Rusiya Elmlər Akademiyasının kapitalın beynəlxalq bazarları şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yakov Mirkinin məqaləsində Rusiyanın son 25 ildə yalnız xammal ölkəsi kimi çıxış etməsinin fəsadları göstərilir və əsas problemlər araşdırlır.
Strateq.az yazını ixtisarla oxuculara təqdim edir:
«Rəqiblərini qorxutmaq və vəcdə gətirmək ölkə iqtisadiyyatını təmin edən resurslar hesabına başa gəlir. Keçmiş şöhrəti xatırlayaraq iqtisadi gücün həddən artıq şişirdilməsi başları dumanlandırır. Rusiyanın bugünkü iqtisadi reallığı necədir? Bu reallıq hansı xarici siyasəti yaratmalıdır?
Biz kimik?
Rusiyanın nəhəng sənayesi il ərzində 140 nəfərə 1 palto, bir adama 1 cüt corab, 20 qadına 1 paltar, 12 adama 1 cüt köynək, 100 nəfərə 1 taxta çarpayı istehsal edir. (Rusiya Statistika İdarəsinin 2015-ci il üzrə məlumatları) Bu – sənayesizləşdirmədir. Biz uzunömürlülüyə görə, dünyada 122-ci yerdəyik. Hətta Fələstin muxtariyyətində belə, Rusiyadan çox yaşayırlar.
Biz – zəif iqtisadiyyatı olan dövlətik. Rusiyanın 2015-ci il üçün dünya üzrə ÜDM-də payı 1,7 faizdir (BVF-nin proqnozu).
Biz- böhran iqtisadiyyatıyıq. 2015-ci ildə sənaye istehsalı 4-5 faiz, pərakəndə ticarət 7-9 faiz, idxal-ixrac malları 35-40 faiz, real əmək haqqı infliyasiya zamanı 10 faiz, rublun ucuzlaşmasından sonra isə 15-16 faiz azalıb (Rusiya Statistika Xidməti).
Biz - dövlətin yönəltdiyi iqtisadiyyatı olan ölkəyik. Real sektorda dövlətin payı 50 faizdən, banklarda 60 faizdən çoxdur. Bu, «fillərin» – nəhəng şirkət və korporasiyaların, inhisarın hökmran olduğu, həddən artıq aşağı və zəif olan kiçik biznesin olduğu iqtisadiyyatdır.
Biz - xammal iqtisadiyyatıyıq. Bu iqtisadiyyat isə «xarici faktorlardan»- neft və qazdan (2014-cü ildə ixrac mallarının 65 faizini təşkil edib), dolar və avrodan (onlar nə qədər güclüdürsə xammalın dünya qiymətləri o qədər aşağıdır), əsas müştəri olan Avropa İttifaqından asılıdır.
2015-ci ilə qədər idxal-ixracın 50 faizi Avropa İttifaqı ilə olub. Bu gün göstərici 44 faizdir. İndi bu müştəri bizdən qaçmaq istəyir. Avropa Birliyinin və ABŞ-ın sənədləşdirilmiş siyasəti Rusiyanın dünyada xammal təchizatçısı kimi payının azaldılmasıdır.
İqtisadiyyatın «qocalmasının» riskləri
Ölkə üçün ən böyük risk sanksiyalardır. Söhbət maliyyə sanksiyasından yox, avadanlığın gətirilməsinə qoyulmuş qadağadan gedir. Rusiya bir ayda 200-250 metalkəsən dəzgah istehsal edir. Bu, tələb olunandan 10 dəfələrlə azdır. Metal emal edən avadanlığın 80 faizi isə 20 ildir ki, xaricdən alınır.
Bu iqtisadiyyat son 25 ildə yüzlərlə elmi məktəbi və texnologiyanı itirmiş iqtisadiyyatdır. Rusiya Sənaye Ticarət Nazirliyinin açıqladığı idxaldan çox ciddi şəkildə asılı olan sahələrinə baxın: dəzgahdüzəltmə (idxalda payı 90 faiz), yüngül sənaye (idxalda payı 70-90 faiz), elektron sənaye (idxalda payı 80-90 faiz), tibb sənayesi, əczaçılıq (idxalda payı 70-80 faiz), qida sənayesi üçün maşınqayırma (idxalda payı 60 faiz). Bunlar Rusiya Sənaye Ticarət Nazirliyinin qiymətləndirməsidir. Daxili istehlakda idxalın payı 2011-2012-ci illər üçün 62-66 faiz təşkil edib.
