Vaxt.Az

«ABŞ-ın Qarabağa yardımı qəbuledilməzdir»


 

Azay Quliyev USAİD nümayəndələrinə etirazlarını bildirib

«ABŞ-ın Qarabağa yardımı qəbuledilməzdir» Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovski, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkə üzrə direktoru Mikela Merediç və ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanla görüş keçirilib.

Şuranın məlumatına görə, ABŞ-ın Avropa və Avrasiyaya yardım üzrə koordinatoru A.Romanovski xarici donorların yerli QHT-lərə qrant vəsaiti ayırmalarının hüquqi əsasları haqqında mövcud vəziyyətlə maraqlanıb və Şura sədrindən bu sahədə bir sıra məqamlara aydınlıq gətirilməsini xahiş edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev «Qrant haqqında» qanuna edilmiş əlavə və dəyişikliklərin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verib və onların suallarını cavablandırıb.

Şura sədri ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağa birbaşa yardımına da toxunaraq ölkə ictimaiyyətinin bunu ciddi narahatlıqla qarşıladığını qonaqların diqqətinə çatdırıb. A.Quliyev bildirib ki, xarici ölkələr tərəfindən Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə rəsmi Bakının razılığı olmadan edilən istənilən yardım və yaxud səfər beynəlxalq hüquq normalarına ziddir və qəbuledilməzdir.

USAID-nin ölkə üzrə direktoru M.Merediç hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirib və tərəfdaşlarının üzləşdiyi çətinliklərin həllində Şuranın mühüm rolunu qeyd edib.

Sonda tərəflər müzakirə olunan məsələlərlə bağlı dialoqun və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

 





25.11.2015    çap et  çap et