Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində konsaltinq xidmətləri göstərən Round University Ranking (RUR) beynəlxalq təşkilatının reytinqində dünyanın 70-dən artıq ölkəsindən olan 750 universiteti tədrisin və tədqiqatların keyfiyyəti, beynəlmiləlçilik, maliyyə davamlılığı kimi 4 qrupda birləşmiş 20 ayrı-ayrı göstəricilər üzrə qiymətləndirilir.
Harvard Universitetinin başçılıq etdiyi ilk onluğa Stanford Universiteti, Çikaqo Universiteti, Kaliforniya Texnologiya İnstitutu (ABŞ), London İmperial Kolleci (Böyük Britaniya), Massaçusets Texnologiya İnstitutu (ABŞ), Kolumbiya Universiteti (ABŞ) , Oksford Universiteti (Böyük Britaniya), Kembric Universiteti (Böyük Britaniya), İsveçrə Federal Texnologiya İnstitutu kimi ali məktəblər daxildir. Reytinq «Thomson Reuters» beynəlxalq media kompaniyasının göstəriciləri əsasında hazırlanıb.
Onu da bildirək ki, Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutunun (URAP) bu ilin iyun ayında açıqladığı reytinqə görə 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü. BDU dünya reytinqi üzrə isə 1872-ci sırada qərarlaşmışdı. URAP-ın qiymətləndirmə meyarlarının əsasını universitetin elmi nailiyyətləri, bu işlərin beynəlxalq aləmdə tanınması, sitatların indeksi və tədqiqat nəticələrin keyfiyyəti təşkil edir.