Vaxt.Az

«Bəşəriyyət «son partlayış» ərəfəsindədir»


 

Tanınmış azərbaycanlı filosof qlobal kapitalizmdə ABŞ-ın müstəsna rolundan yazdı

«Bəşəriyyət «son partlayış» ərəfəsindədir» İkinci dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminin mahiyyətini şərtləndirən əsaslar 4-11 fevral 1945-ci il tarixli Yalta (Krım) konfransında əldə olunan razılaşma ilə müəyyənləşdirilib və 17 iyul-2 avqustda keçirilən Potsdam konfransında bir daha dəqiqləşdirilib və tamamlandırılıb. Dünyanın gələcək taleyini, davranış kodeksini müəyyənləşdirən Yalta-Potsdam sistemi, bu iki konfransın prinsip və müddəaları, demək olar ki, beynəlxalq hüququn özünü şərtləndirirdi. Bu şərtlər daxilində dünya nizamının saxlanması Uilston Çerçillin 5 mart 1946-cı il tarixli «Fulton nitqi»ndən başlanan «soyuq müharibə»nin sonuna qədər davam edib. Kommunizmin iflası və SSRİ-nin, sosialist düşərgəsinin süqutundan sonra artıq Yalta-Potsdam sülh sazişlərinin prinsipləri öz təsir gücünü itirməyə başlayıb, dünyanın geopolitik mənzərəsində, güclər nisbətində, regional və qlobal təsir dairələrində, nüfuz və iddia zolaqlarında köklü dəyişiklər, qeyri-ənənəvi meyllər, yeni-yeni təfərrüatlar ortaya çıxıb.

Ümumi götürdükdə, qlobal tarazlıq, ənənəvi balanslaşdırma qaydaları və şərtləri pozulub, geopolitik güc mərkəzləri, həmçinin, ənənəvi müttəfiqlik və tərəf-müqabillik transformasiyaya məruz qalıb, dövlət və milli suverenlik müstəvilərində, eynilə, ərazi bütövlüyü, sərhəd toxunmazlığı, siyasi və iqtisadi müstəqillik məsələlərində, xalqların müqəddəratının, maraqlarının müəyyənləşməsi problemlərində həlli çətin olan ziddiyyətlər yaranıb. Üstəlik də, qalib tərəf, yəni, qlobal kapitalizm, başda ABŞ olmaqla, bu ziddiyyətlərin vaxtında həll olunmasına zəruri səy göstərməyib, əksinə, bir çox hallarda münaqişə və problemlərin şiddətlənməsinə yol açıb və şərait yaradıb. Nəticədə turbulentlik, qlobal hərc-mərclik artıb, lokal, regional və qlobal qarşıdurma və toqquşmalar hədsiz dərəcədə şiddətlənib. Müasir dünya, bir növ, od-alov, qarşılıqlı nifrət içində can verən varlığa çevrilmişdir və hal-hazırda qlobal xaos vəziyyətində yaşamaq, sanki bəşəriyyətin mövcudluq üsulu statusunda çıxış edir.

Bir sıra ciddi fikir sahiblərinin, o cümlədən, Corc Sorosun, haqlı olaraq qeyd etdikləri kimi, qlobal gedişatın belə xoşagəlməz, təhlükəli xarakter almasında ABŞ-ın rolu danılmazdır. Böyük resurslara və imkanlara sahib olan ABŞ, «soyuq müharibə»dən sonra yeganə superdövlət və qlobal lider kimi, öz üzərinə düşən tarixi missiyanı – köklü surətdə dəyişib dünyada nizamyaradıcı funksiyanı, qlobal siyasi arxitektura yaratmaq vəzifəsini ödəyə bilməyib, əksinə, ənənəviləşən mənfəətdar-merkantil rəqabət təfəkkürünün ətaləti məcrasında fəaliyyətini daha da sərt formada davam etdirərək, beynəlxalq davranış kodeksini (mövcud olanı) son dərəcə bərbad hala salıb. Hər yerdə və hamı üçün haqların, ədalətin, məqbul rifah halının, ümumi sülhün qərarlaşmasına təminat vermək, qaneedici yeni davranış kodeksinin aparıcı müəlliflərindən olmaq əvəzinə, ABŞ, qlobal hökmran-hakim rolunda çıxış edərək və hətta 1648-ci il Vestfaliya sülh müqaviləsinin prinsiplərini istədiyi kimi pozaraq, öz hegemonçuluğunun gələcəyə transferinə hesablanan əlahiddə maraqlarını həyata keçirməyə başlayıb. Məsələn, Vestfaliya sazişinə əsasən suveren dövlət öz vətəndaşları ilə istədiyi kimi rəftar etmək hüququna malikdir. Son onilliklər ərzində isə biz onu gördük ki, hətta bu prinsip Birləşmiş Ştatlar tərəfindən, apardığı ikili standartlara söykənən siyasətinə uyğun olaraq, dəfələrlə pozulub, bir ölkədən demokratiya, insan haqlarının gözlənilməsi tələb olunub (çox vaxt da sosial-siyasi təxribat və hərbi güc vasitəsilə), o birisinin isə öz vətəndaşlarına verdiyi zülm-zillət, illərlə davam edən istibdad heç nəzərə də alınmayıb. Düzdür, bir çox məşhur şəxslər (müasir geopolitikanın apostolu H.Kissincer, Amerika xarici siyasətinin «qızılquşu» Z.Bjezinski, ABŞ siyasi mühitinin Sergey Kurginyanı – politoloq S.Hantinqton və b.) belə yanaşmanı «geosiyasi realizm»in təzahürü hesab edərək, xüsusi narahatlıq keçirmirlər. H.Kissencerə görə, geosiyasi realizmin banisi «dövlətin prinsipləri yox, maraqları var» söyləmiş kardinal Rişelyedir. Bu doktrina, C.Sorosun qeyd etdiyi kimi, laissez-faire doktrinası ilə nəsə bir ümumiliyə malikdir: hər ikisində maraq subyektin real hərəkətinin motivi elan olunur. Laisser-faire doktrinasında subyekt bazarın fərdi iştrakçısıdır, geopolitikada isə onun yerini dövlət tutur. Hər iki doktrina sosial darvinizmin vulqar növünə olduqca yaxındır: yalnız uyğunlaşma qabiliyyəti yüksək olanlar yaşaya bilirlər.

Bu üç doktrinanın ümumi məğzi ondan ibarətdir ki, bütün hesablamaların əsasında əxlaqi-etik mülahizələri istisna edən eqoistik maraq durur. Aydındır ki, belə düşüncə və fəaliyyət axarı olduğu halda, hamı üçün məqbul davranış kodeksi, qaneedici yeni dünya nizamı yaratmaq məsələsi daha da qəlizləşir: irəliyə doğru can atan bəşəriyyət, əksinə, geriyə - tənəzzülə, cəhalətə, nizamsızlığa, yeni-yeni qarşıdurmalara sürüklənir; hətta guya ki, pozitiv inteqrasiyaya vüsət verməli olan qloballaşma, faktiki, ümumdünya tarazlığının son dayaqlarını sarsıdır, dünya sərvətlərinin daha da ədalətsiz bölgüsünə yol açır, bütün rasional ölçüləri aşan təbəqələşməni, qütbləşməni sürətlə artıraraq, güclülərin gücsüzlər üzərində hökmranlığını möhkəmləndirir, yeni-yeni istismar və qarət formalarını, təhdid və təcavüz texnologiyalarını yaradır.

Fəlsəfəsi bu üç doktrinadan qidalanan qloballaşma hansısa başqa bir nəticə ortaya qoya da bilməz. Onun üçün ayrı-ayrı ölkələr, öz siması, mədəniyyəti, istək-arzusu, tarixi kimlik kodu olan xalqlar yoxdur, şahmat taxtasının üzərində yerləşən «peşka»lar (piyadalar) var. Bu yazıq günə salınan «peşka»ların da ki, yerini və durumunu qlobal kapitalizmin pretorları müəyyənləşdirir – həmin bu doktrinalardan çıxış edərək. «Peşka»ların içində nə baş verdiyi, insanlara verilən zülm-zillət isə geopolitikanı və onun öndərlərini qətiyyən maraqlandırmır. Təsadüfi deyildir ki, dünyanın ən məşhur politoloqu Zbiqnev Bjezinski özünün bir əsərini «Böyük şahmat lövhəsi» adlandırıb.

