19-cu yüzilin axırlarından modernizm mədəniyyətdə gələnəklərlə ziddiyyətə girərək yeni təsvir, söyləmək, səsləndirmək üsullarını tapmışdı. Bizim gördüyümüz dünyanın öz ardıcıllıq, düzmə və düzlənmə qaydaları var. Məsələn, adam evlərin arasındakı küçədə iki ayağı üstdə duranda ayağına və ayaqları ilə yerə ağırlığı ilə çökdüyü görünür. Hətta sevinəndə “az qalır, uçsun” desələr də uçmur, çünki cazibə gücünə uçmaq səviyyəsində qalib gələ bilmir. Sürrealist Şaqal isə şəkillərdə adamlara qu lələyinin yüngüllüyünü verir və onlar başlayırlar havalanmağa. Bu, bizə görünən dünyaya yaddır, olsa-olsa yuxularımıza, “havalanmaq”, “quş kimi süzmək“ sözlərimizə yad deyil. Ancaq Şaqal sözdə ola bilənləri şəkillərdə ola bilənlər etdi və bu, başqa rəssamların o qədər xoşuna gəldi ki, hər yerə, hətta Azərbaycana da yayıldı. Səttar Bəhlulzadənin bir tablosu var, orada iç-içə qoyulmuş kasalar göstərilir, ancaq kasaların öz ağırlıqları ilə oturması görünmür, sanki şardırlar bu dəqiqə bir-birinin içində çıxıb uçacaqlar…Bu, modernizmdir.
Bəs post-modernizm nə edir?
Post-modernizm Modernizmdən təsvir qaydalarını götürür, ancaq tutalım, qəzəli qoşmaya, realizmi sürrealizmə, absurdu ağıllı deyimlərə qarışdırır. Bizim camaat üçün yemək metaforaları daha anlaqlı olduğu üçün ondan istifadə edim: dolma sanki alışdığımız kültür tekstidir. Kartof dolması modernizmdir. Yarpağa, badımcana püre büküb bişirmək və bişirilmişi həftəbecər prinsipində başqa dadlar, qoxular verən qarnirlərin arasına qoymaq isə post-modernizmdir. Yox, örnək istədiyimi kimi alınmadı, ancaq hər halda post-modernizmin həftə becər əməliyyatlarını bir az duydurdu. Qəribə deyilmi?! Biş-düşdə post-modernist həftəbecərlər yaratmağa öyrəncəli azərbaycanlılar mədəniyyətdə heç cürə post-modernizmə alışa bilmirlər!
Azərbaycan oxucusu, özəlliklə gənci 21-ci yüz ilin ruhunda olan şeir, roman və fəlsəfi tekstləri türkcədə yazmağı və qavramağı öyrənməlidir. Onun üçün də bəzi bilgiləri mənimsəməlidir.
Dünyada qanunlar nəsnələri səbəb-nəticə ilişgilərinin ağırlıq və bərklik prinsipində bir-birinə və hamısını da yerə bağlayır. Yuxularımızda isə həmin nəsnələr bərkliklərini, ağırlıqlarını itirdikləri üçün alışılmış yerlərindən çıxıb elə yerlərdə dururlar, elə hərəkətlər edirlər ki, dünyada bunu edə bilməzdilər. Ünlü filosof Vitqenşteyn demişdi: pilləkan prinsipi ilə tapılanlar mənə ilginc deyil. Nə deməkdir bu? Yəni səbəb-nəticə əlaqələri ilə bir-birinə təsbehdəki muncuqlar kimi bağlanmış nəsnənin birindən o birinə çıxmaq, beləcə “təsbeh çevirmək” mənə maraqlı deyil. Başqa yerdə bu filosof demişdi: bizim işimiz dillə savaşmaqdır (bəlkə, boğuşmaqdır?!). Baxın, dillə və deməli, alışdığımız düşüncə tərzi ilə savaşmaq post-modernizmi əmələ gətirir.
Post-modernizmə örnəklər
Yapon yazarı Haruki Murakaminin bir romanında adam yuxuları oxuyan vəzifəsinə götürülür, kəllələrə baxıb yuxuları oxuyur. Adi halında yuxuları oxumaqda təəccüblü heç nə yoxdur, hamı heç olmasa bir dəfə çalışır başqasının yuxusunun mənasını açsın. Post-modernist qəribəlik odur ki, adam hətta heyvan kəllələrinə də baxıb onun yuxularına tamaşa edir.
Başqa Post-modernist qəribəliklər: Kamal Abdullanın “Sirri-Zəmanə” hekayəsində öz adamını əlyazma özü tapır. Milorad Paviçin “Xəzər sözlüyü” romanında Müqəddəs əl-Səfər özgələrin yuxusunda balıqları bəzəməyi, bağlı qapıları açmağı bacarır.
Beləcə, öncələr mənasız deyimlər kimi görünən cümlələr post-modernizmdə məna qazanır. Azərbaycan oxucularının çoxu mənasızlıqlara nifrətdə sovet dövründə qalıblar. Onlar bilmir ki, hansısa rəssam cındır-cunduru bitişdirə-bitişdirə portret yapa bildiyi kimi yazar da mənasızlıqdan şeir və ya hekayə düzəldə bilər. Əslində, post-modernizmdən sonra bəzi xalq mahnılarının mənasız söz yığını kimi görünən şeirləri başqa cür açılır. “Pəncərədən daş gəlir...”, “Küçələrə su səpmişəm...” şözlərinin komizmi, absurdu post-modernist kodda ağıllı açılır. Bəyəm Molla Nəsrəddinin axmaq söz və hərəkətlərini düz kodda açsan, müdrik görünmür?! Beləliklə, deməynən post-modernizm bizə elə də yad deyilmiş.