Bu barədə elektron xəbər xidmətinə adıçəkilən komitədən məlumat verilib. Komitədən bildirilib ki, layihə özündə İKT-nin zərərli təsirlərindən uşaqları mümkün qədər güclü mühafizə etməsini və internetdən düzgün istifadənin təmin olunmasını ehtiva edir.
Komitədə hesab edirlər ki, bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etmələri və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompüter qarşısında keçirmələri uşaqlarda müəyyən izlər buraxır. Belə insanların uşaqlarının sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gəlir. Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən düzgün istifadə olunmamağının nəticəsidir. «Əlbəttə, uşaqların zehni inkişafı, təhsil və asudə vaxtlarının effektiv keçirilməsində informasiya texnologiyalarında gözəl imkanlar var. Lakin bu müsbət tərəflərlə yanaşı İKT-nin zərərli təsirləri mövcuddur ki, uşaqların şəxsiyyətinin düzgün formalaşmasına mənfi təsir göstərir. Buna görə də uşaq siyasətinin formalaşmasında elektron təhlükəsizliyin təmin edilməsi vacibdir» – deyə komitədən qeyd edilib.
AQUPDK-dan o da bildirilib ki, komitə bu istiqamətdə mütəmadi olaraq valideynlərin maarifləndirilməsi və onlar tərəfindən bu məsələyə nəzarətin gücləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müzakirələr təşkil edir, bukletlər çap olunaraq paylayır, sosial çarxlar hazırlanaraq nümayişi təmin edilir. Həmçinin bu sahədə beynəlxalq təcrübə ətraflı öyrənilib və problemin həlli yolları araşdırılıb.
Komitədə hesab edirlər ki, uşaqların internetdən kortəbii istifadəsinin qarşısının alınması üçün ilk növbədə internet klubların fəaliyyətinə nəzarətin gücləndirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi istiqamətində proqramların, təlimatların hazırlanması vacibdir.