Əlbəttə, beynəlxalq münasibətlərə dair elə baxışlar da mövcuddur ki, əxlaqi-mənəvi mülahizələr, insani amillərə qayğılı yanaşma tələbləri irəli sürülür. Əfsuslar ki, hələlik, bu cür yanaşmalar sadəlövh, idealistik, reallığa cavab verməyən nəzəriyyəçiliyin ifadəsi sayılır və praktikada nəzərə alınmır. Geosiyasi realizm öz ənənəvi diktəsini daha böyük təkidlə yeridir və hər şey, yenə də, ifrat eqoizmə, qlobal monopoliyaların, dünya güclərinin maraqlarına xidmət edir. Bu isə o deməkdir ki, mövcudluq naminə başqalarını qurban verməlisən, kimlərəsə və nələrəsə ziyan yetirməlisən. Günbəgün universallaşan və dövlətlərin fəaliyyətində aparıcı yer tutan belə davranış forması, ilk baxışdan nə qədər təbii görünsə də, son nəticədə, müasir bəşəriyyətin özünə sui-qəsdi, intiharı deməkdir. Belə davam edərsə, bütövlükdə bəşəriyyət üçün gələcək qaranlıq görünür.

Qlobal qaydasızlığa rəvac verən bu «Geopolitik Qayda»nı soyuq müharibədən sonra yalnız bir dövlət – özünü azad dünyanın lideri kimi təqdim etməyə çalışan ABŞ poza bilərdi. Tarix ona bu şansı və imkanı veib. Bu fövqəldövlət isə vaxtında öz üzərinə düşən rolu, tarixi vəzifəni anlaya bilmədi və yaxud anlamaq istəmədi; Amerika isteblişmenti üçün köklü surətdə dəyişmiş bəşəri-tarixi situasiya dərkolunmaz qaldı. ABŞ, azad dünyanın lideri olmaq əvəzinə, qlobal hökmranlığa can atdı, bəşəri tərəqqiyə yardımçı olmaq əvəzinə, özü bir pərsəngə çevrildi, həm dünyada pərxaşlığı, hərc-mərcliyi, qarşılıqlı nifrət və düşmənçiliyi görünməyən həddə çatdırdı, həm də dünya xalqlarında «demokratiya ocağı»na olan inamı tamamilə tükəndirdi, özü-özünü nüfuzdan saldı. Son nəticədə ABŞ hökumətinin apardığı siyasət elə Amerika xalqının özünü də ciddi narahat etməyə başladı, geniş kütlə ilə elita arasında ziddiyyətlər, özgələşmə sürətlə artdı. elita və cəmiyyət bir-birinə qarşı dayanan qüvvələrə çevrildilər. Bu tendensiyanı hətta S.Hantinqton da etiraf etməli oldu : «XX əsrin sonunda ABŞ hökumətinin siyasəti get-gedə daha çox Amerika xalqının istək və gözləntilərinə cavab vermirdi». O, eyni zamanda, belə bir həqiqəti – Amerika cəmiyyətinin mənəvi erroziyasını, vətəndaş cəmiyyətinə xas olan əhəmiyyətli təzahürlərin itirilməsini də – etiraf etmək məcburiyyətində qaldı.

Bu etirafda Hantinqton tək deyil, bir çox tanınmış simalar (Robert Patnem, Daniel Patrik Moyniqan, Maykl Sendel, Patrik Bükenin və b.) amerikalıların parçalanmış millətə çevrildiyindən, ABŞ-ın mənəvi deqradasiyasından, onun təhsil standartlarının və davranış normalarının alt-üst olmasından yazdılar və yazırlar. Yaranan vəziyyətdən narahat olan mütəxəssislərdən bəziləri çıxış yolunu, problemlərin həllini daha çox din amilində, konkret olaraq, cəmiyyətdə dinin rolunun əhəmiyyətli dərəcədə artmasında görürlər. «Yalnız din itirilən dəyərlərin bərpasını təmin edə bilər!» deyirlər.

Ümumiyyətlə, dinə müraciət, xüsusən də təlatümlü dövrlərdə, həmişə tarixi gedişata xarakterik olub. Biz bunu indi Azərbaycan cəmiyyətinin timsalında da görürük. Lakin məsələ ondan ibarətdir ki, dinin aksioloji baxımdan gətirə biləcəyi fəzilətlərin qarşısını məhz yuxarıda qeyd etdiyim qlobal siyasi və geopolitik paradiqma alır. Hətta deyərdim ki, nəinki alır, həm də, bir tərəfdən, din amilindən məkrli sui-istifadələrə yol açır, digər tərəfdən, dini baxışlarda, şüurda radikallaşmanı gücləndirir, birgəyaşayış mədəniyyətini, altruistik məqamları, dialoq və qarşılıqlı anlaşma mühitini daha da kövrək, dayanıqsız edir. Beləliklə də, insana və insanlığa qarşı olan təhlükəli durum daha da məşum, fəlakətli xarakter alır.

Bu gün vəziyyət o həddə gəlib çatıb ki, dünyanın taleyinə dair qərarlar hökumət kabinetlərindən çox, transmilli korporasiyaların ofislərində qəbul edilir. Adi görünən bu hal, əslində, dövlətlərin, xalqların, millətlərin, həmçinin, fərdlərin suverenliyinin nə qədər öz mahiyyətinə cavab vermədiyini sübut edir. Hətta ABŞ-ın özünə gəldikdə, onun dövlət və millət suverenliyinin, eynilə, Amerika cəmiyyətində xalqın və şəxsin suverenliyinin şübhə altında, etibarsız olduğunu anlamaq çətin deyil. İndi, görün, digər ölkələrə nəzərən vəziyyət necədir! Aydındır ki, suverenliyə (hər dörd mənada – dövlət, millət, xalq və şəxsiyyət müstəvilərində) ciddi təhdid varsa, milli hökumət, xalqların azad seçimi, demokratik yolla hakimiyyətlərin formalaşması, mənbəyini xalqdan alan hakimiyyət kimi ifadələr, siyasi məkrə xidmət edən aldadıcı məfhumlara çevrilərək, heç də reallıqla uzlaşmır.

Digər demokratik ölkələrlə əməkdaşlıq səviyyəsində keçmiş sosialist ölkələrində, o cümlədən, postsovet respublikalarında, demokratiyanın və bu demokratiyaya söykənən milli konsolidasiyanın, hüquqi dövlətin əsaslarını formalaşdırmaq, açıq cəmiyyət quruculuğuna aparan yolları təmizləmək və abadlaşdırmaq, irtica meyllərə, istibdad rejimlərə (merkantil maraqlardan çıxış etmədən və fərq qoymadan!) qarşı birmənalı mövqe qoymaq və mütərəqqi qüvvələri əməli surətdə dəstəkləmək əvəzinə, ABŞ özünə yeni düşmən obrazı yaratmağa girişdi. Köhnə təfəkkür ətalətindən azad ola bilməyən fövqəldövlət, ehtimal ki, belə də hərəkət etməliydi: uzun müddət başlıca düşmən qismində hədəfə alınan və artıq dağılan Sovetlər İttifaqının yerini yeni, nəsə məşum bir qüvvə tutmalı idi! ABŞ-ın yeni hədəf-düşmən axtarışı həm onun özü, həm də bütün dünya üçün «yeni təfəkkür»ün qərarlaşmasını əngəlləmiş oldu. Yox, yalnız yeni təfəkkürün inkişafını əngəlləmədi, reallığın özünü, bəşəri durumu daha da eybəcər, dözülməz vəziyyətə saldı. O dərəcədə ki, ölkələrin, xalqların demokratiyaya, açıq cəmiyyət və hüquqi dövlət quruculuğuna olan arzuları tükəndi, ayrı-ayrı dövlətlər və hətta qitələr bir-biri ilə amansızcasına vuruşan despotik rejimlərin və radikal qruplaşmaların məkanına çevrildi. İndi, K. Marksın təbirincə desək, ictimai şüuru müəyyənləşdirən ictimai varlıq olduqca eybəcər və təhlükəlidir.

25 il ərzində ABŞ-ın axtardığı və yaxud, ixtira-inşa etdiyi yeni düşmən nə oldu? Bu, adını özü qoyduğu «islam terrorizmi» oldu! Özünün uzunmüddətli əlaltısı, hətta deyərdim ki, sadiq köləsi, ifrat müstəbidliyi ilə fərqlənən Səudiyyə Ərəbistanının və Qətər əmirliyinin canfəşanlığı, təşkilati, maliyyə və ideoloji dəstəyi ilə ortaya çıxartdığı «islam terrorizmi»! İndi bu terrorizmin, ABŞ-a və onun yaxın müttəfiqlərinə zəruri olan (qlobal düşüncələrinə görə!) düşmən cəbhəsinin önündə İŞİD gedir. Artıq dünya mediasında, internetdə dəlil-sübutlar ortaya qoyulur ki, sən demə, İŞİD-in vaxtaşırı nümayiş etdirdiyi «başkəsmə əməliyyatı» da, əsasən, elə düşmən inşa edənlərin öz studiyalarında çəkilir. «İŞİD mifinin sirri çözüldü - terror təşkilatının videoları ABŞ-dakı studiyalarda çəkilir»- bu başlıqla 31.07.2015-ci il tarixində «Strateq.az» saytında da maraqlı yazı gedib.

