Vaxt.Az

Zahir Əzəmət Baş Prokurorluğa niyə çağırıldı?


 

«Müstəqil olmağımızı həzm edə bilməyənlər var və bu cür təhdidlərlə işimizi pozmaq istəyirlər»

Zahir Əzəmət Baş Prokurorluğa niyə çağırıldı? Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət Baş Prokurorluğa çağırılıb. Bu barədə baş redaktora prokurorluqdan rəsmi məktub gəlib. Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun imzası ilə daxil olmuş məktubda deyilir:

«Azərbaycan Mətbuat Şurası tərəfindən cari ilin yanvar ayında bəzi internet informasiya resurslarında, o cümlədən rəhbəri olduğunuz Qaynar.info internet saytında aparılmış monitorinqin nəticələri barədə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Tərəfimizdən aparılan araşdırmalar zamanı yaranmış zərurətlə əlaqədar 28 yanvar 2016-cı il tarixdə saat 11:00-da Baş Prokurorluğa (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) gəlməyiniz xahiş olunur».

Rəsmi məktubda çağırışın Mətbuat Şurasının apardığı monitorinqlə bağlı olduğu bildirilsə də, bu monitorinqlə bağlı nə redaksiyamızda, nə də ki, qurumun rəsmi saytında hər hansı bir məlumat yoxdur. 

Saat 11:00-da Baş Prokurorun birinci müavini Rüstəm Usubov Qaynar.info-nun baş redaktoru Zahir Əzəməti qəbul edib. Öncədən də təxmin edildiyi kimi mövzu bölgələrdəki etiraz aksiyalarının işıqlandırılması ilə bağlı olub. Mətbuat Şurasının Baş Prokurorluğa müraciətində qaynar.info-nun aksiyalarla bağlı xəbərlərinin əsassız olduğu qeyd olunub. Elə Rüstəm Usubov da baş redaktorla söhbətində bu xəbərlərin çağırış xarakterli olduğunu bildirərək, xəbərdarlıq etmişdir.

Zahir Əzəmət isə öz növbəsində Qaynar.info saytında heç bir çağırış ruhlu xəbərlərin dərc olunmadığını, aksiyalarla bağlı adi və bir neçə cümləlik xəbərlərin verildiyini qeyd etmişdir. 

Görüşlə bağlı danışan baş redaktor deyib: «Mənə bu məsələdə ən maraqlı məqam Mətbuat Şurasının şübhəli mövqeyi və siyasiləşməsidir. Son iki ayda artıq ikinci dəfə bizdən Baş prokurorluğa müraciət etməsi, sonuncu müraciətində isə ümumiyyətlə bir qeyri-hökümət təşkilatı kimi səlahiyyətlərini aşması, öz boyunu aşan məsələlərə girişməsi Qaynar.info kimi ölkənin ən köklü saytlarından birinə qarşı hansısa qərəzin və ya sifarişin olduğunu təsdiqləyir. Maraqlıdır ki, Baş Prokurorluğa təqdim olunan xəbərlər az qala ölkənin bütün saytlarında getsə də, Mətbuat Şurası cəmi 2-3 saytı hədəf seçib. Halbuki Qaynar.info dərc etdiyi aksiya xəbərlərində yetərincə korrekt olub, hətta təşviqedici olmasın deyə, bir çox aksiyaların video materiallarını yayımlamayıb. Qaynar.info hansısa siyasi qüvvənin mediası deyil, 10 ilə yaxın fəaliyyət dövrümüzdə hər zaman müstəqilliyimizi qorumuşuq. Son hadisələrlə bağlı da bütün tərəflərin, daha çox da hökumətin mövqeyi işıqlandırılıb. Amma görünür, məhz müstəqil olmağımızı həzm edə bilməyənlər var və bu cür təhdidlərlə işimizi pozmaq istəyirlər».

Baş redaktor onu da vurğulayıb ki, bir neçə gün əvvəl APA-da hökümət mənbələrinə istinadla aksiyalarla bağlı xəbərləri dərc edən saytların cəzalandırılacağı ilə bağlı məlumatın yer alması və bundan dərhal sonra Mətbuat Şurasının Baş Prokurorluğa şikayət ünvanlanması bu mövzunun doğrudan da Əflatun Amaşovun «fövqündə» olduğunu isbat edir: «Bütün bunlara baxmayaraq, Qaynar.info xalqın mediası olmaqda davam edəcək və fəaliyyətimizdə peşəkar media prinsiplərini əsas tutacağıq».

 





28.01.2016    çap et  çap et