baxmağı bacarmaq lazım idi. Kütlə içərisində yalnız seçilmişlər fərqlənə bilərdilər. Adi insanlar isə bunun üçün üzərlərinə çalışmalı idilər. Onlar üçün Zərdüştün örnək həyatı vardı.
Fəqət o ibtidai adlandırdığımız ali insanlardan fərqli olaraq, bu üç anlayışla meqapolisin içində yaşamaq olduqca dəhşətli, bəzənsə mümkünsüz hala gəlir. İstər qarşısında tab gətirə bilmədiyin situasiyalar, istərsə də cəmiyyətdən gələn məhəlli basqılar nəinki doğruları imitasiya etməyə, hətta bunların əksindən zövq alaraq həyata keçirməyi qarşına imtina edə bilməyəcəyin şəkildə şərt qoyur.
Sən bunları düşündüyündə Zərdüşt növbəti dəfə ali insanın röyasına girib ikinci dəfə bunları buyuracaq:
“Meqapolisdə yaşamaq üçün, doğru söz danışmayacaqsan, fikirləşməyəcəksən.
Bunlara məcbur olub heç olmasa, daxili vicdan hissini saxlamağa cəhd etmək istəyəcəksən, amma qoymayacaqlar, özünlə tək başına qaldığında belə ancaq şəri düşünəcəksən. Başqa bir seçim verməyəcəklər sənə.
Sən isə çırpınacaqsan, öncələri vicdan əzabı çəkəcəksən, əzab çəkdikcə vicdan ovularaq ayaqlarının altına töküləcək, bir gün güzgüyə baxdığında Zərdüştün kerpenlər (karapanlar) adlandırdığı qorxunc divlərdən olduğunu görəcəksən.
Yaşamaq üçün div olmanı istəyəcəklər. Hər dəfə çevrilmək istəyib yenidən ali olmaq istədikdə ağır şərtlərlə qarşılaşacaqsan, hər tərəfdən əlin-qolun bağlanacaq, üzüqoylu divlərin qarşısında diz çökəcəksən. Bir çıxış yolu olacaqmı? İntiharmı? İmtinamı?
Başını aşağı salıb alın yazısı, ilahi təqdir deyib boyun əyəcəyin təqdirdə, tonqala atılan, sürgün olunan, sonunda ocağın qarşısında öldürülən Zərdüştü düşünəcəksən. Öldürülmüş ən qədim ali insanı.
Bu düstur bütün həyatın ən ali mahiyyətini ifadə edir. Onu həyatında yaşamaq olduqca çətindir. Bəlkə də mümkünsüzdür, amma işıq hər zaman var.
Necə ki, dəfələrlə deyildiyi kimi, qaranlıq ayrılıqda mövcud deyil, sadəcə, işığın gur yanmadığı vaxtlar var.
İşıq gur yanmayanda da közərtisini qorumaq gərəkdir.
Novruz işığınız sönməsin.
 





21.03.2013    çap et  çap et