Qeyd edim ki, Səudiyyə Ərəbistanının İŞİD-in maliyyələşdirilməsində əsas rol oynadığı elə müsəlman ölkələrinin bir sıra nüfuzlu şəxsləri tərəfindən dəfələrlə səsləndirilib. Məsələn, 17 oktyabr 2014-cü ildə Tehranda cümə namazına başçılıq edən Ayətullah Əhməd Hatəmi  Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Səud Əl-Feysal-ın bəyanatına («İran Suriyada, İraqda və Yəməndəki problemin bir parçasıdır və o, özünün «işğalçı qüvvələrini» bu üç ölkədən çıxarmalıdır») cavab olaraq bildirib: «Səudiyyə Ərəbistanının xarici işlər naziri deyir ki, İran problemin həlli yox, onun bir hissəsidir. Bu, çox qəribə səslənir. Hamı bilir ki, İŞİD sizin neft dollarlarınızla yaradılıb. Hamı bunu da bilir ki, İslam dünyasında hər bir terror aktını səudlar maliyyələşdirir… Həqiqət bundan ibarətdir ki, siz problemin bir hissəsi yox, onun hamısısınız!».

Dünya ictimai fikrində belə bir baxış da yayılmaqdadır: Birləşmiş Ştatlarla yanaşı, «islam terrorizmi» xofunun yaradılmasında Böyük Britaniya və İsrailin kəşfiyyat, media orqanlarının, biznes strukturlarının, xüsusən də dünya sionizminin rolu az olmayıb. Rusiyanın həm siyasi, həm də ədəbiyyat, mədəniyyət, incəsənət adamları sırasında da bu baxış kifayət qədər qərarlaşıb. Rus elitasının bir çox nümayəndələri tərəfindən, bəzən açıq-aşkar deyilməsə də, sionizmin «qara işlər»də rolu qeyd edilir. Bəziləri isə məsələnin məğzini «masonçuluq», «gizli dünya dövləti», «Sion müdriklərinin proqramı» kimi mövzulara yönəldirlər.

Azərbaycan ictimai fikrində də oxşar qənaətlər dolaşmaqdadır. Bu da təbiidir, belə ki, ağıl işlədib, zəhmət çəkib nəyinsə məna-məzmununu araşdırmaqdansa, Hitlersayağı bütün bəlalarda yəhudiləri suçlamaq qat-qat asan və bəzən də sərfəlidir. Bunu deyərkən, əlbəttə ki, spekulyativ-sələmçi maliyyə kapitalizmin fəaliyyətində qatı və məqsədli sionistlərin aparıcı rolunu, onların rəhbərliyi ilə yaradılıb iş görən qurum-şəbəkələrin, sirli güc mərkəzlərinin mövcudluğunu danmaq fikrində deyiləm.  Və bununla da razılaşaq ki, ABŞ-ın vitse-prezidenti Co Baydenin söylədiyi kimi, «yəhudi olmadan da sionist olmaq olar».

Yeri gəlmişkən, elə həmin Bayden hələ 1996-cı ildə dünya ictimaiyyətinə belə bir mesaj verib: «Yaxın Şərqlə bağlı ABŞ-ın xüsusi layihəsi var». Sonralar böyük demokratiya təmtərağı altında həyata keçirilmiş və keçirilən bu layihənin nədən ibarət olduğu artıq çoxlarına aydındır: qlobal kapitalizmin yaratdığı böhran-fəlakətdən «qızıl milyard»ın xeyrinə qurtuluş naminə dünyanı yenidən formatlaşdırmaq və bu prosesin alovlandırmaqda olduğu məşum sobaya, yanacaq əvəzi, başqalarını, ilk növbədə, müsəlmanları, onlara məxsus resursları atmaq!

Böyük qəddarlıq və amansızlıqla reallaşdırılan bu layihələrə «bəs, müsəlmanların özləri niyə yem olurlar, tələyə gözüyumulu düşürlər?» sualı da əsaslıdır. Tam təfərrüatı ilə bu haqlı sualı cavablandırmağı burada mümkünsüz sayıram, ayrıca yazıya ehtiyac var. Sadəcə, bir məqamı diqqətə çatdırmaq istəyirəm:

Uzun əsrlər boyu, konkret olaraq – min il əvvəl, XI əsrdə yaşayıb-yaradan Əbülhəsən Bəhmənyardan sonra, islam dünyasında professional fəlsəfə olmayıb. Professional fəlsəfənin mövcudluğu, hər şeydən əvvəl, özündə ontoloji, qnoseoloji, metodoloji, məntiqi, aksioloji məqamları ehtiva edən epistemoloji sistemin hazırlanması ilə şərtlənir. Bu zəruri iş isə Ə. Bəhmənyardan sonra, demək olar ki, görülməyib. Əlbəttə ki, bunun da öz səbəbləri olub (burada da ayrıca söhbətə ehtiyac var!). Professional fəlsəfəsi olmayan coğrafiyada, məmləkətdə və yaxud regionda, necə deyərlər, başqa elmlər – riyaziyyat, fizika, kimya, biologiya, məntiq, hüquq, psixologiya, sosiologiya, siyasətşünaslıq və s. başsız qalır, yetimə çevrilir. Nəticədə elmi-texniki-texnoloji inkişaf tükənir, elmi idraki güc zəifləyir, ictimai həyatın bütün sahələri bərbad vəziyyətə düşür, düşdükcə də Allahın bəndələrini, insan toplumlarını entropiya vektoru üzrə tənəzzülə sürükləyir; bir qayda olaraq, destruksiyaya və hərc-mərcliyə yol açılır, hətta xalqların xarakteri, insani keyfiyyətlər olduqca mənfi təsirlərə məruz qalır, dəyişir. Professional fəlsəfəsi olmayan bu məkanlarda, aydındır ki, qaneedici, elmi və tarixi tələblərə cavab verən idaretmə fəlsəfəsinin mövcudluğu və fəaliyyətindən danışmaq belə əbəsdir. İdarəetmə, elmi-fəlsəfi əsaslara yox, dini-mifoloji amillərə, əfsanələrə, arxaik tabulara və bu çərçivədə ənənəviləşən vərdişlərə, yanaşmalara söykənməli olur. Beləliklə də ehkamçılıq, müstəbidliyə meyllik, kütləvi itaət psixozu, təhdidetmə və fərdlərə qarşı məqsədli basqı, terror, yaltaqlıq və riyakarlıq, məmur özbaşınalığı, vəzifədən sui-istifadə, sosial qeyri-bərabərlik, haqsızlıq və qəddarlıq, fərdi düşüncənin amansızcasına mühasirəyə alınması, ümumiyyətlə, əqli suverenliyin yox edilməsi idarəetmənin ayrılmaz ünsürlərinə çevrilirlər. O da həqiqətdir ki, belə «idarəetmə fəlsəfəsi» ilə yaşayan cəmiyyətlər həm bəşəri, həm də ictimai inkişaf, elmi-texniki-texnoloji nailiyyətlər, insani-intellektual kapitalın formalaşması baxımından yalnız son cərgədə addımlaya bilərlər. Belə olduqda, onların mürəkkəbləşən geopolitik oyunda zəif düşməsi və uduzması da təəccüblü deyil. Uduzduqca da günahı, ilk növbədə, kənarda axtarmaq, «masonların qəsdi»nə istinad etmək bir dəb halını alır. 

Xoşbəxtlikdən bu cür qənaətlərə qarşı mövqe bildirənlər də az deyil. Məsələn, Rəsul Quliyev 30 iyul 2015-ci il tarixli «Azpolitika.info» saytında verilən müsahibəsində belə deyir: «Dövlətlər hansısa qüvvələr tərəfindən deyil, öz maraqları ilə idarə olunurlar (bu fikrin özünü, məncə, mütləqləşdirmək düzgün deyil, çünki obyektivliklə uzlaşmır, kifayət qədər misal göstərmək olar ki, idarəetmədə məhz hansısa qüvvələrin marağı dövlət maraqlarını kölgədə qoyur – Ə.A.). Bəzi addımları atmaq o maraqlar baxımından vacib şərtə çevrilir və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, o addım atılır. Dövlət maraqlarını isə onun geopolitik mövqeyi, iqtisadi, hərbi gücü və bu komponentlərin tələbləri, əhalinin sosial-mənəvi xarakteri, ittifaqda olduğu blokların tələbləri və sairə kimi bir sıra amillər müəyyənləşdirir. Bəzən biz bu amilləri bilmədiyimizə görə, miflər uydururuq. Ümumiyyətlə, insan anlamadığı proseslərlə qarşı-qarşıya qalanda əfsanə uydurmaq qabiliyyətini ortaya qoyur. Bütün miflərin yaranma səbəbi məlumatsızlıqdır. İnsan oğlu hər şeyin rahatına qaçır. Anlaya bilmədiyi hadisələrin gerçək səbəbini araşdırmaq çətin olduğundan daha rahat yola baş vurur və əfsanələr yaradır. Hesab edirəm ki, «dərin dövlət», «masonçuluq» və sairə kimi miflər də bu cür bilgisizlikdən törəyən əfsanədir».

