Vaxt.Az

««Rahat» seçki»


 

««Rahat» seçki» Ermənistanda prezident seçkisində təəccüblü heç nə baş vermədi və Serj Sərkisyan kürsüsünü qorudu. Ermənistanda prezident seçkisində təəccüblü heç nə baş vermədi və Serj Sərkisyan kürsüsünü qorudu. Gözlənilməyən olay Sərkisyanın rəqibi, keçmiş xarici işlər naziri Raffi Ovanisyanın 36 faiz səs toplamasıydı. Buna baxmayaraq, Ermənistanın müstəqillik tarixində hakim namizəd üçün bəlkə də bu qədər rahat seçki keçməmişdi.
1996-cı il prezident seçkisində Levon Ter-Petrosyan keçmiş baş nazir Vazgen Manukyanla faktiki başa-baş mübarizə aparmış, birinci cüzi səs çoxluğu ilə qələbə qazanmışdı. Ancaq elə o zaman yüzminlərlə insan küçələrə axışaraq saxtakarlıq hallarına qarşı etiraz etmişdilər. Robert Köçəryan üçün də prezident seçkiləri rahat keçməmişdi. Köçəryan ötən seçkidə postunu Sərkisyana təhvil verdikdə ölkədə qan töküldü. Bu dəfə isə Sərkisyan elə birinci turda əngəlləri aşdı. Doğrudur, Raffi Ovanisyan özünü qalib elan edərək tərəfdarlarını müqavimət təşkil etməyə çağırdı. Ancaq meydana toplaşan təxminən 5 min insanla Misir və Tunisdəkinə bənzər inqilabi dəyişikliklərə nail olmaq da mümkün deyil. Əgər Sərkisyan ötən dəfə Levon Ter-Petrosyanla mübarizədə 10 vətəndaşının qanı hesabına yüksək kürsüyə yiyələnmişdisə, bu dəfə daha zəif Ovanisyanın tərəfdarlarından da çəkinməzdi və yəqin təkbətək görüşdə keçmiş xarici işlər nazirinə elə bunu başa salıb.
Levon Ter-Petrosyanın seçkiyə niyə qatılmadığını anlamadım, çünki, o və Raffi Ovanisyan hər ikisi Qərbyönümlü siyasətçi kimi tanınır və hər ikisi qüvvələrini birləşdirsəydi, Sərkisyanın birinci turda qəbələsini mümkünsüz edər, şanslarını ikinci tura keçirərdilər. Məncə, bu seçki Levon Ter-Petrosyanın son şansı idi, 2018-ci il seçkilərinə qatılmağa onun nə yaşı, nə də səhhəti imkan verə bilər. Raffi Ovanisyanın qarşısında isə iki perspektiv var. Sərkisyan 5 il sonra üçüncü dəfə namizədliyini irəli sürə bilməyəcəyindən Ovanisyan ya gələn seçkilərə qədər tərəfdarlarının sayını artırmağa çalışmalı, ya da tədricən kölgəyə çəkilərək yerini bir başqasına vermək məcburiyyətində qalacaq.
Ermənistanda indiki bölgü faktiki ruspərəstlərlə qərbpərəstlər arasındadır. Əgər Sərkisyanın 58 faizi Ermənistanın gələcəyini Rusiya ilə bağlayanlardısa, 36 faiz və ya bir az artıq (seçkidə saxtalaşdırma halları olduğundan dəqiq rəqəmi söyləmək çətindir – E.Ş.) Qərblə əməkdaşlığa üstünlük verənlərdir. Gələcəkdə 36 faizin 58 faizi üstələməsi üçün ABŞ və Avropa Birliyi strukturlarının da Ermənistanda fəaliyyətlərini və mövqelərini gücləndirmələri gərəkəcək.
