Vaxt.Az

«Saakaşvili narahatdır…»


 

Azərbaycana görə

«Saakaşvili narahatdır…» Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyadan Azərbaycana qarşı ciddi təhlükənin olduğu fikrində qətidir. O, ilk dəfə bu təhlükənin var olduğunu Bakıya səfərindən dərhal sonra dilə gətirmişdi. Saakaşvili bu günlərdə məlum açıqlamasını bir daha təkrarladı.
Saakaşvilinin hər dəfə eyni təhlükədən danışmasında bir neçə məqsədi var. İstisna etmirəm ki, Saakaşvili Bakıya son səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə Rusiyanın bölgədəki neqativ rolunu müzakirə edib. Və böyük ehtimalla İlham Əliyev də Rusiyanın hazırki siyasətindən narazılığını vurğulayıb. Ancaq Saakaşvili söhbətin məzmununu özü istədiyi kimi bir qədər şişirdə də bilərdi. Bu illərdə İlham Əliyev Saakaşvilinin xarakterini yaxşı mənimsəyib və hər düşündüyünü detallarına qədər gürcü həmkarına söyləməzdi. Həm də hamıdan çox elə İlham Əliyevə məlumdur ki, hətta bağlı qapılar arxasında söylənilənlər gizli qalmır. Əliyevin Rusiya prezidenti Vladimir Putin haqqında amerikalı diplomatlara söylədiyi tənqidlər gizli qalmadı, Vikiliks bütün sirləri ortaya qoydu və məncə, bu gün Kreml sahibinin azərbaycanlı həmkarına qarşı soyuq münasibətinin əsasında bu amil də dayanır. Əgər İlham Əliyev Saakaşvili ilə Rusiya haqqında yalnız üstü örtülü fikir mübadiləsi aparıbsa, onda nədən Gürcüstan prezidenti bu söhbətin məzmununu şişirtməyə çalışır?
Məsələ burasındadır ki, Saakaşvili Rusiyanın Gürcüstanı ələ keçirməsi prosesini izləyir və bundan xeyli narahatdır. Baş nazir Bidzina İvanişvili çox təhlükəli xarici siyasətə girişib. O, Rusiya ilə dostluğa çalışarkən, Abxaziya və Cənubi Osetiya məsələlərini, yəni ölkəsinin ərazi bütövlüyünün bərpasını arxa plana atıb. Rusiya və Abxaziya üzərindən Ermənistana istiqamətlənən dəmir yolunun açılması müzakirələri də bundan xəbər verir. Gürcüstan torpaqlarının Rusiya tərəfdən işğal altında saxlanmasına rəğmən, İvanişvilinin gələcəkdə bu ölkə ilə diplomatik münasibətləri bərpa edəcəyini də istisna etmirəm.
Saakaşvili Ahıska bölgəsindəki erməni separatçılarının yenidən fəallaşması və onların lideri Cahalyanın İvanişvili tərəfdən həbsdən azad olunmasından da narahatdır. Çünki, Saakaşvili bu neçə ildə uğurlu addımlarıyla erməni separatizmini bir qədər yerində oturtmuşdu, ancaq indi yenidən həmin bölgədə əks-proses başlaya bilər. İvanişvilinin Ermənistana səfərdən qayıtdıqdan sonra “İrəvanın xarici siyasəti Tiflisə də örnək ola bilər” sözləri də Gürcüstana və Gürcüstan-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. Beləliklə, Saakaşvili həm Rusiyanın Gürcüstanda fəallaşmasından, həm dəmir yolunun açılmasından, həm də ölkəsində yenidən erməni separatizminin güclənəcəyindən ehtiyatlanır. Saakaşvilinin bu üç istiqamətdəki narahatlığı isə Azərbaycanın narahatlığı ilə tam üst-üstə düşür. Rusiyanın Gürcüstana təsir imkanlarını bərpa etməsi, Ermənistana istiqamətlənən dəmir yolunun mümkün bərpası, o cümlədən erməni separatizminin fəallaşması Azərbaycanın da təhlükəsizlik maraqlarına toxunur. Bunu Saakaşvili də başa düşür və bu maneələrə qarşı mübarizədə Azərbaycanı yanında görmək istəyir. Saakaşvilinin hər dəfə təkrarlanan “Rusiya Azərbaycanı hədəf alıb” ifadəsinin məqsədi də budur. Yəni Saakaşvilini məntiqinə görə, rəsmi Bakı onun siyasətini müdafiə etməklə faktiki öz maraqlarını müdafiə etmiş olur.
Bu yanaşmada həqiqət payı var. Ancaq Saakaşvili onu da anlamalıdır ki, Tiflisin yeni xarici siyasəti Bakını qane etməsə belə, Azərbaycan Gürcüstanın daxili işlərinə qarışa bilməz. Özü də Gürcüstan parlamentinin son qərarları əsasında prezident səlahiyyətlərinin azaldıldığı, Saakaşvilinin də bir neçə aydan sonra hakimiyyəti ilə sağollaşacağı bir məqamda.
Əlbəttə, Saakaşvili prezident seçkisində öz tərəfdarından kimisə irəli sürə bilər. Ancaq açığı Gürcüstandan gələn son xəbərlərə görə, Saakaşvilinin rəhbəri olduğu partiyanın prezident seçkisində qələbə çalmaq şansı yüksək deyil. Onun ən yaxın tərəfdarı və varisi sayılan Tiflisin meri Uluqavanın özü məhkəmə çəkişmələri ilə üz-üzə qalıb. Odur ki, rəsmi Bakı bir müddət İvanişvili ilə ortaq siyasət yürütmək məcburiyyətindədir. Ancaq bu o demək deyil ki, biz İvanişvilinin hər şıltaqlığını qəbul etməliyik. O, xarici siyasətdə yolunu azacağı, Bakıya verdiyi vədləri yerinə yetirmədiyi halda ona Gürcüstana hansı ölkənin daha çox aşağı faizlərlə kreditlər verdiyini, investisiyalar qoyduğunu, boru xətlərinin istifadəsindən əldə etdiyi gəlirlərini xatırlatmaq lazım gələcək. İvanişvilinin Bakı-Tiflis-Qars dəmir yolunun Azərbaycan, Türkiyə və elə Gürcüstanın özü və regional əməkdaşlıq üçün necə böyük əhəmiyyət daşıdığını da hər dəfə diqqətinə çatdırmaq vacibdir.
 





18.04.2013    çap et  çap et