Bununla belə, dünya xalqlarının başına gətirilən bəlalarda, açıq-aşkar təşkil edilən həmlələrdə birləşdirici «ümumi məxrəc» rolunda kim və ya nə çıxış edir sualını da təbii saymaq zorundayıq. Nüvə nədən ibarətdir? Qlobal kapitalizmin pul-gəlir ideologiyası, qazanc və istismar həvəsi? Bəlkə də bu statusda transmilli korporasiya və banklar, onların sirli və məşum qlobal şəbəkələri öz fəaliyyətlərini qururlar və bu gün də mənfəətdar-məkrli strategiyalarını həyata keçirməkdədirlər?! Ola bilərmi ki, bu ümumi impulsu verən, Vladimir Bukovskinin birmənalı vurğuladığı kimi, müasir solçuların qlobal birliyidir? Hər halda, azad mətbuat, fikir azadlığı, insanların təbii haqları kimi universal fenomenlər baxımından bu cür sualların qoyulması və cavablandırılması məqbul sayılmalıdır!

Bəlkə, toxunulmaz cənablar insanları məlumatsız qoyub, yeni-yeni əfsanələrin yaranmasını özləri istəyirdilər? Əfsanələrə dözmək olar, ancaq son nəticələr heç də ürək açmır: demək olar ki, artıq nə Əfqanıstan və İraq, nə Suriya və Liviya adlı dövlətlər var; üstəlik də, bu ölkələrdən Avropaya doğru axan insan seli, yurd-yuvalarından baş götürüb qaçanların faciəsi humanitar fəlakətin hansı dərəcəyə çatdığını əyani surətdə göstərir. Ola bilərmi ki, əfqan xalqı, ərəblər, ümumiyyətlə, müsəlmanlar öz dövlətlərinin dağılmasını, ölkələrinin viranə qalmasını istəyirdilər? Bu qədərmi onlar sui-qəsdə meyillidirlər? Yox, belə deyilsə, deməli, mühüm, köklü bir səbəb var! Gəlin, onu axtaraq, tapaq, göstərək, səmimi surətdə bəyan edək, əks halda sionizmi də, masonçuluğu da gündəmə gətirən, bu mövzuları hallandırıb kütləviləşdirənlərin sayı çoxalacaq, həlli çətin problemlər isə daha da artacaq və qəlizləşəcək. Neçə ki, xalqların yaşayışına dair taleyüklü suallar cavablandırılmayıb və müvafiq tədbirlər görülməyib, əfsanələrin, uydurmaların, antisemitizm və neofaşizmin yayılmasına, hətta Avropanın özündə Adolf Hitlerin atasına rəhmət oxunulmasına təəccüblənməməliyik.

Yadımdadır, 1991-ci ildə ata-Buş demişdi: «SSRİ-nin dağılması bütün dünya üçün böyük fəlakət ola bilər». Proqnozunda o, heç də yanılmadı, ancaq fakt ondan ibarətdir ki, ondan sonra gələn ABŞ prezidentləri, o cümlədən, doğma oğlu Corc Buş, bu fəlakətin baş verməsində müstəsna rol oynadılar, köklü dəyişən situasiyada yeni dünya üçün qaneedici bir nizam proyekti reallaşdırmaq əvəzinə, olan-qalan nizamı da alt-üst etdilər, birtərəfi (kommunist yuristdiksiyası!) əldən çıxan və havada qalan Yalta-Potsdam sistemini rasionallıq səviyyəsində yeniləşdirmək zərurətini kənara ataraq, «Amerika milli maraqları» şüarı altında sırf öz dar maraqlarını, merkantil niyyətlərini həyata keçirməyə başladılar, keçmiş Sovetlərin nüfuz və təsir dairəsindən çıxan ölkələri «demokratikləşmə» trendi vasitəsilə ələ keçirməyə, yeni istismar məkanlarına çevirməyə girişdilər. Bu məqsədlə ən qatı müstəbidləri, hakimiyyətə və sərvətə ifratcasına vurğunları, hətta patoloji cinayətkarları belə, mafiya bosslarını, ümumiyyətlə, elementar insani dəyərlərlə hesablaşmayanları ayrı-ayrı ölkələrdə hakimiyyət başına gətirməkdən də çəkinmədilər. «Demokratiya» silahı vasitəsilə məhz demokratiyaya qarşı canfəşanlıq qurdular.

Ac inəyə ot əvəzinə köşən verənin yaşıl şüşəli eynəkdən istifadə etdiyi kimi, ABŞ da, eynilə, kapital dünyasının öndəri qismində, qlobal yalana, hiyləyə meydan verdi. Bu yolda ən rəzil, qeyri-insani üsul və vasitələrə əl atdı, kəmsavad-radikal millətçilərdən, dini fanatiklərdən, bəsit instiktlərdən, kütlə psixozundan, lümpenproletar hay-küyündən istifadə etdi, elementar savadı, məsuliyyət və vicdanı, idarəetmə-administrativ potensialı olmayan «siyasətçi»lər sürüsü ortaya çıxartdı. Bu «zapal-zaryad»la hətta Avropanın mərkəzində heç də pis durumda olmayan Yuqoslaviyanı içindən zəhərlədi, şam-şum etdi, parça-parça edib tarixdən sildi; öz çirkli niyyətləri naminə böyük bir ölkəni bombardman etməyi də «sivil və mədəni» siyasətinə rəva bildi. Amerikasayağı qloballaşma, faktiki, amerika kapital elitasının heç bir məhdudiyyət qoyulmadan daha da sərvətləşməsi naminə adi lokallaşmadan ibarət oldu!

Aydındır ki, bu qlobal miqyaslı fitnə-fəsadı, yalan və qəddarlığı, görünməyən qarət və istismarı, insan varlığına qarşı çevrilən siyasi lotuluğu, dələduzluğu ört-basdır və davamlı  etmək üçün «yeni insan» (debiloidlər) istehsalı bu mənfur strateqlərin (liberoidlərin) proyektlərində önəmli yer tutmalı idi. Bunun üçün isə, şükürlər olsun, artıq «mədəni qloballaşma» deyilən nəsnə öz işini görürdü, mədəniyyətlərin homogenləşməsi, asosial xarakter alması, minilliklər boyu xalqları ayaq üstə saxlayan ictimai normaların, adət-ənənələrın, pozitiv dəyərlərin aradan götürülməsi artan sürətlə reallaşırdı. İndiyə qədər ibtidaidən – aliyə doğru cərəyan edən bəşəri təkamül, əksinə, alidən – ibtidaiyə, bəsitə doğru həyata keçirilirdi. Bu qlobal təntənəni daha etibarlı etmək, az-çox düşünən beyinləri də sarsıtmaq, destruksiyaya uğratmaq məqsədilə, əlbəttə ki, mədəniyyəti və incəsənəti, elmin özünü qarət və talan olunan ölkələrdə, elə lap Amerikanın və Avropanın özündə, pozğun şoumenlərin, sırtıq, həyasız şarlatanların ixtiyarına vermək, xalqlara yeni peyda olan «ulduzlar»ı («yazıçı», «şair», «müğənni», «rəssam»... və «akademik»ləri) sırımaq lazım idi. Bəxtəvərlikdən, Avropanın mərkəzindən – Fransadan –  bəşəriyyətin qara gününə bəraət verən, mədəniyyətin və mənəviyyatın boğazlanmasına çıraq tutan supermodernist cərəyan – postsrukturalizm – dünyaya yayılmaqda idi. Bir sözlə, debiloidlər istehsalı üçün hansısa fəlsəfi «izm»ə ehtiyac qalmırdı.

Onsuz da (alim-tədqiqatçıların 25 il bundan əvvəl apardıqları araşdırmalara əsasən deyirəm!) Yer kürəsinin üzərində yaşayanların 80 faizindən çoxu, yumşaq desək, ağıl cəhətdən qüsurlu idilər. Belə ki, məntiqi, yəni, rasional təfəkkürə malik deyildilər, hissi düşüncə ilə yaşayırdılar; hansısa mühüm hadisəyə münasibətdə səbəbləri aşkarlamaq, gedişatı proqnozlaşdıra və bütöv mənzərə yarada bilmək iqtidarında deyildilər. Bu «təfəkkür» müqabilində də onların aksioloji imperativləri, əxlaq-etik meyarları müəyyənləşirdi: canıma, malıma, tayfama nə faydalısa, onu edim, dəbdə olan axına, cərəyana, sürüyə qoşulum, özümə və ailəmə sərfəlidirsə, lap qatı kommunist və yaxud cəbhəçi, demokrat, millətçi, liberal olum, hər bir rejimlərdə, yağdan bıçaq kimi keçərək, ayaq üstündə, at belində «будь готов!» olum, yıxılanı, gücsüzü baltalayım, lazımdırsa, «düşmənlər»ə işgəncə verim, onları – şikəst, övladlarını – bədbəxt edim, ailələrini dağıdım, dərindən düşünən vicdanlı beyinləri, mərifət sahiblərini bəribaşdan qapazlayım və əzim. Üstəlik də, milləti vətənpərvərliyə, birliyə, həmrəyliyə, dövlətçiliyə çağırım, qanundan, ədalətdən danışım! 

