Vaxt.Az

Azərsell-in səhmdarından ilginc açıqlama


 

«Baş Prokurorluq məcbur etdi ki, dinləmə qurğusu yerləşdirək...»

Azərsell-in səhmdarından ilginc açıqlama İsveç-Finlandiya telekommunikasya şirkəti, Azərbaycanın əsas mobil rabitə operatoru olan «Azərcell»in səhmlərinin bir hissəsinə nəzarət edən «TeliaSonera» şirkəti bildirib ki, Tacikistan hüquq-mühafizə orqanları onları total dinləmə qurğusu yerləşdirməyə məcbur edib.

Virtualaz.org saytı «Azadlıq» radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, «TeliaSonera»nın Tacikistandakı törəmə şirkəti «Tcell» bu ölkənin Baş Prokurorluğunun tələbi ilə bu ilin payızında dinləmə qurğusu yerləşdirməli olub.

Şirkətin bildirdiyinə görə, Tacikistan prokurorluğu bunu ölkədə baş qaldırmış silahlı qiyam və beynəlxalq terrorçu qruplaşmaların tərkibində döyüşən vətəndaşlara qarşı təhqiqat aparan strukturlara texniki dəstəklə əsaslandırıb. Əvəzində Baş Prokurorluq vəd edib ki, şirkətin təsərrüfat və kommersiya fəaliyyətinə müdaxilə etməyəcək.

«TeliaSonera» bəyan edir ki, işlədiyi ölkələrdə dövlət orqanlarının bu cür qeyri-ənənəvi tələbləri barədə ictimaiyyəti şəffaf şəkildə məlumatlandırmaq öhdəliyi götürüb.

«Biz siyasətə qarışmırıq və öz nümayəndəliklərimiz vasitəsilə siyasi bəyanatlar vermirik»- deyə şirkət bildirir.

Baş Prokurorluq isə məsələyə şərh verməyib.

Xatırladaq ki, «TeliaSonera» şirkəti Orta Asiya və Azərbaycanda ciddi korrupsiya qalmaqalları ilə üzləşib. Şirkətin Özbəkistan bazarına daxil olmaq üçün prezident İslam Kərimovun qızına yüz milyonlarla dollar rüşvət verdiyinə dair cinayət işinin təhqiqatı hazırda bir neçə Avropa ölkəsində və ABŞ-da davam edir.

Bu qalmaqallara görə «TeliaSonera» Avrasiya diviziyonu ölkələrində, o cümlədən Azərbaycanda aktivlərini satmaq və regiondan çəkilmək qərarı verib.

«TeliaSonera»nın «Azərcell»dəki payını Türkiyənin «Turkcell» şirkəti almaq istəyir.

 





23.12.2015    çap et  çap et