“Bölgənin gələcəyi və Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Sərkisyanın növbəti 5 illik prezidentliyindən nə gözləyə bilərik” – günün ən aktual suallarındandır. Müsbət heç nə gözləməyə dəyməz. Əksinə vəziyyət bir az daha mürəkkəbləşəcək. Sərkisyan seçkiyə qədər sabitlikdə maraqlı idi. İndi isə o istənilən avantüraya baş vura bilər. Sərkisyan son bir ildə Rusiyadan tam asılı vəziyyətə düşüb. Hətta Putinin dostu olan Köçəryan belə prezident olduğu illərdə Kremldən indiki qədər asılı deyildi. Sərkisyan isə yenidən kürsüyə yiyələnmək və buna görə Kremlin xeyir-duasını almaq məqsədilə Rusiya hakimiyyətinin bütün şərtlərinə razılıq verib. Sərkisyan Putinin Avrasiya Birliyinə də qeyd-şərtsiz qoşulmağa razılaşıb, hərbi əməkdaşlığı da genişləndirib. Odur ki, yaxın aylarda artıq yerini möhkəmləndirən Sərkisyandan Kremlin təlimatları əsasında Azərbaycana qarşı təxribatların miqyasını genişləndirəcəyini proqnozlaşdırmaq olar. Xocalı hava limanı hazırdır, bircə qalıb ki, ora təyyarə ensin. Bu qərarı da Sərkisyan daha nə qədər uzada bilər ki? Əks halda Sərkisyanın Azərbaycanın hədəsindən çəkindiyi görüntüsü güclənəcək. Sərkisyan Kremldən siqnal gözləyir və bu siqnal gələn kimi təyyarə havaya qalxacaq. Bu isə bölgədə ümumi vəziyyətin gərginləşməsi, o cümlədən müharibə ehtimalının artması deməkdir.
Serj Sərkisyan seçkiqabağı təbliğatında seçicilərin “Türkiyə ilə sərhəd açılmayacaqdısa, Ankara ilə niyə protokol imzalayırdınız?” sualına da aydınlıq gətirə bilmədi. Türkiyə protokolların ratifikasiyasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirdikdən sonra İrəvan faktiki Ankaranın istəyinin girovuna çevrilib. Yəni, Türkiyə parlamenti sənədləri ratifikasiya etmədən sərhəd açılmayacaq. Sərkisyan da seçkiqabağı çıxışlarında bu girovluqdan qurtulmaq üçün öz aləmində guya Ankaranı şantaj edir və deyirdi ki, Türkiyənin qərarını sonsuza qədər gözləməyəcəklər və yaxın müddətdə öz imzalarını protokoldan geri çəkəcəklər. Əslində isə Sərkisyan birtərəfli qaydada addım atmaqdan çəkinir. Çünki İrəvan protokollardan imzasını geri götürsə, bundan özü zərər görəcək. Birincisi, bu addımıyla Türkiyə hakimiyyətini “Qarabağ yoxsa protokollar” kimi seçimdən birdəfəlik qurtaracaq, ikincisi də Qərbin tənqidləri bu dəfə Ankaraya deyil, İrəvana yönələcək. Sarkisyan həm Xocalı hava limanı, həm də Türkiyə ilə sərhədin açılması məsələlərində də Kremlin istəyindən asılı vəziyyətdədir. Yəni, Kreml desə ki, təyyarəyə əyləş və Xocalıya uç, o həyatını təhlükəyə atması bahasına bunu etmək məcburiyyətində qalacaq. Əksinə, Kremldən desələr ki, “hələ gözlə”, o əmrə tabe olacaq. Eləcə də Türkiyə ilə sərhədin açılması məsələsində. Ermənistan-Türkiyə sərhədinin açılması Rusiyanın regional maraqlarına cavab vermir. Bu Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığına gətirib çıxara bilər. Necə ki, bu gün İranla açıq sərhəd Ermənistan üçün kislorod rolunu oynayır, açıq olan Türkiyə sərhədi də İrəvan üçün problemlərinin həllində böyük yardımçı olar. Ona görə Sərkisyan istəməsə belə, Kremldən ona “protokollardan imzanızı geri çəkin” əmri gəlsə, o Putinin Avrasiya Birliyi ideyası naminə buna da gedəcək.
 





25.04.2013    çap et  çap et