Bu barədə APA-ya Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev məlumat verib.
O bildirib ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin müştərək şəkildə hazırlanması AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə razılaşdırılıb: «Artıq Dilçilik İnstitutunun mütəxəssisləri Tərcümə Mərkəzinin İşçi Qrupunun üzvüdür. Biz birlikdə yeni, işlək bir orfoqrafiya lüğəti ərsəyə gətirəcəyik».
Aparat rəhbəri qeyd edib ki, Azərbaycan dilinin yeni orfoqrafiya lüğətindən artıq və yararsız sözlər çıxarılacaq.
Qeyd edək ki, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud bir müddət öncə Azərbaycan dilinin orfoqrafiya lüğətini tənqid edib. O bildirib ki, Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. A. Məsud əlavə edib ki, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyi, sözlərin yazılış qaydasının pozulduğu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğu aşkar edilib.