Dünyamız elə o dərzinin dediyi gündədir. Üstəlik də, el misalındakı kimi, «əri döyən arvadı it qapar». Hara baxırsan, real və uydurma fəlakətlərdir. Onlar şişirdilir, təbliğ edilir, trendə və brendə çevrilir, memləşdirilir. Sanki ən rəngarəng təbliğat üsullarını işə salaraq bütün bəşəri sonu görünməyən təşviş, qorxu və çarəsizlik içində saxlamağa çalışırlar. Ki, belə olanda bəşər də müti olur.
Bir müddət əvvəl Barak Obama müasir dünyanın ən böyük təhlükələrini sadalamışdı: 1. Rusiya, 2. Ebola və 3. «İŞİD». Ardıcıllıq məhz bu cürdü. Yəni, düşmən dövlət, qorxulu xəstəlik və ənənəyə çevrilmiş terror qorxusu. Həm də Rusiya hamısından daha təlükəliydi. Görünür, bu tip açıqlamaların effekti var, əks halda onu ABŞ prezidentinin dilinə qoymazdılar.
Və hər dəfə də müəyyən variasiyalara məruz qalan bu «Top 3»-də mütləq bir xəstəlik adı hallandırılır. Son illəri xatırlayaq: gah «Dəli dana», gah quş qripi və atipik pnevmoniya, gah donuz qripi, Ku qızdırması və Ebola. Adlar o qədər tez-tez dəyişdirilir ki, obıvatellər heç də hamısını yadda saxlamağa vaxt tapmır. Siyahı isə genişlənməkdədir. Qlobal böhran nə qədər dərin və uzundurssa, apokaliptik yalanlara da bir o qədər çox ehtiyac duyulur.
Əgər təhlükə yoxdursa, onu uydurmaq, cana-qana gətirmək, sonra da informasiya vasitələrinə tirajlamaq göstərişi vermək lazımdır. İndi budur, Ebola və donuz qripi ehtirasları hələ bitməmiş, yeni brendin yaradılması prosesinə başlanılıb. Bu yeni brendin adı «Zika virusu»dur.
***
Yanvarın 25-də çoxdan öz məramını unutmuş Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni açıqlamada bulundu: mənşəyiini Uqandanın Zika meşəsindən götürmüş yeni virus bütün Qərb yarımkürəsini bürüməyə başlayıb. İstisna yalnız Çili və Kanada ola bilər (yəni, ən cənub və ən şimal ölkələr). Virus ağcaqanadlar vasitəsilə yayılır, qarşısıalınmazdır, tezliklə Avropada peyda olacaq. Bir sözlə, pandemiyaya hazır olun. Hansı yolla? Uşaq dünyaya gətirməməklə. Baxın, absurd da elə buradan başlayır. Dünya əhalisinə təklif olunur ki, hələlik 2018-ci ilə qədər artımla məşğul olmasınlar (Sonra yəqin «karantin müddəti»ni yenidən uzadarlar). Nədir, keşiş Maltusun xələflərimi peyda olur?
Yəni, Zika virusu yaşlı adamlar üçün nəinki öldürücü, heç təhlükəli də deyil, ancaq bətndəki körpələr üçün həyati təhlükəliymiş. O, körpələrdə mikrosefaliya (yəni, beyin inkişaf etməyərək ölçücə xırda qalır) yaradırmış. Heç kəsin də hələlik ağlına gəlmir ki, total şəkildə doğulmamış körpələrə «mikrosefaliya» diaqnozu yapışdıran bu ağxalatlıların özlərini mikrosefal adlandırsın.
Əlbəttə, mif mükəmməl işlənib. Yəni, burada qorxu elementlərinin hamısı var - virus az öyrənilib, ona qarşı peyvənd yoxdur, yayılmasının qarşısını almaqda səhiyyə sistemi acizdir və s. Əgər söhbət çoxməchullu tənlikdən gedirsə, bağça uşağı vəziyyətinə salınmış bizlər onu necə həll edə bilərik ki? Şansımız yoxdur. Deməli, bizə söylənilənlərlə razılaşmalı, inanmalı və qorxmalıyıq.
Nə qəribə ki, hələ 1947-ci ildə aşkar olunmuş Zika virusu ilə bu ilə qədər vur-tut 15 nəfər yoluxmuşdu. Onların da heç birini bu virus öldürməyib. Və birdən qərara gəlinir ki, 70 ildə 15 nəfərin əhvalını yüngülcə pozan virusu yeni qlobal təhlükə elan etsinlər.
Tibbi kitablarda da yazırlar: Zika qızdırması yüngül xəstəlikdir, ondan ölüm halları indiyədək qeydə alınmayıb, əlamətləri də çox ümumidir (baş ağrıları və səpgilər). Əgər ana Zika virusuna yoluxubsa, yeni doğulan körpədə mikrosefaliyanın olmasına dair də bircəcik tibbi sübut yoxdur. Ancaq birdən birə indi elan edirlər ki, Zika qızdırması pandemiya miqyasına keçir, yenidoğulmuşlar isə beyin cəhətdən şikəst doğulacaqlar. Niyə, hansı əsaslarla? - Açıqlanmır. Təşviş içində mövcud olmağa öyrəşmiş toplumlar da bu sualları vermək həvəsində deyillər. Şərin banallığı adiləşib.
Hazırda vəziyyət bu cürdür: bir günün içində aktuallaşdırılan bu virusla sən demə, artıq Braziliyada 1,5 milyon qadın yoluxub. Salvadorda tibb başbilənləri qadınlara yaxın 3 ildə doğmamağı məsləhət görüb (digər Latın Amerikası ölkələrində məsləhət 2018-ci ilə qədər qüvvədədir). ABŞ-da isə hamilə qadınlara cənub ölkələrinə getməmək tövsiyyə olunub. Yəni, ortada nə xəstəlik var, nə onun kütləviliyi və fəsadları, ancaq olmayana qarşı qlobal mübarizəyə start verilib.
Heç vaxt konspirologiyaya inanmamışam, onu ciddi nəzəriyyə saymamışam. Zatən, buna heç ehtiyac da yoxdur. Hər şey aşkardır, gizliyə ehtiyac qalmayıb. Sizə elə gəlmirmi ki, bu dəfə açıq-aşkar bəşəriyyətin gələcəyi hədəf götürülüb? Yəni, söhbət demoqrafik göstəriciləri təbliğat və tibbi şantaj vasitəsilə dəyişməkdən gedir. Yəni, yaşlıları məhv etmək üçün lokal müharibələr var, doğulacaq körpələri yox etmək üçün də «tibbi səbəblər» tapılır. Zika virusu yaşlılar üçün qorxulu deyil, bətndəki körpələr üçün isə olduqca təhlükəlidir - bu paradiqma işə salınır. Hansı valideyn dünyaya mikrosefal övlad gətirmək istəyər ki?
Halbuki, reallıq daha kədərlidir - bəşər mikrosefaliya mərhələsinə qədəm basıb...
(virtualaz.org)