«Görünən dağa nə bələdçi?» deyirlər, bəşəriyyətin başına açılan bu qədər məşəqqətlərdən sonra, məgər, düzgün olmazmı ki, etiraf edək: nəsə «qlobal loxotron»a bənzər bir mütəşəkkil qüvvə bu dünyanı viran etməkdə, xalqların gününü qara əysiyə bükməkdədir. Əməlli-başlı loxlaşdırma siyasəti, yəni «bıdlo»ya, «debil»ə, «zombi»yə çevirmə işi aparılır. O dərəcədə azart-həvəslə və məqsədli aparılır ki, hələ idarəetmə və hüquq-mühafizə sistemini demirəm, artıq elm-təhsil-maarif-mədəniyyət sistemini ayaq üstə yox, başı üstə saxlamaq, yerlibazlıq və tayfaçılıq, rüşvət və korrupsiya, yalan-böhtan və fırıldaqçılıq, yaltaqlıq və simasızlıq ocağına çevirmək, xüsusən də «mən də varam» deyən müsəlman ölkələrində, dəb halını alıb və kütləviləşib.

Bəli, loxotronşiklərin kimliyini dəqiq bilməsək də, liberoidlərin marağını qoruyan loxotronun var gücü ilə işləməsi, «debiloid»lərin yetişdirilməsi danılmazdır. Gənclər bir yana qalsın, 60-ı, 70-i keçmiş yazıçı, şairlər tanıyıram ki, 120 manat pensiyaları ilə bir komada can verirlər, ancaq özlərini əməlli-başlı dəlixanadakı «Yuliy Sezar», «Napaleon» kimi aparırlar, elə hey güldən-çiçəkdən, sevgili canandan, al yanaqdakı qara xaldan dəm vururlar (bəlkə də, bəxtəvərdilər?!); əldən-ayaqdan düşən həkim-psixiatrların «ağıl duası»nın bir xeyri olmadığı kimi, bu yazıqları, «müstəqil»likdən və «azadlıq»dan meyxoş olan bu bəndələri qandırmaq olmur. Faciələrini az-çox qananlar da deyirlər: «Az qalıb, artıq imam Sahib-Zaman zühur etməkdədir, gəlib hər şeyi yerbəyer edəcək». Dibi olmayan cəhənnəm quyusuna kəllə-mayallaq gedən bu bəxtəvərlərdə huri-mələklər məskanı olan cənnətə vurğunluqları qravitasiya gücündən də betərdi. Özü də, kimi qımıldadırsan, cüppulu manısdan, estrada amazonkası-kurtizankasından tutmuş, sifəti saralan-bürüşən, it günündən vaxtsız qartan, sual işarəsinə dönən şairə kimi, hamı vergili olduğundan dəm vurur: «Bu, məndə Allah vergisidi»- gecə-gündüz radioda, ekran-efirdə elə hey bu cür fikirlər dolaşmaqdadır. Alman, ingilis, yapon gündə bir ixtira edir, yeni texnika-texnologiya növü, sosial paradiqmalar yaradır, ancaq özünü İlahi qüvvənin bəxşişi saymır, başını sallayıb işini görür. Bizdə isə artıq siyasətçilərin də bəzilərinin başı tərpənib, hətta mexanika-fizika, kosmologiya-astrofizika sahəsində yazı-pozu edib, Nobel mükafatına özlərini layiq bilirlər – Allah vergisinin və fitri istedadın qıcqırmasından! Şeyriyatı-ədəbiyyatı, mədəniyyəti, siyasəti bu cür düşüncələrlə yaşayan, elmi-təhsili-incəsənəti «vergili akademik»lərin, «vergili sənətkar»ların girovunda qalan toplumun, görəsən, gələcəyini nə gözləyir? İmam Sahib-Zaman zühur etsə belə, onun nəyinə lazımdır bu zay olan bəndələr, bu debiloidlər! İnsan deyilən varlığın yenisini, təzəsini dünyaya gətirmək daha asan və ədalətli olmazmı?! Bir sözlə, deyəsən, Allah-Təala indiki sivilizasiyanı bir yağ-şor dümbəyi kimi büküb tarixə yem edəcək.

Bütün əcaibləri müşahidə etdikcə məndə belə qənaət yaranır: robot düzəltmək üçün heç də, ənənəvi olduğu kimi, dəmirə-plastikə, mürəkkəb elektron sxemlərə müraciət etməyə ehtiyac yoxdur. Artıq sosiallığını itirmiş bioloji varlıq – canlı «adam» kifayətdir. Bundan yaxşı robot! – Yesin, içsin, özəl kanallarımızın şoularından ləzzət alsın, «sevimli şou»larda əylənsin və bir qram biliyə, ağıla, vicdana, abır-həyaya malik olmasın. Görəsən, aşağısı olub, yuxarısı olmayan bu bəxtəvərlərə kimsə yiyə çıxacaqmı? Nəyinə lazım, o kimsənin işi-gücü az olacaq ki, dolların meydan oxuduğu vaxtda cənnət arzusunda bulunan yarımadamcıqlara yenidən zövq, mərifət, fəzilətlər aşılasın, ağıl-kamal bəxşiş etsin! Biri digərinin qıçını dibindən çəkib çıxardanların özlərinə də, əslində, bu, lazım deyil. Genetik-ilkin etik imperativlər çoxdan deformasiyaya uğrayıb. Qoy, gedib yeni-yeni top-şoular və yaxud əldəqayırma partiya filialları, dublikatları yaratsınlar, güya vətəndaş cəmiyyətinin rəmzi olan QHT-lər açsınlar. Bunlar öz balalarını sümürüb-yeyən bəzi heyvan növlərinin (məsələn, dovşanların) dişilərindən də betərdilər; uzunmüddətli mənfi işarəli təkamül prosesi yaşadıqları üçün növ həmrəyliyinə, təəssübkeşliyinə, yəni, insani cəhətlərə malik deyillər, hannibalizmə meyllidirlər. Elə özləri də kimlərinsə yemi olmağa həvəslidirlər. Özüm görmüşəm: «boqomol» (dəvədəlləyi) hörümçəyin artıq başını yeyib, o isə bundan həzz alaraq xumarlana-xumarlana qarnını sığallayır.

Yox, mən deyə bilmərəm ki, «boqomol» yalnız müsəlmanların başını yeməkdədir. Dövrümüzün əcaib yeni imperiya forması olan Avropa İttifaqına daxil olan ölkələrin, daha doğrusu, burada yaşayanların vəziyyətinə, hansı mənəvi-psixoloji duruma düşdüklərini bu gün ən qatı avropapərəst şəxs etiraf etmək zorundadır. Avropa mədəniyyətinin asosial xarakter almasından, onun durmadan dərinləşən deqradasiyasından onların öz mütəxəssisləri, alim və yazıçıları, ictimai xadimləri yazırlar. Yazıların birində hətta belə bir fikir də gedib: korrupsiyaya yoluxan Avropa Parlamenti və Avropa Şurası üçün ən gözəl cəmiyyət – küt, başıdumanlı, arağa, narkotiklərə, teleşoulara, internet tullantılarına aludə olan, intellektsiz kütlədir. Anoloji fikirlərə mən Aleksandr Zinovyev, Stanislav Lem və Vladimir Bukovskinin  də yazı və çıxışlarında, müsahibələrində rast gəlmişəm.  

Yeni düşmən-hədəf yaratmaq cəhdindən yazarkən, qətiyyən ABŞ-a böhtan atmaq, onu yalandan suçlamaq fikrində deyiləm. Bu cəhdin ABŞ üçün nə qədər önəmli olduğunu hətta onun apardığı siyasətə tam loyal münasibət bəsləyən, «Amerika milli maraqları»nın, «Amerika milli identikliyinin» durmadan qayğısını çəkən tanınmış mütəxəssislər etiraf edirlər. Üstəlik, onların bir çoxu yeni düşmən yaratmaq qayğısını əsaslandırmağa çalışırlar. Məsələn, ABŞ-ın məşhur politoloqu Samüel Hantinqton hələ 2004-cü ildə nəşr olunan «Biz kimik? Amerika milli identikliyinə olan çağırışlar» əsərində yazırdı: «Amerika siyasi elita içərisində «soyuq müharibə»nin yekunu eyforiya, məğrurluq coşqunluğu və yekəxanalıq yaratdı – və qeyri-əminlik hissi. İdeoloji düşmənin itirilməsi məqsədin itirilməsini doğurdu...1990-cı illərdə Amerika siyasətçiləri və diplomatları, hamılıqca, belə düşmən axtarışı ilə qayğılı idilər. Bu axtarışların iştirakçıları bir-birlərinə və ölkəyə bir çox variantlar təklif edirdilər».

