Vaxt.Az
«Bakı-Xocalı təyyarə reysi…»
ATƏT-in Minsk Qrupundan uzun zamandır xəbər-ətər yox idi. Doğrudur, beynəlxalq vasitəçilərin 20 illik “fəallığının” da Dağlıq Qarabağ münaqişəsinin həllinə yardımı olmayıb. Hər halda, bu 20 ildə hər ay onlardan nəsə xəbər gözləmişik, ya bölgəyə növbəti turist səfərinə gəliblər, ya da hansısa mənasız açıqlama veriblər. Digər tərəfdən bu il həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkisi olduğundan Minsk Qrupundan ümumiyyətlə nəsə gözləməyin yersiz olduğu da əvvəlcədən bəlli idi.Buna baxmayaraq, bu həftə Minsk Qrupundan xəbər çıxdı. Ancaq “xəbərin” mahiyyətinə diqqət yetirdikdə, bunu da demək istəyirsən:”Kaş ki, Sizdən heç xəbər çıxmayaydı…”
Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İan Kelli (ABŞ) martın 2-si və 3-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrılıqda görüşdülər. Bu vasitəçilərin köhnə-yeni taktikasıdır. Yəni birlikdə konsensus alınmırsa, heç olmazsa ayrılıqda görüşüb müzakirə aparaq. Minsk Qrupu hər iki görüşü başa çatdırdıqdan sonra birgə bəyanatla çıxış etdi. Bəyanata diqqət yetirdim və orada Dağlıq Qarabağ münaqişənin həllinə təkan verə biləcək bir cümlə belə tapmadım. Əksinə, bəyanatın Azərbaycanın əleyhinə olduğu qənaətinə gəldim.
İki abzasdan ibarət olan bəyanatın əsas cümləsi budur: “Həmsədrlər Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatdırlar”.
Vasitəçilər demirlər ki, “hava limanının işə düşməsindən narahatıq, çünki bu münaqişə həll olunmamış bölgədəki vəziyyəti daha çox gərginləşdirə bilər” bunun əvəzinə deyirlər ki, “mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən narahatıq”. Yəni Azərbaycana işarə edirlər ki, guya hava limanına yalnız “mülki təyyarələr enəcək” və rəsmi Bakı bunun “ətrafında” vəziyyəti gərginləşdirməkdən əl çəkməlidir. Hələ neçə ay öncə, yazmışdım ki, ermənilərin Xocalıda hava limanı açması təşəbbüsünə Minsk Qrupu münasibət bildirmir, seyrçi qalıb. Halbuki, bölgədə hər dəfə atəşkəs pozulan kimi dərhal açıqlama yayınlayırlar. Buna görə də belə bir qənaətə gəlmişdim ki, görünür vasitəçilər hava limanının açılmasında heç bir qəbahət görmürlər. Ancaq anlamalıydılar ki, hava limanının işə düşməsi atəşkəsin pozulmasından da təhlükəli hadisəyə çevrilər, savaşa rəvac verə biləcək təxribata yol açar. Minsk Qrupunun son açıqlamasıyla tanış olduqda təəssüf ki, qənaətimdə yanılmadığımı gördüm.
Fikrimcə, Azərbaycanın Xarici İşlər Nazirliyi həmsədrlərin Xocalı hava limanına dair bu cür yanaşmasına etiraz etməlidir. Bəyanatın bu formada yayınlanması xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə Paris görüşünə də kölgə salır. Belə çıxır ki, həmsədrlər Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyanla ayrılıqda görüşdükdən sonra bəyanatı məhz Ermənistanın xeyrinə formalaşdırıblar. Bəyanatın hava limanı hissəsi ilə yanaşı “təmas xəttində müşahidə olunan gərginlikdən narahatıq” ifadəsinin də daima təkrarlanması Ermənistanın xeyrinədir. Ermənistan torpaqları işğal edib və status-kvonun davamında maraqlıdır. Həmsədrlərin isə hər dəfə “bölgədə sabitliyi qoruyun” deməsi faktiki “status-kvonu qoruyun” deməsi kimidir. Bu gedişlə İrəvan Moskvanın da xeyir-duasıyla Xocalı hava limanını hər an işə sala bilər.
Rəsmi Bakı bəyan etdiyi kimi sərhəddimizi pozacaq təyyarəni vura biləcəkmi? Sözdə bu asan səslənir:”sərhədimizi pozan təyyarəni vururuq”. Ancaq bu əməli beynəlxalq aləmə anlatmaq çətin olacaq. Əslində Xocalı hava limanını neytrallaşdırmaq haqqında çoxdan düşünməliydik. Bir qədər gecikmişik. Bu məsələni hərbi vasitələrlə həll etmək çətindirsə, diplomatik arsenalda yenilik etməliyik. Deməliyik ki, biz Xocalı hava limanının əleyhinə deyilik, sadəcə bunun üçün işğal altındakı torpaqlar boşaldılmalı və Dağlıq Qarabağın azərbaycanlı sakinləri də adı çəkilən hava limanından istifadə hüququna malik olmalıdırlar.
15.03.2013 çap et