S.Əliyeva virtualaz.org saytına iki gün öncəki eksklüziv müsahibəsində bildirmişdi ki, Bakıya tam azad, müstəqil bir adam kimi, turist kimi gəlib. İlk işi də valideynlərinin məzarını ziyarət etmək olacaq. Sonra isə yeni Bakını gəzib-dolaşacaq, dostları və qohumları ilə görüşəcək.
Uşaqları ilə birgə son illər Londonda yaşayan S.Əliyevanın bu səfərinə verdiyi izah çox adi və sadə idi. Vətəni üçün, dostları və yaxınları üçün darıxan bir adamın bu hissləri istənilən normal adam tərəfindən normal qarşılanmalı idi.
Amma bir sıra müxalif KİV-lər, o cümlədən «Azadlıq» qəzeti isə prezidentin bacısının Bakıya bu sırf şəxsi və adi səfəri ətrafında ucuz və bayağı siyasi şou yaratmaq fürsətini əldən vermədi.
Adıçəkilən qəzetin bugünkü redaksiya məqaləsində iddia olunur ki, S.Əliyevanın Bakı səfərinin guya «əsl məqsədi» varmış. Belə ki, Sevil xanım guya əmisi oğlu İlqar Əliyevin taleyindən narahatdır. Azərbaycana da guya ona görə gəlib ki, ölkə rəhbərliyindən İlqar Əliyevin və onun qalmaqallı «Beynəlxalq Bank kreditləri işi» üzrə həbsə atılmış adamlarının xahişini etsin.
Yada salaq ki, «Riyad Farm» şirkətinin rəhbərliyi qaytarılmayan bank kreditləri işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Virtualaz.org saytı S.Əliyevaya müxalif KİV-lərin bu iddialarını şərh etmək xahişi ilə müraciət edərək onun məsələyə münasibətini öyrənib.
«Mən sadəcə bunu demək istəyərdim: ayıb deyilmi? Nədir, yoxsa mənim öz doğma şəhərimə, öz evimə gəlmək hüququm yoxdur? Bu, nə cılız uydurmadır belə? Axı mən demişəm ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarımla, dostlarımla görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. İndi də oğlumla birgə evdə oturmuşam. Bibim qızı Fəxriyyə Xələfova oğlu Məhəmmədlə birgə bizə qonaq gəliblər. Hamımız bir yerdə oturub çay içirik.
Əmim oğlu İlqar Əliyevə gəldikdə isə mən onu hələ ali məktəb tələbəsi olandan bəri görmürəm. Bu, nə axmaqlıqdır?! Ümumiyyətlə isə mən nə bu oliqarxlar, nə onların kreditləri, nə də digər qalmaqallar barədə heç nə bilmirəm. «Oliqarx», «vəzifə», «məmur» sözləri mənim ruhuma zidd sözlərdir. Hətta atam prezident olanda da mən nə nazirlərlə, nə də digər məmurlarla heç vaxt ünsiyyətə girmirdim. Dövlət işlərinə heç vaxt müdaxilə etməmişəm. Mənə yaxın insanlar bunu çox gözəl bilir. Anam da belə idi.
Mənim adımı müxtəlif intriqalara qatmaq və məni siyasi spekulyasiyalara cəlb etmək lazım deyil. Bunu hamıdan xahiş edirəm» - deyə Sevil Əliyeva bildirdi.