Amerika dəyərlərinin və ABŞ milli təhlükəsizliyinin qorunması üçün daimi düşmən obrazının vacibliyini əsaslandıran S. Hantinqton, son nəticədə bu fikri söyləyir: «İslam və xristianlıq, xüsusən də Amerikada hökmranlıq edən anqlo-protestantizm arasındakı uçurum islamın demonlaşdırılmasını gücləndirir. 11 sentyabr 2001-ci ildə isə Üsamə Ben Ladenin hesabına düşmən axtarışları tamamlandı. Nyu-Yorka və Vaşinqtona hücumlar Əfqanıstan və  İraqla müharibəyə, həm də qeyri-müəyyən «bütün dünyada terrorizmlə mübarizə»yə  gətirdi və döyüşkən islamı iyirmi birinci əsrdə Amerikanın başlıca düşməninə çevirdi».

Paradoksal da görünsə, ABŞ-ın rəhbər tutduğu trendi onun bir çox siyasətşünasları, elm adamları (S. Hantinqton, Pol Peterson, Robert Patnem, Teda Skopol, Con Apdayk, Devid Kennedi, Çarlz Krautxammer və b.) nəinki tənqid etmişlər, əksinə, bəraət qazandırmağa girişmişlər. Onların ümumi qənaətlərini belə formulə etmək olar: «Amerikaya öz möhtəşəmliyini, güclü milli hökumətini, milli birliyini və identikliyini qoruyub saxlamaq üçün hansısa real düşmənin olması zəruridir»; «Xarici düşmənin yoxluğu Amerikanın siyasi birliyinin eroziyasına, etnik və dini ziddiyyətlərin kəskin artmasına, habelə, siniflər, zümrə və təbəqələr arasında şiddətli toqquşmalara səbəb ola bilər».

Ronald Reyqanın  «Şər İmperiyası» adlandırdığı SSRİ-nin dağılması ilə real düşmənin itirilməsindən təşvişə düşən Pol Peterson 1994-cü ildə deyirdi ki, «soyuq müharibə»nin qurtarması, hər şeydən əlavə, milli maraqların tədricən buxarlanmasına gətirib çıxardacaq ki, heç kim ölkə naminə canından keçmək arzusunda olmayacaq, eyni zamanda, hökumətə etimad azalacaq, professional siyasi rəhbərliyə tələbat və millətin ümumi təəssübkeşliyi zəifləyəcək. Elə həmin Hantinqton da, analoji olaraq, yazırdı ki, «xarici düşmənin olmaması çox vaxt millətin parçalanmasına, güclü milli hökumətə və milli birliyə tələbatın azalmasına gətirib çıxarır».

Bu müəlliflərin arqumentlərini bütövlükdə şübhə altına almaq, səhv saymaq, əlbəttə, düzgün olmazdı, xüsusən də ABŞ-ın fərdiyyətçiliyin qabarıq surətdə özünü göstərdiyi anqlo-protestant ölkə olduğunu nəzərə alsaq. Lakin düşünmürəm ki, daimi düşmən axtarmaqla-yapmaqla bu alim-politoloqlar və onların məsləhətilə hərəkət edən siyasətçilər yuxarıda qeyd etdiyim təşviş hissindən yaxa qurtarsınlar və ABŞ-ı etibarlı özünüreallaşdırma, gələcəkdə də dünya hegomonluğunu əldə saxlamaq yoluna çıxartsınlar. Ümumiyyətlə, deyim ki, ABŞ başda olmaqla Qərbin bir çox tanınmış şəxsləri həmin təşvişi, narahatlığı («Qərb süquta uğrayır!») yaşamaqdadırlar, ancaq onların heç də hamısı çıxış yolunu düşmən ixtira-inşa etməkdə görmürlər. Fəlakətin yetişdiyini və yaxud yaxınlaşdığını bir sıra müasir qərb mütəxəssisləri (o cümlədən, F. Fukuyama, İ. Vallerstayn, P. Bükenen) bu və ya digər tərzdə bildirirlər. Prezident Niksonun və Reyqanın müşaviri, 1992-ci və 1996-cı illərdə Respublikaçılar partiyasından prezidentliyə namizəd olmuş Patrik Con Bükenen hətta öz kitabını belə adlandırıb: «Qərbin ölümü». Bu yerdə, həm də, hələ 1950-ci ildə görkəmli ingilis yazıçısı Artur Klarkın «Uşaqlığın sonu» romanını xatırlatmaq lazım gəlir. Necə deyərlər, mesaj oradan gəlir! Əsərdə bəşəriyyət informasiyanın təsiri altında özü-özünə son qoyur. Fikrimcə, bu məcrada sürrealist rəssam, dahi Salvador Dalinin 1943-cü ildə çəkdiyi məşhur «Yeni insanın doğuluşunu müşahidə edən körpə» əsərini də yada salmalı və göz önünə gətirməliyik.

Düşmən obrazı, bəlkə də, Amerikanı bir müddət ayaqda saxladı – həlli çətin problemlər və ziddiyyətlər artsa da. Son nəticədə, əgər yeni trend ortaya çıxmasa, ABŞ-ın Üçüncü Dünya müharibəsindən – əsasən də avro-amerikan mədəniyyəti ilə islam dünyası mədəniyyəti arasındakı mübarizədən – salamat çıxması şübhə altındadır. Və səbəb təkcə islam dünyası mədəniyyətinin əxlaqi-mənəvi keyfiyyətlər baxımından daha stabil olmasında deyil, mahiyyətli determinatlar avro-amerikan sivilizasiyasının özündə gizlənib. Burada artıq tarixi rolunu oynayan və müxtəlif ölçülər üzrə gücünü itirmiş amillər, əvvəldən özündə təhlükə, destruktiv məzmun-mahiyyət daşıyan ünsür və tendensiyalar çoxdur. Bunlardan bir mühümünü, anqlo-sakson mahiyyətli liberal-demokratizmin artıq tükəndiyini yapon mənşəli filosof-sosioloq Frensis Fukuyama hələ 1990-cı ildə «Tarixin sonu?» məqaləsində, üstüörtülü olsa da, göstərib. Problemli situasiyadan pozitiv çıxış variantlardan biri kimi, hətta «Hegel liberalizmi»ni müzakirə müstəvisinə gətirib. (Bu mövzuya dair öz fikirlərimi vaxtilə ətraflı surətdə əsərlərimdə, məsələn, «İdarəetmənin sinergetik fəlsəfəsi: yeni dialoq naminə» adlı kitabda təqdim etmişəm). Sonralar F.Fukuyama öz fikirlərini «Tarixin sonu və axırıncı adam» adlı çox maraqlı və dəyərli kitabında inkişaf etdirib.

Həqiqətən də sual yaranır: indiyə qədər ABŞ-ı, Qərbi öz azadlıqları ilə qabağa aparan, elmi, texniki və texnoloji tərəqqiyə şərait yaradan liberal-demokratizm artıq tükənibsə və özü maneəyə çevrilibsə, bəşəriyyət hansı ideoloji xəttə üstünlük verməlidir? Yalnız bu liberalizmi yaxşılaşdırmaqla, korreksiya etməklə nəyəsə nail olmaq mümkündürmü? Mümkün deyilsə, postliberalizm nədən ibarətdir?

Qəribədir, nədənsə bizim siyasətçilər bu cür məsələlərlə özlərini məşğul etmək istəmirlər, «beşgünlük ömür»ü məhz «siyasətçi» kimi yaşamaq istəyirlər. Nə demək olar, tezbazar divident götürmək eşqi insan mentalitetinə xas xüsusiyyətdir!

Üstəlik də, köhnə şüar yenidən dəbə minib – çoxları siyasətçi borcunu bunda görürlər: «İslahat lazımdır!». Soruşmaq eyib olmasın, bu islahatın nəzəriyyəsi, yol xəritəsi varmı? Varsa, hansı fəlsəfi, ideya-siyasi əsasa, epistemoloji bazaya söykənir, təqdir və təşviq etdiyi dəyərlər, aparıcı vektoru və tranzit mərhələləri nədən ibarətdir? Mən heç onu demirəm ki, ölüvay hala düşən iqtisadiyyatı, böhranlı cəmiyyəti islah etməzdən əvvəl konsiliuma çıxardırlar və reanimasiyadan keçirirlər, ayaq üstə qoyub, dirçəldirlər. Bu məqsədlə, ehtiyac varsa, hətta ən sərt idarəetmə üsullarına əl atırlar.

ABŞ və Avropanın bəzi tanınmış şəxsləri  belə fikir söyləməkdən də çəkinmirlər: müasir zamanda Qərb öz təhlükəsizliyini qorumaq üçün müqəddəs saydığı azadlıqları məhdudlaşdırmalıdır. Hətta Şoll-Latur belə demişdir: «Demokratiya o vaxt qalib gələcək ki, demokratiya olmasına son qoyacaq».