2015-ci ildə xaricdən, ilk növbədə Avropa Birliyindən maşınqayırma məhsullarının alınması 46-48 faiz azalıb. Mexaniki avadanlıq idxalı 40-45 faiz düşüb. Bu o deməkdir ki, ölkənin 2014-cü ildə texnoloji pikdə olan iqtisadiyyatını, kollaps olmasa da, İran nümunəsində texnoloji köhnəlmə gözləyir. Pul vermək hələ modernləşdirmək demək deyil. Son 25 il ərzində xaricdən texnologiya və avadanlıq aldıq, amma onu özümüz istehsal edə bilmədik.
Rusiyada 1,3 milyon ədəd mexaniki sistemlə işləyən avadanlığın 50 faizinin yaşı 20 ili keçib. Hər il 60 min dəzgah sıradan çıxır. İdxalda bunun payı 90 faizdir (2011). İldə 6-7 min dəzgah istehsal olunur (2014). Bu isə tələb olunandan 10 dəfə aşağıdır.
Maliyyə reallığı
Rusiyanın qlobal maliyyə aktivlərində payı (1-1,5 faiz) onun dünya ÜDM-dəki payından 2 dəfə aşağıdır. Biznes üçün dözülməz faizlər, yüksək inflyasiya... Maliyyə bazarının spekuliyativ modeli gah yuxarı, gah da kəskin şəkildə aşağı yuvarlanması ilə xarakterikdir. Rusiyanın son 20 ili kapitalın təmiz daşınması illəridir. Biz ofşor üzrə unikal iqtisadiyyat yaratmışıq.
2008-ci ildən sonra dövlət maliyyə sistemi daha çox problemli sistemə çevrilib (büdcə kəsiri, regionların borcu, sosial xərclərin «sıxılması»)
ÜDM-in 37-40 faizini təşkil edən vergi yüküdür. Belə yüklə Rusiya heç cürə fövqəlsürətlə yüksələ və modernləşə bilməz. Pul, investisiya azdır. Kiçik, deformasiyaya uğramış maliyyə sistemi buna qadir deyil.
İqtisadiyyatın hərbiləşdirilməsi?
ÜDM-in 4,5 fazinin təşkil edən hərbi xərclər çox yüksək xərclərdir. Ola bilsin, ordunun modernləşməsi üçün keçərlidir, amma uzaq üfüqdə bu, ciddi problemlər yaradacaq. Bu hərbi xərclər 200 dövlət arasında 10-cu yer deməkdir. Siyahıda Rusiya Omandan (11,6 faiz) Səudiyyə Ərəbistanından(10,4 faiz), Cənubi Sudandan (9,3 faiz), Liviyadan(6,2faiz), Əlcəzairdən (5,4 faiz), İsraildən (5,2 faiz), Azərbaycandan (4,6 faiz) sonra gəlir. Bütün bu dövlətlər hərbi münaqişə və daxili problemlərlə üz-üzədirlər. Rusiya iqtisadiyyatını belə kəskin hərbiləşdirməyə dəyməz. Silah lülələrinin artması onu batıracaq.
«Birləşmiş gəmiqayırma Korporasiyası»nın 90 faiz gəliri hərbi gəmi düzəldilməsindən gəlir. Halbuki Rusiya çay gəmiçiliyi 23 min gəmidən ibarətdir (2012). Onların böyük hissəsi 1970-80-ci illərdə istifadəyə verilib. Onların orta yaşı 30-40 ildir. 2020-ci ilə qədər bu gəmilərin 80 faizi istifadədən çıxarılacaq. Rusiyada isə ildə 2 ədəd sərnişin gəmisi tikilir.
Rusiya iqtisadiyyatı sərt şəkildə xammalın - neftin, qazın, metalın, ərzağın dünya qiymətləri ilə çulğalaşıb. 2011-ci ildən metalın qiyməti xeyli ucuzlaşıb. 2014-cü ildən neft və qazın qiyməti qəfildən endi. Bütün bunlar isə Rusiyanın ixrac məhsullardır. 2016-2018-ci illərdə xammalın qiymətinin 70-80 faiz aşağı düşməsi barədə ciddi gözləntilər var.
Bu, Rusiya iqtisadiyyatı üçün pis xəbərlərdir. Yüngülləşməni yalnız 2020-21-ci illərdə gözləmək qalır.
Beləliklə, ölkənin bu böhrandan çıxması və iqtisadiyyatının yüksəlişi üçün bir sıra ciddi dəyişikliklərin edilməsinə ehtiyac yaranıb. «Xammal + aqrar + hərbi» formulu daşıyan Rusiya iqtisadiyyatı düzgün iqtisadiyyat deyil...