Vaxt.Az

Təxribat, yoxsa...?


 

Rusiya agentliyi Azərbaycanın kredit reytinqini aşağı saldı

Təxribat, yoxsa...? Bu gün Rusiyanın beynəlxalq statuslu RAEX (Ekspert RA-beynəlxalq RAEX qrupuna daxildir) reytinq agentliyi Azərbaycanın xarici və milli valyutalar üzrə kredit reytinqini aşağı saldığını elan edib.

Virtualaz.org saytı agentliyin bu barədə yaydığı press-relizə istinadən xəbər verir ki, Azərbaycanın suveren reytinqi BBB- səviyyəsindən BB+ səviyyəsinə (kafi kredit ödəmə səviyyəsi) endirib. Ölkənin xarici və milli valyuta üzrə kredit iqlimi reytinqi isə BB- səviyyəsinə endirilib.

Bundan əvvəl Azərbaycanın kredit iqlimi reytinqi BB səviyyəsində idi.

Agentlik Azərbaycanın kredit reytinqinin endirilməsini neftin ucuzlaşması, milli valyutanın devalvasiyası və 2015-ci ilin yekunları üzrə büdcə göstəricilərinin və iqtisadi vəziyyətin pisləşməsi gözləntiləri ilə əsaslandırır.

Bildirilir ki, Azərbaycan iqtisadiyyatı enerji daşıyıcılarının dünya bazarlarındakı qiymətlərindən asılıdır, bu da reytinqin formalaşmasına mənfi təsir edir.

«Neftin qiymətinin düşməsinə cavab olaraq fevral ayında manatın dollara nisbətdə kursu 33 faiz aşağı salınıb. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2015-ci ilin yekunları üzrə dövlət büdcəsinin kəsiri ÜDM-in 7,9 fazini təşkil edəcək və inflyasiya 7,8 səviyyəsində qərarlaşacaq. Monetar siyasətin alətlərinin məhdudluğu, ölkənin makroiqtisadi göstəricilərinin pisləşməsinə dair gözləntilər reytinqin səviyyəsinə mənfi təsir edib»- deyə agentliyin korporativ reytinqlər üzrə direktoru Pavel Mitrofanov bildirib.

Agentliyin qənaətinə görə, Azərbaycanın reytinqinə müsbət təsir göstərən amillər borc yükünün nisbətən aşağı olması, adambaşına düşən ÜDM həcminin qismən yüksək olması, məqbul dərəcədə yüksək investisiya potensialı, tədiyyə balansının müsbət olmasıdır.

Bundan əlavə, analitiklərin fikrincə, dövlətin fiskal siyasətinin keyfiyyəti yüksəkdir, işsizliyin səviyyəsi nisbətən aşağıdır, iqtisadiyyatın rəqabətdavamlılığı yüksək səviyyədədir, instisuional inkişaf səviyyəsi yuxarıdır.

Çəkindirici amillər sırasında isə ölkənin bank sisteminin aşağı inkişaf səviyyəsini qeyd edirlər. Bildirilir ki, bankların özəl sektordakı kredit payı yüksək deyil, ÜDM-in 31 faizini təşkil edir, problemli kreditlər isə artır. Habelə dövlət borclarına xidmətin bahalı olması, yüksək korrupsiya səviyyəsi, xarici siyasətdə münaqişəli vəziyyətlərin yaranması potensialı çəkindirici amillər sırasındadır.

RAEX (Ekspert RA) reytinq agentliyinin əsas səhmdarları bunlardır:  «Qlobeks» bankı (29,47 faiz), «Vneşekonombank Kapital» (19,8 faiz). Agentliyin səhmlərinin 26 faizi onun direktoru Dmitri Qrişankova məxsusdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan kredit reytinqi göstəricilərində əsasən dünyanın reytinq agentliklərinin aparıcı «üçlüyünə» - «Standard& Poors», «Fitch» və Moody»nin qiymətləndirmələrinə etibar edir. Hazırda bu «üçlüyə» daxil olan agentliklər Azərbaycanın xarici və milli valyuta üzrə suveren reytinqini BBB- səviyyəsində (investisiya səviyyəsi) müəyyən edib.

Azərbaycan MDB-də hər üç aparıcı reytinq agentliyindən investisiya reytinqi səviyyəsi alan tək ölkədir. Müqayisə üçün deyək ki, bu agentliklərdən ikisi artıq Rusiyanın kredit reytinqini «zibillik»  səviyyəsinə (BB-) endiriblər.

Rusiyanın ekspert çevrələrində Azərbaycanın hər üç aparıcı  agentlikdən investisiya reytinqini saxlaması həsədlə vurğulanır. Bu baxımdan RAEX agentliyinin Azərbaycanın reytinqini bir pillə endirməsinin nə dərəcədə mötəbər qiymətləndirmə olduğu sual doğurur.

Bu agentliyin qiymətləndirməsi Azərbaycana xarici investisiyaların və kreditlərin cəlb edilməsinə əhəmiyyətli təsir göstərə bilməz. Lakin nədən məhz Rusiyada Azərbaycanın reytinqini endirmək fikrinə gəliblər - bu maraqlıdır...

 





10.11.2015    çap et  çap et