Deyim ki, demokratiyanın məhdudlaşdırılması fikri, müxtəlif əsaslandırmalar altında, postsovet ölkələrində də, xüsusən hakim siyasi dairələrdə, dəbə minib. Söz yox ki, bu qənaət nə Qərb, nə də postsovet ölkələri üçün sağlamlaşdırıcı resept ola bilməz. Əksinə, düşünürəm ki, çıxış yolu, hər şeydən əlavə, demokratiyaya daha ciddi və etibarlı təminat verməkdədir.

İmmanuil Vallerstayn, ümumiyyətlə, yayılan fikirlərdən fərqli olaraq, heç də Z. Bjezinskisayağı «soyuq müharibə»nin qurtarmasını ABŞ-n qələbəsi saymır, əksinə, onun hegemonluğunun və liderliyinin sonu hesab edir. O, Fukuyama kimi, problemin yalnız ideoloji tərəfini işarələmir, daha dərinə gedərək, bütövlükdə kapitalist «dünya-iqtisadiyyat sistemi»ni (Vallerstaynın öz terminidir!) tənqid edir. Elə bu səbəbdən də neomarksist adlanır.

İ.Vallerstayna görə, nə qədər ki, kapitalist dünya-iqtisadiyyat sistemi var, münaqişə və müharibələr, böhranlar qaçılmazdır. Lakin o, Marks, Engels, Lenin kimi, elə də  optimist deyil, kapitalizmin tezliklə alt-üst olduğunu düşünmür, dünyanın inqilabi yeniləşməsini qəbul etsə də, onu uzaq gələcəyə aid edir. Kapitalist sistemini əvəzləmək üçün, Vallerstaynın fikrincə, güclü antisistem olmalıdır, o da ki, uzaq gələcəyin işidir. Getdikcə artan və şiddətlənən konfliktlərin səbəbini isə İ. Vallerstayn, S. Hantinqtondan fərqli olaraq, sivilizasion yox, iqtisadi amillərdə görür.

Onu da qeyd edim ki, futuroloji baxımdan Vallerstaynın öncədən söylədiyi bir sıra fikirləri, xüsusən də  Cənubdan Şimala, Şərqdən Qərbə doğru miqrasiyanın hədsiz dərəcədə güclənməsi və bu zəmində yeni mürəkkəb problemlərin yaranması barədə proqnozu artıq özünü doğrultmaqdadır.

O ki qaldı konfliktlərin səbəbinə, fikrimcə, burada həm sivilizasion, həm iqtisadi, həm də digər amillərin rolu var, yəni, problem çoxölçülü və çoxşaxəlidir, bunu reallığın özü sübut edir və xüsusi arqumentlərə ehtiyac yoxdur. Böyük əxlaqsızlıq epidemiyası, aksioloji böhran isə bütün ölçü və şaxələrə sirayət edib. Elə ona görə də «kim necə bacarırsa, özünü xilas etsin!» düstüru fərdlərin, cəmiyyət və dövlətlərin, dini-mədəni və sivilizasion sistemlərin başlıca əsasnaməsinə çevrilib. Belə olduqda, qlobal siyasi arxitektura axtarışında olan bəşəriyyət üçün nə İmmanuil Kantın, nə də Yurgen Habermasın «ümumi sülh»ə aparan konsepsiyaları bütün dərdlərə dərman olmayacaq və, deyəsən, Üçüncü Dünya müharibəsindən tərəflərin heç biri qalib çıxmayacaq. Belə ki, hər bir tərəfin özü, yumşaq desək, bir-biri üçün anonim və yad olan məxluqlar toplumundan ibarətdir, o məxluqlardan ki, özlərinə iki yumurta bişirmək üçün bir şəhəri yandırmağa hazırdırlar. Bunların kredosu diriltmək, qurmaq, qorumaq, xoşbəxt etmək yox, öldürmək, dağıtmaq, işgəncə vermək, bədbəxt etməkdir! Nadürüstlər həmişə şəxsi mənfəət gətirən asan yolla gedirlər: termodinamikanın ikinci qanunudur – hər bir sistemi dağıdıb məhv etmək onu inşa edib yaşatmaqdan qat-qat çətindir. Bu, entropiya vektorudur! 

XX əsrin 80-ci illərinin sonundan üzübəri dünyada cərəyan edən müəmmalı və insani tələfat baxımından ağır nəticəli hadisə və proseslər, xüsusən də müsəlman ölkələrinin başına gətirilən müsibətlər göz qabağındadır. O da tam aydındır ki, bu məşum gedişatdan, islamın demonlaşdırılmasından və müsəlmanların yaşayışının cəhənnəmə döndərilməsindən qazanan, hələ ki, dünya oliqarxiyasıdır. Bu oliqarxiyanın dəftər-kitabı artıq çoxdan insan azadlıqlarına təminat verib XIX əsrin liberalizminə əlvida deyib.

Xüsusi sübuta varmadan demək olar ki, bəşəriyyət, həqiqətən də, turbulentliyi sürətlə artan ciddi böhran içərisindədir, bəlkə də «son partlayış» ərəfəsindədir. Bu böhranın nüvəsini, fikrimcə, müasir qlobal kapitalizmin və onun aparıcı ideya-nəzəri daşıyıcısı olan liberalizmin böhranı təşkil edir. Müasir təqdimatda bu liberalizmi (müxtəlif modifikasiyalarına baxmayaraq) oliqarxik liberalizm də adlandırmaq olar. Oliqarxik liberalizm, anqlosakson mahiyyətli liberalizmin tarixi məhsulu olaraq, keçən əsrin 50-ci illərinin sonu – 60-cı illərinin əvvəllərində təkan alıb və artıq 80-ci illərdən üzübəri möhkəmlənmişdir. (Səbəb və təfərrüatları barədə ayrı-ayrı yazılarımda fikirlərimi bildirmişəm!). Oliqarxlaşmanın vüsət əldə etməsi, öz növbəsində, qlobal kapitalizmə məxsus olan mənfi səciyyəni daha da gücləndirib, zəruri qadağa (məhdudiyyət) prinsip və mexanizmləri ilə hesablaşmayan kapitalizmin insana və insanlığa qarşı amansızlığını, anti-humanistliyini tam çılpaqlığı ilə ortaya qoyub. Nəticə olaraq, qlobal miqyasda, haqq-ədalət bə bərəbərlik müstəvilərində həm ölkədaxili, həm də dövlətlərarası tarazlıq ciddi surətdə, ifrat dərəcəsində pozulub. Qısaca desək, varlılar (azlıq) daha da varlanıb, kasıblar (çoxluq) isə daha da yoxsullaşıblar. Hüquqa, sərvətə, tükənməz imkanlara sahiblik azlığın əlində cəmlənib, yoxsulluq, səfalət, zülmə dözmək aqibəti çoxluğun qismət payı olub. Xüsusən ölkələrarası nisbətdə «sərvətli» – «yoxsul» fərqləri ağlagəlməz dərəcədə böyüyüb, kəskin qütbləşmə baş alıb getmiş; qlobal kapitalizmin söz sahibi olan imtiyazlı ölkələrindən kənar bütün ölkə və regionlar total istismara, talana, aşağılanmaya məruz qalıblar. «Geriqalmış ölkələr»in geriliyini, məzlumluğunu əbədiləşdirmək, ayrı-ayrı bölgələrdə artan haqlı narazılığı, nifrət və üsyançılığı çərçivələmək, yatırtmaq üçün hər cür hiylə və fəndlərin yeni-yeni üsul və formaları düşünülüb, işə salınıb. Dünyanı hörümçək toru kimi bürüyən transmilli korporasiya və bankların, onların gizli-məşum şəbəkələrinin həmlələri, siyasi-hərbi müdaxilələr, ideoloji-psixoloji-mənəvi təcavüz, «müasir mədəniyyət» adı altında etno-milli kodların dəyişdirilməsi, tarixi gen yaddaşının məqsədli surətdə zədələnməsi, ənənəvi dəyərlərin ortadan götürülməsi və mahiyyətcə saxta, içi boş, asosial «dəyərlər»lə əvəzlənməsi, eyni zamanda, istehlakçılıq, əşyaçılıq psixologiyasının, maddiləşmə-mənfəətləşmə, əyləncə-şou ovqatının alovlandırılması, beyinlərin və qəlblərin «yuyulması», səmimi insani tellərin, sağlam münasibətlərin yaşamasına, özünü göstərməsinə yer və imkanın verilməməsi, ailənin və digər sosial institutların məqsədli sürətdə destruksiyaya, deqradasiyaya çəkilməsi və sair – bütün bunlar qlobal kapitalizmin arsenalını təşkil etməkdədir. Həqiqətən də, bəşəri sərvət sayılmalı «hüquqi dövlət», «vətəndaş cəmiyyəti», «demokratiya», «insan haqları» kimi məfhumlar da, əsasən, bu məqsədlə işə salınıb, böyük təmtaraqla, hay-küylə, yüzminsifətlə təqdim olunublar. Xüsusən «soyuq müharibə»dən sonra bu dəyərlər əməlli-başlı sui-istifadə, müdaxilə və işğal alətinə çevriliblər.

