«19 ildir ki, fermerliklə məşğul oluram. 20 hektar pay torpağım, 130 hektar bələdiyyə torpağım, 700 baş qoyun-quzum var. Öz torpağım ola-ola, mal-qaramı saxlamaq üçün aparıb başqa adamlara vermişəm. Ancaq təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra hakimiyyəti və hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən satılıb.
İcra başçısı vətəndaşları aldada-aldada özünün şəxsi hesabı üçün işləyir. Aidiyyəti oldu-olmadı, hər iclasda məni təhqir və tənqidlərlə yad edir. Guya vəzifəli şəxslər üçün sürü saxlayıram. Əhəd Abıyev deyə bilərmi ki, hazırda mənə aid olan torpaqlarda iki sürü yerləşdirilib, bunlar hansı vəzifəli şəxslərindir? İcra başçısı «hara müraciət etsəniz də, xeyri yoxdur, şikayət məktubunu mənə göndərirlər. Mən də zibil qutusuna atıram» deyir.
Bununla da vətəndaşların konstitusion haqları və «Vətəndaşların müraciəti haqqında» qanun pozulur. Azərbaycan qanunlarını tanımayan Əhəd Abıyevdən mərkəzi icra hakimiyyəti təşkilatlarına və mətbuata şikayət etdiyim üçün məni şərlətdirərək həbs elətdirmək istəyir. Prezident İlham Əliyev 2015-ci ilin «Kənd təsərrüfatı ili» elan olunması haqda sərəncam verib, yerli icra hakimiyyəti sərəncamı icra etmək əvəzinə, yerli fermerə məxsus torpaq sahəsini satır».
Şikayətçinin sözlərinə görə, bu yerlər rayon rəhbərləri tərəfindən kənardan gələn mal-qara, sürü sahiblərinə satılır və ya icarəyə verilir. Yerlilər isə öz torpaqlarında mal-qara saxlaya bilmir. Deyir, səsini çıxaran fermer polis təzyiqi ilə üz-üzə qalır. Sahibkar hesab edir ki, məhkəmələr də məmurların sifarişlərini yerinə yetirir:
«O məhkəmə qətnamələrini ədalətli hesab etmirəm. Hamısı sifarişlə çıxarılıb. Tələbim odur ki, Bakıdan gəlsinlər, araşdırsınlar, məhkəmənin saxta çıxardığı sənədlərimi qoyum ortalığa, izah etsinlər ki, bu sənədlər niyə ləğv olunub? Kimin sifarişi ilə? Hökumət o torpağı mənə verib, sənədim, sübutum var. Məhkəmə isə o sənədlərimi hansı əsasla ləğv etdiyinə izah verməyib».
Fermer Prezident Administrasiyasının, Əmlak Komitəsinin, başqa aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya təşkil olunmasını və araşdırma aparılmasını tələb edir.