Vaxt.Az
«İranın qulağının dibindəki çoşqa»
Yeriniz məlum, o gün evdəki kitabxanamda eşələnəndə - bayram günləri həmişə mənə darıxdırıcı olduğu üçün başımı götürüb kitabların üstünə cumuram - əlimə Seyid Əzimin “Köpəyə ehsan” əsəri düşdü, götürüb yenidən oxudum; Dağıstanda, Nəcəfdə, Şamda, Bağdadda 25 il ruhani təhsil almış bu şairin asiliyinin səbəbləri haqqında düşünməyə başladım və gözlərim önündə yay günlərində yolum düşən Bakının dənizqırağı bir kəndində gördüyüm mənzərə canlandı: kənddə hamı Həci idi, uşaqdan böyüyəcən. Hətta kəndin ortasında futbol oynayan, gün altında lüt gəzməkdən qaralıb kömürə dönmüş uşaqlar da bir-birinə belə qışqırırdı: “Həci, bir pas ver, Həci, bir kəlləlik qaldır”. Bunu deyib keçək o birisinə.Şairlikdə bir gəzərgilik var; ağır oturub batman gələn şairi apar tulla, xüsusən də gəncdirsə. Şair tale səyyahıdır, o gəzə-gəzə yaşayır, yaşaya-yaşaya gəzir və axırda Aşiq Qərib kimi ölür: “Göyərməz aşiqin qəbri min il hüsni-bahar olsa”. Bax belə.
Xəyalən də olsa, gəzə-gəzə gedib çıxdım bir donuz çoşkasının yanına. O vaxt rus qoşunu İranla Azərbaycan sərhədindən köçürdü; bu məsələdə Seymur Baycanın Don Kixotla tutuşdurduğu Əbülfəz Elçibəyin “səyyah cəngavər” iradəsinin xüsusi rolu vardı. Siyasətimizin Don Kixotu rus ordusunu xəyali Dulsineyalarının vətənindən qovurdu.
Gecələr ucu-bucağı görünməyən tank karvanları yeri-göyü lərzəyə salaraq sürünə-sürünə bizim kəndlərdən keçib gedirdilər. İmperiya gecələr hərəkətdə olur, əsl sürünən kimi. Bir rus zabiti vardı, rütbəsi mayor. Aradabir bizim evə atamla içməyə gəlirdi, sənə deyim, yaxşı da vururdu. Onunla şpion axtarışında tanış olmuşduq. O vaxt İran İslam Respublikasının edama məhkum etdiyi cinayətkarlar, siyasi məhkumlar qaçmaq imkanı tapan kimi özlərini tikanlı məftillərə vurub bu taya cumurdular və rus əsgərləri un kimi narınlaşdırılmış şumun üstündə ayaq izi görən kimi yaxınlıqdakı kəndləri ələk-vələk edirdilər – öyrədilmiş dikqulaq alman itləri ilə.
Saman tayalarını, tövlələri, axurları, evlərin damını, zirzəmisini axtarırdılar, qaçağı tutub farslara verirdilər və dar ağacı. Şrion “casus” deməkdir, kənd camaatı isə bu edam qaçaqlarına rusların təbirincə, şpion adı qoymuşdu. Ağır dərddir, öz vətənində özgələrin cəzasından gizlənməyə yer axtarmaq.
Bu rus zabiti də şpion axtara-axtara bizim həyətə gəlib çıxanda günorta yeməyinin vaxtı idi, atam onu süfrəyə dəvət etdi. O, əliitli əsgərlərə bir qıraqda gözləməyi əmr edib süfrəyə əyləşdi və ona süzülmüş, texniki spirtlə quyu suyunun qarışığından ibarət əldəqayırma araqdan vurmağa başladı. Az yeyir, çox içirdi. Bu qonaqlıqdan sonra həyətimizə ayağı açıldı: hər dəfə biz uşaqlara donuz piyi, konservləşdirilmiş, əsgərlər üçün nəzərdə tutulmuş ayın-oyun gətirirdi, hətta tapançasının darağını çıxarıb bizə verirdi ki, nişan almağı öyrənək.
Həyətin ortasında ayaq üstə dayanırdı və rusca bizə başa salırdı ki, onun başını, ya da ürəyini nişan alaq və tətiyi çəkək. Nə bilim, bəlkə də, o heç köçüb getmək istəmirdi, elə burda Azərbaycan torpağında ölmək istəyirdi. Ruslarda olur belə duyğular; Peçorinsayağı vidalaşmaq. Ya da yəqin, onun Rusiyada gedəsi yeri, görüşəsi bir kimsəsi qalmamışdı. Bir sözlə, yaxşı düşmən idi. Onu “öldürməyə” adamın əli gəlmirdi.
Nə qədər israr eləsə də heç birimiz heç vaxt ona “güllə atmadıq”. Adı Sergey idi və bir gecə yenə tanklar köçəndə evimizin yanında bir UAZ dayandı, içindən Sergey çıxdı, qucağında da bir çoşka.
Vidalaşdı, çoşqanı da bizə bağışlayıb geri qayıtdı. Və o gündən bu çoşkanı imperiyanın son yadigarı kimi qorumağa, yemləməyə başladıq. Kəndin namazqılan ağsaqqalları eşidəndə ki bizim həyətdə donuz balası var, təcili toplantı keçirmişdilər və fətva vermişdilər: Çoşka öldürülməlidir!
Nə var, nə var donuz əti haram buyurulub. Ağsaqqalın biri gəldi, biri getdi – öldürülməlidir vəsalam! Çoşkanı, dünyadan bixəbər olan bu zavallı körpəni bir müddət kəndin qəzəbindən gizləsək də xeyri olmadı. Günlərin birində o, yoxa çıxdı. Sonra məlum oldu: kəndin “yeddi müdrik”i yığışıb pul yığıblar və avaranın birinə veriblər ki, gecə çoşkanı oğurlayıb öldürsün.
Bilmirəm bu çoşka haradan yadıma düşdü, görünür, dünyada hər şeyin xatırlanmaq haqqı var: Seyid Əzimin də, balaca donuz balasının da...
01.09.2012 çap et