Məsələn, son onilliklər ərzində qəbul edilmiş beynəlxalq sənədlərə zidd olaraq, insan hüquqları məsələsində ikili standartlar, təmənnalı münasibət, ayrı-seçkilik özünü göstərir, ABŞ və Avropa İttifaqı ölkələri özləri üçün rəva bilmədiklərini başqaları üçün məqbul sayırlar; insanların təbii haqları maddi-iqtisadi, geosiyasi və hətta şəxsi maraqlara qurban verilir. Oliqarxik (maliyyə-sələmçi) kapitalizmin aparıcı ölkələri insan haqqlarının praktiki müstəvidə reallaşması məsələsində özlərinin çeşidli münasibətlərinə bir növ bəraət qazandırmaq üçün rəsmi əsas da ortaya qoyublar. Avropa İttifaqının «Əsas hüquqlar haqqında Xartiya»sı (7 dekabr 2000-ci il), nə qədər kamil sənəd olsa da, bütün pozitiv cəhətləri ilə yanaşı, həm də məhz bu niyyətə qulluq edir: necə deyərlər, insan haqlarının arxasında durmağı üzərlərinə götürüb ölkələr universal elan etdikləri prinsipi elə özləri universallıqdan, hamı üçün vaciblikdən çıxarıblar – hüquqlar kopleksinin qeyd-şərtsiz, mütləq ödənilməsini yalnız artıq demokratiya şəraitində yaşayan Avropa İttifaqı ölkələrinin qismətinə yazıb, onların «toxunulmaz mülkiyyət»i elan ediblər.

Qlobal demokratiya carçılarının dünyaya yeritdikləri «birinci», «ikinci» və «üçüncü» demokratiya dalğaları (indi «dördüncü»dən də danışırlar!), bir qayda olaraq, bu dəyərlərin mahiyyəti üzrə qərarlaşmasını deyil, onların vasitəsilə məkrli oyunlar qurmaq, manipulyasiya imkanları qazanmaq, «müstəqiləm!» deyən xalqlara və dövlətlərə kəmənd atmaq, onları çaşdırmaq, bir-birinə qarşı qoymaq, milli hakimiyyətlərin xalqla təmasını, ünsiyyətini qarşılıqlı nifrət, etibarsızlıq üzərində kökləməklə hər iki tərəfi özündən asılı etmək, bəribaşdan onların – həm xalqın, həm də hakimiyyətin –  suverenliyini qansız-qidasız qoymaq, kövrək və dayanıqsız etmək, hər cür hiylə ilə dirçəliş və tərəqqi nəfəsliklərini kəsmək, «bizdən olmayan» çoxluğu ruhsuz, qəlbsiz-ürəksiz monstr-mənəviyyatsızlıq burulğanında boğmaq, ali varlıq deyilən insanı pyedestalından salmaq, bayağı deyib-gülən, zövqsüz və idraksız məxluqa çevirmək məqsədi güdüb. Millətləşmə, bütövləşmə, demokratikləşmə arzusunda olan toplumlara nəbadə belə imkanlar yaratmaq, əksinə, bu arzu-eşqdən daha da uzaqlaşdırmaq, elə etmək ki, məzlum xalqlar yerimək əvəzinə taytılasınlar, danışmaq əvəzinə kəkələsinlər, dərindən düşünüb, çıxış yolu tapmaq əvəzinə məlul-məlul faciələrini seyr edib elə öz zalımlarından da imdad diləsinlər.

Məqsəd güdülürsə, deməli, ona hədəflənən vəzifələr kompleksi həyata keçirilməlidir. İlk növbədə, Stalinin məşhur «Kadrlar hər şeyi həll edirlər!» düsturunu rəhbər tutaraq elə etmək ki, hədəfə alınan ölkələrdə idarəetmənin bütün mühüm «nöqtə»lərində tamamilə mahiyyətə cavab verməyən şəxslər əyləşsinlər, kifayətdir ki, mümkünsə, «bizim dildə», yəni, ingiliscə danışsınlar. Məsələn, elə nazirlər olmalıdır ki, düşünən insanlar (hələ varsa!) onların elə simasını, guya ana dilində danışmalarını, cümlə qurub-bitirmələrini, heç bir standarta sığmayan «dəmir məntiq»lərini, anadangəlmə və qazanılan idarəetmə məharətlərini görüb, ata-baba yurdlarına, tarixi torpaqlarına, üstəgəl, canlarına, sağlamlıqlarına, az-çox dözüləsi güzəranlarına əlvida desinlər, təmiz suya-havaya, ərzağa tamarzı qalsınlar. Təki oliqarxik liberalizmin, spekulyativ-sələmçi kapitalizmin tələb-vəzifələri ödənilsin! Belə olan halda, millətləşmə gərəyi necə baş tuta bilər?

«Millət», hər şeydən öncə, siyasi-hüquqi, tarixi-mədəni birlik formasıdır; onun vahid hüquqi məkanı, siyasi və dövlətçilik mədəniyyəti, ictimai tərəqqi və ümumi mənafe amalına söykənən idarəetmə fəlsəfəsi, mənəvi adət və ənənələri olur. Deməli, millətləşmə, başlıca olaraq, siyasi və hüquqi şüur səviyyəsində yüksək tarixi-mədəni-mənəvi birlik formasının mövcudluq üsuludur. Millətləşmə - etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə - əqli-intellektual, ruhi və fiziki gümrahlaşma, intibaha qovuşma yoludur. Bu intibah millətin hüquq və şərəfini müdafiə etməyə qadir güc, bir-birinə və dünyaya hörmət, məhəbbət deməkdir. «Millət»in öz fəlsəfəsi və ideoloji baxış bucağı, məfkurə suverenliyi olur, koqnitiv dissonaslıq burulğanında vurnuxmur.

Aydındır ki, kapital dünyasını pretorlarının qulluğunda dayanan muzdlu alimlər, strateji mərkəzlər bunu yaxşı bilirlər və ona görə də prioritet məqsəd elmi, siyasi, hüquqi, sosial-iqtisadi və mənəvi mühitə nizamsızlıq, destruksiya toxumu səpməkdən ibarət olur. Daxili xaosa, məsuliyyətsizliyə, vicdansızlığa, insafsızlığa, bir sözlə, çoxölçülü ictimai entropiyanın püskürməsinə yol açmaq; rüşvət və korrupsiyaya, vəzifədən sui-istifadələrə, məmur özbaşınalığına rəvac verərək məhkəmələri siyasi justisiya alətinə, hüquq-mühafizə orqanlarını – basqı, təqib, təhdid, hücum, işgəncə, aşağılama, divan tutmaq, şil-küt etmək sisteminə çevirmək qayğısı xüsusi diqqətə alınır. Yəni, bütün bu cəbbəxananı insanın şərəf və ləyaqətinə qəbir qazan generatora çevirmək, vəziyyəti elə həddə çatdırmaq ki, «ədalət» deyilən şey nəinki siyasi-hüquqi, sosial-iqtisadi, əxlaqi-mənəvi sahələrdə, ümumən, hər yerdə və hər zaman cəlayi-vətən olsun. «Ədalət, haqq istəyirəm!» deyən kəsin dili kəsilsin, son tikəsi əlindən alınsın, doğulduğuna peşman olsun.

Bütün bu «gözəllik»lərə «soyuq müaribə»dən şikəst, yarıcan çıxıb və bu gün qlobal kapitalizmin ən iyrənc təmsilçilərindən olan Rusiyanın, qara nəfəsli qırmızı Kremlin durmadan artan revanşizmini, şovinizmini, yırtıcılığını, yerə-göyə sığmayan fitnəkarlığını nəzərə alsaq, vəziyyətin «yeni demokratiyalar» üçün nə qədər ağır olduğu tam aydınlaşar. Beynəlxalq münasibətlər sisteminin hal-hazırda ən təhlükəli hissəsi olan bu ölkədən qorunmaq təxirəsalınmaz ümdə məsələlərdən biridir.

P.S. BMT-nin 70 illiyinə həsr olunan sessiyasında (28.09.2015) ABŞ prezidenti Barak Obamanın çıxışını dinlədikdən sonra məndə bir ümid, xoş ovqat yarandı. O, çıxışında qlobal siyasi arxitektura üçün fundamental epistemiloji sistem təklif etmədisə də, bir sıra mütərəqqi, ümidverici müddəalar ortaya qoydu, fəaliyyət prinsipləri irəli sürdü. Düşünmək olar ki, bütün bəşəriyyətə hesablanan bu çıxış (əgər deyilənlər səmimidirsə!) öz müsbət təsirini göstərəcək. (strateq.az)

 





29.01.2016    çap et  çap et